Məhkəmə qərarları › İş №2(006)-3516/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3516/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3516/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ona hərbi qulluqçu kimi dövlət icbari şəxsi sığorta üzrə sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İİ qrup əlil kimi Dövlət Sığorta kommersiya Şirkətinə müraciət edərək, hərbi qulluqçu kimi dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsini xahiş etmişdir. Şirkət sədrinin birinci müavini A.Hacıyev 4 noyabr 2021-ci ildə ona rəsmi cavab verərək 5 rəsmi sənədin təqdim etməsini bildirmişdir. Həmin sənədlrəi hazırlayıb şirkətə təqdim etmişdir. Şirkət sədrinin müavini M.Fərəcov 20 dekabr 2021-ci il tarixli xx-xx-1708 saylı cavabla müraciətindən imtian etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, o, 2001-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur və bundan 3 ildən artıq müddət keçdikdən sonra, 2014-cü ildə İİ qrup əlillik dərəcəsi almışdır. Ona görə də sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Hesab edir ki, imtina tam qanunsuz və əsassızdır. Belə ki, təqdim etdiyi 18 may 2001-ci il tarixli 779 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, o, xəstəliyi hərbi xidmət dövründə almışdır və hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. Əlilli xx.xx.2014-cü ildə təyin olunmuş və sığorta ödənişini də almamışdır. O, öz səhhətilə məşğul olub yaşamaq üçün mübarizə aparmışdır. Sığorta ödənişini də öz hayında olduğu üçün vaxtında tələb etməmişdir. Əslində bunu o tələb etməli deyilid, dövlət orqanları özləri həll etməli idi. Şirkət isə müraciətini həll etmək əvəzinə ona qanunsuz cavab verməklə öz işini bitmiş hesab etmişdir. Cavabdeh onun qanuni tələbini icra etmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ikinci dərəcəli əlil olduğuna görə ona 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı tərəfindən ərizəyə əlavə olunmuş sosial arayışa əsasən, iddiaçının əlilliyinin müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. İddiaçının məhkəməyə müraciət etdiyi zaman, habelə məhkəmə baxışı gedişində əlilliyinin mövcud olmaması və ya ləğv edilməsi qanunvericiliyə və apellyasiya instansiyası məhkəməsinin də formalaşdırdığı praktikaya uyğun olaraq sığorta hadisəsi hesab edilmir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinin “ç” bəndinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda); ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən ağır, az ağır və ya yüngül xəsarət aldıqda. Hazırkı iş üzrə iddiaçının əlilliyinin mövcud olmaması, qanunvericiliyə əsasən, sığorta hadisəsi hesab edilmədiyindən, Qanunun 8.1.3-cü maddəsinə əsasən, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilir. Belə ki, Qanunun istinad olunan maddəsinə uyğun olaraq, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Bildirilir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə təcrübəsinin vahidliyi prinsipi də nəzərə alınmalıdır. Belə ki, iddiaçı R.M.Ə.-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3545/2022 nömrəli Qətnaməsində analoji mübahisəyə münasibət bildirilmişdir. Belə ki, iş üzrə apellyasiya baxışı gedişində məhkəmə tərəfindən iddiaçının əlilliyin hazırkı vəziyyəti ilə əlaqədar aidiyyəti quruma sorğu verilmiş, sorğuya gələn cavabla aydın olmuşdur ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman onun müddətsiz əlilliyinin mövcud olmasına baxmayaraq, şəxs yenidən müayinəyə cəlb olunmuş, müayinə zamanı “diaqnoz əlillik təyin etməyə əsas vermir” əsası ilə iddiaçının əlilliyi ləğv edilmişdir. Buna görə apellyasiya baxışı gedişində iddiaçının əlilliyi mövcud olmadığından apellyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi rədd edilmişdir. Eyni zamanda, iddiaçının hazırda əlilliyi olmuş olsaydı belə, yenə də, qanunvericiliyə əsasən, şəxsin əlilliyi sığorta hadisəsi hesab edilə bilməzdi. Belə ki, iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş sosial arayışa əsasən, şəxsə hərbi xidmət dövrü ilə əlaqədar ilk dəfə xx.xx.2014-cü ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir və maddənin “ç” bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: -1 dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz. Qanunun 1.1-ci maddəsinə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunması hallarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; Yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3- cü maddələrinə əsasən, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq İmkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Sığorta qanunvericiliyinin istinad olunan normalarına əsasən, bildirirəm ki, hərbi xidmət dövründə alınmış xəstəliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta ödənişi vermək öhdəliyini yarada bilməsi üçün sığorta olunan hərbi xidmətdən tərxis olunduğu gündən 3 il müddətində ona qeyd olunan əsasla əlillik təyin edilməlidir. Bu müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1 -ci hissəsinə əsasən, sığorta hadisəsi hesab edilmədiyinə görə, dolayısı ilə sığorta təminatına da daxil deyildir. Eyni zamanda qeyd olunan hüquqi mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin də təcrübəsi nəzərə alınmalıdır. Belə ki, iddiaçı H.H.H.-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2406/2022 nömrəli Qərarın 15-ci bəndində qeyd olunur ki, “Apeliyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi xidmət dövründə alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətidir. Baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı müəyyən olunur.” Qərarın 30-cu maddəsinə görə, “məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişinin verilməsi ilə bağlı hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldığı tarixdən 3 il müddətində əlilliyin müəyyən olunması qanunun birbaşa tələbidir. Odur ki, istinad edilən qanunun tələbi baxımından cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tam əsassız olmamışdır. Apeliyasiya məhkəməsinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 5-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş müddətin hazırkı qərarın 15-ci bəndində qeyd olunmuş formada şərh edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Qərara əsasən, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Həmçinin, Qərarda qeyd olunur ki, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Beləliklə, hazırkı mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarına və mövcud məhkəmə təcrübəsinə əsaslanaraq, Mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8329/2022 saylı, 27 may 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon şöbəsindən verilən 19 noyabr 2021-ci il tarixli, 658№-li Arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Mülki işin materiallarında olan 18 may 2001-ci il tarixli, 779№-li xəstəlik haqqında şəhadətnamənin surətində qeyd edilmişdir- “...Şikayəti ürək nahiyəsində vaxtaşırı ağrı, yüngül fiziki iş vaxtı təngənəfəslikdən və başgicəllənmədəndir. Özünü 1999-cu ilin sentyabr ayından xəstə hesab edir. Xəstəliyini soyuqdəymə ilə əlaqələndirir. Xəstəlik kəskin oynaqlarda ağrı, şişkinlik ilə başlayıb. Hərbi hissənin tibb məntəqəsində ambulator müalicə alıb...” Mülki işin materiallarında olan İddiaçı məxsus AO № ******* seriyalı Hərbi biletin surətindən görünür ki, İddiaçı 28 iyun 2001-ci il tarixdə ehtiyyata buraxılmışdır. Mülki işin materiallarında olan AR SHXÇ DX-nin Göygöl Rayon Şöbəsindən verilən 14 sentyabr 2022-ci il tarixli, 325№-li Arayışa əsasən, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2001-ci il tarixdə MN-nin MHHK-sı tərəfindən xə. Cədvəlinin İİ qr. 42a mad. əsasən (AR NK-nin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı) hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. Mülki işin materiallarında olan AR ƏHSMDN tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialı tərəfindən verilən 14 sentyabr 2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı həqiqətən də DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regional filialından Sosial X1 məlumata əsasən hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcəli əlilliyə görə ayda 130 manat məbləğində sosial müavinət alıb. Mülki işin materiallarında olan Sosial Arayışın surətindən və tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanan 20 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Ərizədən məlum olduğu kimi, İddiaçı 2001-ci il tarixdə həqiqi hərbi xidmətdən tərxis olunub və bundan 3 ildən artıq müddət keçdikdən sonra, həmin dövrdə aldığı xəstəlik ilə əlaqədar 2014-cü il tarixdə İİ qrup əlillik dərəcəsi almışdır. Buna görə də ona qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyrimümkündür. Beləliklə, iş materiallarından aydın olur ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2001-ci il tarixdə MN-nin MHHK-sı tərəfindən hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmiş və xəstəliyi ilə əlaqədar olaraq ehtiyata buraxılmışdır. xx.xx.2014-cü il tarixdə İİ qrup əlillik dərəcəsi almış və xx.xx.2021-ci il tarixdə isə onun əlillik müddəti bitmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), səhhəti korlamaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 151-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir; 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir; 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. 7-ci maddəsinə əsasən, Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi; b) əlillik halında: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 18 may 2001-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq ehtiyata buraxılmışdır. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında imtina edir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının əlilliyini təsdiq edən sənədlər və beləliklə iddianın təmin olunmasına əsas verən digər hallar müəyyən edilmədiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar