Məhkəmə qərarları › İş №2(006)-350/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-350/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-350/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 6.600 manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 9 saylı şəhər poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə edilmiş və bu barədə göndəriş "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"-nə daxil edilmişdir. Həkim komissiyasının verdiyi rəyə əsasən hərbi xidmət dövründə aldığı xəsarət nəticəsində onda hipertanik davranış pozuntusu və kəskin ifadəli davranış pozuntusu formalaşmış, nəticədə ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 01.08.2019-cu il tarixdə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra o, hərbi xidmət dövrü ilə bağlı əllilik dərəcəsi almağı ilə əlaqədar olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi məqsədilə Dövlət Sığorta Şirkətinə müraciət etmişdir. Dövlət Sığorta Şirkətinin 11.09.219-cu il tarixli 07/07-769 saylı məktubu ilə ona qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtinanı qanunsuz və əsassız hesab edir. Cavabdeh Dövlət Sığorta Şirkəti ona əlillik dərəcəsinin hərbi xidmətdən tərxis olunmağından 3 il müddət keçdikdən sonra təyin edilməsini əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bununla bağlı qeyd edir ki, ona müvafiq əllilik dərəcəsinin təyin edilməsi məqsədilə həkim məsləhət komissiyası tərəfindən 0069003AACJZ nömrəli bildirişlə 11.06.2019-cu il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etsə də, sonuncu dövlət səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulması əsası ilə, yəni onun təqsiri olmadan, müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra həkim məsələhət komissiyası tərəfindən 069003AACLS nömrəli bildirişlə 27.07.2019-cu il tarixdə yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edilmiş və 29.08.2019-cu il tarixdə komissiya tərəfindən ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında etiraz ərizəsi təqdim etdi və onun məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “ H ə r b i qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən aldığı İİ dərəcəli əlillik qrupuna görə 6.600 (altı min altı yüz) manat sığorta məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı K.Məmmədov iddia tələbini onunla əsaslandırır ki, o. 12.09.2011-ci ildən 25.08.2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə xəstələnmişdir. Bunu əsas tutaraq ona sığorta ödənişi ödənilməlidir. Hesab edirlər ki, İddiaçı bu iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 3.2.-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı K.Məmmədovun sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı 2016-cı ildə, yəni Silahlı Qüvvələrindən tərxis olunduğu vaxtdan 3 il 4 gün sonra müraciət etməsini nəzərə alaraq, iddiaçı mübahisəli hüquq münasibətlərini yarandığı vaxt qüvvədə olan normasını pozmuş, yəni Qanunda nəzərdə tutulan 3 illik "kəsici” müddəti ötürmüşdür. Həmin müddət ərzində müvafiq tələblə Şirkətə müraciət etməyən iddiaçı artıq bu hüququnu itirmişdir. Digər tərəfdən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən: Hərbi qulluqçuların icbari sığorta qaydalarını müəyyən edən və tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "e" bəndinə görə hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma. kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma. kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə — 80 faiz; İİ qrup əlilliyə görə — 60 faiz ; İll qrup əlilliyə görə — 40 faiz; məbləğində sığorta ödənişi verilir: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən İddiaçı 2-ci qrup əlillik təyin edilmişdir. Həmin arayışdan görünür ki, İddiaçı təyin edilən 2-ci qrup əlillik hərbi xidmətdən tərxis olunandan 4 gün sonra verilmişdir. Baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd olunan zəruri hallar baş verməlidir: Baş vermiş hadisə hərbi qulluqçunun hərbi xidməti vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində baş verməlidir. Baş vermiş hadisə nəticəsində hərbi qulluqçu həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmalıdır. Yəni, ehtiyata və ya istefaya buraxılmasının səbəbi hərbi xidməti vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə aldığı xəsarət və ya xəstəlik olmalıdır. Ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar sığorta olunana əlillik üç il müddətində təyin olunmalıdır. Hadisənin sığorta hadisəsi hesab olunması üçün əlilliyin 3 il müddətində təyin olunması şərti qanunverici tərəfindən təsadüfən müəyyən edilməmişdir. Belə kı, hərbi xidmətlə əlaqədar əlillik, hərhi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də Qanunda 3 il müddət keçdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. Əilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Beləliklə, İddiaçı əlillik tərxis olunduğu gündən 3 il müddətində deyil, 3 il 4 gün sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Çünki bu hadisə 3 il müddətində baş vermədiyi üçün sığorta təminatına aid deyildir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1993cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Axura kəndində doğulmuşdur. Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, İddiaçı ikinci qrup əlillik dərəcəsi almışdır. Diaqnoz: “Şəxsiyyətin emosional-davamsız pozuntusu. Kəskin ifadəli davranış pozuntusu və tez-tez baş verən dekompensasiyalarla. Hiperkinetik davranış pozuntusu. Kəskin ifadəli davranış pozuntusu”. Əlilliyin səbəbi: “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” . Qeyd olunan məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədardır. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin 11.09.2019-cu il tarixli 07-07-769 saylı məktubundan görünür ki, iddiaçının haqlı tələbi təmin edilməmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. Məhkəmə hesab edir ki, iddiaçı 2-ci qrup əlil kimi 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində “3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” deyiləndə əlilliyə əsas olan vəziyyətin 3 il ərzində yaranması nəzərdə tutulub. Belə ki, əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Əgər əlilliyə əsas olan vəziyyət 3 il ərzində yaranıbsa, lakin əlillik 3 ildən sonra müəyyən olunubsa, bu halda da sığorta olunan əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququna malikdir. Çünki, “əlilliyin müəyyən edilməsi” deyildikdə əlilliyə əsas olan vəziyyətin səlahiyyətli dövlət orqanı tərəfindən tanınması və təsdiq edilməsi başa düşülür. Sığortanın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. Sığorta olunan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlilliyə əsas olan vəziyyət mövcud ola bilər, lakin bu vəziyyət müxtəlif səbəblərdən (əlil olan şəxsin “əlil statusu almaq hüququndan məlumatsız olması, əlilliyi təyin etməli olan vəzifəli şəxsin hərəkətsizliyi və s.) 3 ildən sonra müəyyən oluna bilər. İddiaçının əlilliyinə əsas olan vəziyyət 21.07.2016-cı il tarixində, yəni onun travma aldığı tarixdə yaranmışdır. Ona görə də 2-ci qrup əlilliyin nə zaman müəyyən edilməsindən asılı olmayaraq iddiaçı 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. İddiaçının İİ qrup əlil olması, əlilliyi hərbi vəzifələrini yerinə yetirərkən almış olduğu travma nəticəsində alması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar