Məhkəmə qərarları › İş №2(006)-349/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-349/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-349/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3 və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3 və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, 6.600 manat sığorta məbləğinin və 30 manat dövlət rüsumunun ona veriilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət X2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin mart ayından Naxçıvan MR DİN-də polis leytenantı olaraq fəaliyyətə başlamışdır. Naxçıvan MR-in ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir, müharibə veteranıdır. 2004-cü ildə xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət, kəllə-beyin travması almışdır. Bir tərəfli paraliç olmaqla, ürək çatışmamazlığından, ürək damarlarının genişlənməsindən, təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün 2005-ci ilin mart ayından İİ qrup əlil olaraq polis mayoru rütbəsi ilə təqaüdə buraxılmışdır. O, uzun illərdir ki, hər il DİN-in hospitalında müalicə alır. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət almış müharibə veteranları Qarabağ əlilləri ilə eyni statusa malikdirlər. O, Azərbaycan Respublikası Prezidentinin Prezident təqaüdçüsüdür və hər ay 157 manat Prezident təqaüdü alır. Sığorta ödənişi ilə əlaqədar bildirir ki, daxili işlər orqanı əməkdaşlarının həyat və sağlamlığının sığortalanması Azərbaycan Respublikasının «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari sığortası haqqında» xx xxxxxxx 1999-cu il tarixli 705-İQ nömrəli Qərarı ilə tənzimlənir. Qanunun 5-ci maddəsində məhkəmə hüquq-mühafizə orqanları işçilərinin vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) almasının sığorta hadisəsi hesab edilməsi təsbit edilmişdir. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin (o cümlədən daxili orqan işçilərinin) sığortaçısı dövlət sığorta orqanıdır (dövlət sığorta orqanı - Azərbaycan Respublikası Dövlət X5). Həmin Qanunun 7-ci maddəsində sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələrinin dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışının təqdim edilməsi müəyyənləşdirilmişdir. xx xxx 1997-ci il tarixdə 296-İQ nömrəli «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanun qəbul edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində Qarabağ müharibəsində şəhid olmuş ailələrin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində bir çox sərəncam və qərarlar olmuşdur. 2006-cı ildə verilən qərara əsasən şəhid olmuş şəxslərin ailəsinə sığorta pulu 11.000 manat məbləğinə qaldırılmışdır. İ qrup əlil olanlara həmin məbləğin 80 %-i 8.800 manat, İİ qrup əlil olanlara məbləğin 60 %-i 6.600 manat, İİİ qrup üçün Qarabağ əlillərinə məbləğin 40 %-i 4.400 manat ödənilməlidir. O, həmin sığorta pulunu almamışdır və hesab edir ki, həmin məbləğ 6.600 manat icbari sığorta pulu ona sığorta şirkəti tərəfindən ödənilməlidir. O, ərizə ilə Azərbaycan Respublikası Dövlət X3 müraciət etmişdir. Şirkət ona imtina məktubu göndərmiş və həmin məktubda göstərmişlər ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 3 il keçənədək sığorta ödənişinin alınması üçün müraciət edə bilərdi. Milli Məclisin qərarlarına və göstərişlərinə əsasən hərbçilərin, şəhid ailələrinin, müharibə veteranlarının bu məbləğləri almaları üçün nəzərdə tutulan 3 il müddəti ləğv edilmiş və müddətsiz olaraq bildiyi müddətdə müraciət edib həmin məbləğləri ala bilərlər. Məbləğlərin verilməsində 3 il məhdudiyyət aradan qaldırılmışdır. Polis əməkdaşları xx xxxxxxxx 2005-ci ilə kimi «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun şərtlərinə əsasən sığorta olunur. Göründüyü kimi o, 2005-ci ilin aprel ayına qədər xidmətdə olmuşdur, öz xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət aldığından təqaüdə İİ qrup əlil olaraq buraxılmışdır. xx xxx 2016-cı il tarixdə sığorta ödənilməsinə dair dövlət qərar qəbul etmişdir və ödənişlərin alınması müddətsizdir. Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin də bu ilk iş üzrə qərarı da vardır. xx xxxxxx 2015-ci il tarixdə Milli Məclisdə baxılaraq qərar qəbul edilmişdir ki, 2016-cı ildən şəhid ailələrinə və Qarabağ əlillərinə sığorta pulları ödənilsin. Bu səbəbdən, iddia əizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddiası tam əsassızdır və rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Hərbi qulluqçuların icbari sığorta qaydaları «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Hərbi qulluqçuların icbari sığorta qaydalarını müəyyən edən və tənzimləyən xx xxx 1997-ci il tarixli «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən (xx xxxxxxxx 2005-ci il tarixədək) polis əməkdaşları qeyd olunan qanunun şərtlərinə uyğun sığorta olunurdular. Həmin Qanunun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunan və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüquqları vardır. Sənədlər təhlil edilərkən müəyyən olunmuşdur ki, İddiaçı 2005-ci ilin aprel ayında DİO-dan xaric olunmuşdur və həmin Qanunda nəzərdə tutulmuş 3 il müddətini ötürmüşdür. Göründüyü kimi, sığorta hadisəsinin baş verdiyi vaxt və ondan 3 il sonrakı dövr ərzində Qanunun qeyd olunan norması qüvvədə olmuşdur. İddiaçı sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı 2018-ci ildə, yəni DİO-dan xaric edildiyi vaxtdan 13 il sonra müraciət etməsini nəzərə alaraq, iddiaçı mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan hüquq normasını pozmuş, yəni Qanunda nəzərdə tutulan 3 illik «kəsici» müddəti ötürmüşdür. Həmin müddət ərzində müvafiq tələblə Şirkətə müraciət etməyən iddiaçı artıq bu hüququnu itirmişdir. Beləliklə, İddiaçı DİO-dan xaric olunduğu gündən 3 il müddətində deyil, 13 il sonra müraciət etdiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 98, 113 (İİ), 120 (İİ) -ci maddələrinə, Mülki Məcəllənin 922.1, 922.2, 935.1.8, 935.1.10-cu maddələrinə istinad edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 1993-cü ilin mart ayından Naxçıvan MR DİN-də polis leytenantı olaraq fəaliyyətə başlamışdır. Naxçıvan MR-in ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. 2004-cü ildə xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət, kəllə-beyin travması almışdır. Bir tərəfli paraliç olmaqla, ürək çatışmamazlığından, ürək damarlarının genişlənməsindən, təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün 2005-ci ilin mart ayından İİ qrup əlil olaraq polis mayoru rübtəsi ilə təqaüdə buraxılmışdır. İddiaçı Dövlət X3 ünvanladığı sığorta məbləğinin verilməsi haqqında ərizəsindən və Dövlət X2 həmin ərizəyə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2018-ci il tarixli 07-05- 574 saylı məktubundan görünür ki, İddiaçı 2005-ci ilin aprel ayında DİO-dan xidmətdən xaric olunması və müraciət müddətindən üç ildən artıq vaxt keçdiyinə görə ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Beləliklə, mübahisəsiz qaydada İddiaçı 2004-cü ildə xidməti vəzifəsini yerinə yetirən zaman aldığı xəsarət, kəllə-beyin travmasının səhhətində yaratdığı fəsadlara görə müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup əlil olması, əlillik dərəcəsinin 2004-cü ildə xidməti vəzifəsini yerinə yetirən zaman aldığı xəsarət, kəllə-beyin travmasının səhhətində yaratdığı fəsadlarla bağlı olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən 3 illik müddətin ötürülməsinin səbəbi üzrlü hesab edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X1 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən 3 illik müddətin ötürülməsinin səbəbi üzrlü hesab edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X1 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar