Məhkəmə qərarları › İş №2(006)-3501/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3501/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3501/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin və işlərin görülməsi xərcinin ödənilməsi” iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin və işlərin görülməsi xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 1500 (min beş yüz) manat sığorta ödənişi məbləğinin, 500 (beş yüz) manat işlərin görülməsi xərcinin, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 2030 (iki min otuz) manat məbləğində pulun Cavabdeh tutulub “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 07.06.2018-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Volkswagen Jetta” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh qeyd edilən nəqliyyat vasitəsini 09.11.2018-ci il tarixdə idarə edərkən Bakı-Salyan şossesində yol-nəqliyyat hadisəsi törətməklə X1 az ağır zərər vurmuşdur. Zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən 1500 (min beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Səbail rayon polis idarəsi təhqiqat şöbəsinin “xxxx” ASC-yə təqdim etdiyi 08.12.2018-ci il tarixli, 06530044-1218 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və nəticədə zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı “xxxx” ASC lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin etməmiş. məhkəməyə daxil olmuş ərizədə iddianın müdafiə edildiyi, işə nümayəndənin iştirakı olmadan baxılmaqla iddianın təmin edilməsini xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan 07.06.2018-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Cavabdeh sahibliyində olan “Volkswagen Jetta” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də icbari sığorta olunmuş, müqavilə 07.06.2019-cu il tarixindən 07.06.2020-ci il tarixinədək qüvvədədir. Sığorta məbləği 5000 manat təşkil edir. Mülki işin materiallarında olan 25.12.2018-ci il tarixli 818918 AA-753818 saylı sığorta aktından görünür ki, Cavabdeh tərəfindən idarə etdiyi “xxxx” ASC tərəfindən sığorta olunmuş “Volkswagen Jetta” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili 09.11.2018-ci il tarixdə idarə edərkən Bakı-Salyan şossesində yol-nəqliyyat hadisəsi törətməklə X1 az ağır zərər vurduğuna görə X2 adına olan hesab nömrəsinə 1500 (min beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Mülki işin materiallarında olan 25.12.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, ödəyici “xxxx” ASC tərəfindən 818918 AA-753818 saylı sığorta aktına əsasən PAA********** sığorta şəhadətnaməsi üzrə sığorta ödənişinə əsasən X2 adına 1500 (min beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Mülki işin materiallarında olan “xxxx” ASC-nin Cavabdeh ünvanladığı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, sığorta olunmuş “Volkswagen Jetta” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə törətdiyi yol nəqliyyat hadisəsinə görə ödənilmiş 1500 (min beş yüz) manat sığorta ödənişinin, 500 (beş yüz) manat işlərin görülməsi xərcinin ödənilməsi barədə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan Səbail rayon polis idarəsi təhqiqat şöbəsinin 08.12.2018-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışından görünür ki, Cavabdeh idarə etdiyi “Volkswagen Jetta” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə 09.11.2018-ci il tarixdə Bakı-Salyan şossesində yol-nəqliyyat hadisəsi törətmişdir. Mülki işin materiallarında olan notariat qaydada təsdiq edilmiş Gürcüstan DİN Xidmət Agentliyi tərəfindən verilmiş AA seriyalı 008095 №-li beynəlxalq sürücülük icazəsindən görünür ki, Cavabdeh 21.03.2017-ci il tarixdə sürücülük üçün icazə verilmiş, müddəti 21.03.2020-ci il tarixinədəkdir. Mülki işin materiallarında olan Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı Anar Hacıyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05.12.2018-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Cavabdeh Oleqoviçin idarə etdiyi “Volkswagen Jetta” markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobillə 09.11.2018-ci il tarixdə Bakı-Salyan şossesində yol-nəqliyyat hadisəsi törətməklə X1 az ağır zərər vurması ilə əlaqədar onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi əlamətləri müəyyən edilmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti onun barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispozisiyasında qeyd edilmişdir ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaranır. Görünüdüyü kimi təhqiqat materiallarında iddiaçının mübahisələndirdiyi “cavabdehin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs sayılması və buna görə məsuliyyətə cəlb edilməsi” barədə hər hansı bir fakt öz əksini tapmamışdır. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə alıb. Cavabdeh hadisə vaxtı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında idarə edib. İddiaçı cavabdehin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs sayılması barədə dəlilini iddia etsə də cavabdeh səlahiyyətli orqan tərəfindən verilmiş beynəlxalq sürücülük icazəsi əsasında Azərbaycan Respublikasında 21.03.2020-ci il tarixinədək nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin 2-ci hissəsinin 2-ci cümləsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir.” “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində qeyd edilmişdir ki, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehdən 1500 manat sığorta ödənişi ilə bağlı hissədə sübut təqdim etmiş, lakin 500 manat işlərin görülməsi xərcinin tutulmasını iddia etsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh yol-nəqliyyat hadəsi baş verdiyi vaxt, yəni 09.11.2018-ci il tarixdə səlahiyyətli orqan - Gürcüstan DİN Xidmət Agentliyi tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasında nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Vəsiqənin dəyişdirilməməsi hüququn olmaması demək deyil, əgər belə olsaydı, qanun “hüququna malikdir” ifadəsindən deyil, “hüququna malik deyil” ifadəsindən istifadə edərdi. Digər tərəfdən, hüquqi məntiqə görə sığorta sahəsində “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs” deyildikdə nəzəri biliklərinə, təcrübi biliklərinə və sağlamlıq vəziyyətinə görə avtomobil idarə etmək iqtidarında olmayan şəxs başa düşülür. Çünki, belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır, sığorta hadisəsi baş verdikdə sığortaçı sığorta ödənişi verməli olur, son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Lakin cavabdeh nəzəri biliklərinə, təcrübi biliklərinə və sağlamlıq vəziyyətinə görə avtomobil idarə etmək iqtidarındadır, bunu Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi təsdiq edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən,iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə iddiaçı “xxxx” ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı “xxxx” ASC-nin iddia tələbi təmin edilmədiyindən, ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “sığorta ödənişi məbləğinin və işlərin görülməsi xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxx” ASC-yə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar