Məhkəmə qərarları › İş №2(006)-349/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-349/2021

12.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-349/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin ləğv edilməsi və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2704 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə görə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.404 manat 3 ay üzrə ziyan, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış aylıq ödəniş məbləğinin 1 %-i miqdarında, yəni 90 günə görə 421 manat cərimə, cəmi 1.825 manat və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 2704 saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı bir ədəd Baic D20 AT markalı, 2016-cı buraxılış ili, tipi xetçbek, rəngi qızılı, dövlət qeydiyyat nişanı ** PK *** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. Bağlanmış müqavilənin 4.1ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 30.370 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən tərəflər ilkin ödəniş 2.290 manat olmaqla qalan 28.080 manat məbləği 60 ay bərabər hissələrə bölünməklə hər ay üzrə 468 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2022-ci il tarixini müəyyən etmişdirlər. İddiaçı müqavilənin 5.2-ci yarımbəndinə əsasən avtomaşını cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 10.296 manat ödəniş etmişdir. O da ümumi 22 ay dövrü əhatə edir. 2019-cu ilin iyul ayından etibarən 9 ay cavabdehin İddiaçı MMC-yə borcu yaranmışdır və bununla da iddiaçıya 17.784 manat əsas borcu qalmışdır. Cavabdeh 9 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 468 manat məbləği, cəmi 4212 manatı ödəməmişdir. Cavabdehə dəfələrlə müxtəlif vaxtlarda telefon zəngləri edilsə də, ödəniş etməkdən yayınmışdır. Cavabdehə müqavilə şərtinə riayət etmək, aylıq ödənişləri ödəmək, yəni müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək təklif olunmuşdur. Lakin o, öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh avtomobili etibarnamə olmadan idarə etdiyinə görə və avtomobil ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olduğundan cəmiyyətin tələbi əsasında avtomobil xx.xx.2019-cu il tarixdə cəmiyyətə gətirilmişdir. O, avtomobili 3 ay müddətinə istifadə etdiyi dövrdə 1404 manat borcu qalmışdır. Beləliklə, cavabdeh müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyərək müqavilə qüvvədə saxlanılmaqla onlara ziyan vurmaqda davam edir. Eyni zamanda cavabdeh həmin gecikdirilmiş məbləğə görə hər gün üçün əlavə 1 % olmaqla, 90 günə görə 421 manat ödəməlidir. Eyni zamanda 2704 saylı, xx.xx.2017-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” Cavabdeh2 zamin durmuş tərəflər arasında eyni tarixdə bağlanmış “Zaminlik müqaviləsi”nə əsasən Cavabdeh1 “Satıcı” qarşısında öhdəlik daşıyır. Zaminlik müqaviləsinə əsasən “Zamin” “Satıcı” qarşısında “Borcödəyənin” müqavilə üzrə öhdəliyi ilə əlaqədar məbləğ həcmində məsuliyyət daşıyır. Eyni zamanda cavabdehlər iddiaçıya əsas borcdan başqa əlavə hər növbəti aydan sonra həmin ay üçün ödənilməmiş məbləğə gecikdirilmiş hər gün üçün cərimə ödəməlidirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İddiaçının nümayəndəsi X2 işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 Əliman qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2704 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 Əliman qızı İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 30.370 manat dəyərində “Baic D20 AT” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşını əldə etmiş və ilkin ödəniş 2.290 manat etməklə qalan məbləği 60 ay müddətinə hər ay 468 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci və 4.3-cü bəndlərinə görə “alıcı” ödəniş cədvəli üzrə ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1 %-i həcmində, növbəti aylar ərzində gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2 %-i həcmində cərimə ödənilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2704.1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 2704 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər tam icra edilənədək zamin borcödəyən ilə birlikdə satıcı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 Əliman qızının xx.xx.2017-ci il tarixində bağlanmış 2704 saylı müqavilə üzrə əsas məbləğ üzrə qalıq borcu 1404 manat, cərimə borcu 421 manat olmaqla, cəmi 1825 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pretenziya məktublarından görünür ki, cavabdehlər borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 606.1-ci maddəsinə əsasən, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 Əliman qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2704 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Əliman qızı İddiaçı MMC-dən 30.370 manat dəyərində “Baic D20 AT” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşını əldə etmiş və ilkin ödəniş 2.290 etməklə qalan məbləği 60 ay müddətinə aylıq 468 manat olmaqla İddiaçı MMC-yə ödəməyi, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2704.1 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Əliman qızı xx.xx.2017-ci il tarixli, 2704 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər tam icra edilənədək zamin borclu ilə birlikdə satıcı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlər müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmalı olduqları pul məbləğini iddiaçıya qaytarmayaraq öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan maliyyə arayışına əsasən borclular tərəfindən İddiaçı MMC-yə ödənilməli 1404 manat əsas borc, 421 manat cərimə borcu olmaqla, cəmi 1825 manat borcun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehlər alqı-satqı və zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etmədiklərindən İddiaçı ilə Cavabdeh2 Əliman qızı arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməli, borc cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017ci il tarixli, 2704 saylı alqı-satqı müqaviləsi ləğv edilməli, 1404 manat əsas borc, 421 manat cərimə borcu, cəmi 1825 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Məmmədova (Lətifova) Nuranə Əhliman qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2704 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. 1404 (min dörd yüz dörd) manat əsas borc, 421 (dörd yüz iyirmi bir) manat cərimə borcu olmaqla, cəmi 1825 (min səkkiz yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar