Məhkəmə qərarları › İş №2(006)-3519/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3519/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3519/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi X7 qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X3 uşağın saxlanılması üçün sabit pul məbləğində hər ay 235 manat alimentin tutulması, az yaşlı uşağın saxlanılması üçün anaya əlavə 150 manat alimentin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı qeyri-rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə qurmuşdur. Faktiki nikahdan bir övladı - xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Atalığın müəyyən edilməsi və oğlunun atasının soyadının almasına baxmayaraq Cavabdeh övladına aliment verməkdən imtina edir. Övladı yeni doğulduğu üçün onun xərclərini tək qarşılamaqda çətinlik çəkir. Cavabdeh ilkin mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da sessiyada iştirak etməmişdir. Cavabdehin etirazı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazla müraciət edərək göstərmişdir, Cavabdeh oglu xx.xx.2018-ci ildən "xxxx" MMC də maliyyə məsələləri üzrə direktor vəzifəsində işləyir. Aylıq əmək haqqının məbləği 410 manat təşkil edir. İddiaçı isə Bakı şəhəri Nizami rayonu ərazisində Asan Xidmət Mərkəzində qaz satışı bölməsində işləyir və iddiaçının aylıq əmək haqqı 1200 manat təşkil edir. İddiaçı ilə maddi imkanlarını cəmləyib xx.xx.2020-ci il təvəllüdlü uşağını- Cavabdeh saxlayırdı. Odur ki, iddiaçı hazırkı vaxta qədər ondan məhkəmə qaydasında aliment tələb etmirdi. İddiaçının iş yeri və aylıq əmək haqqının 1200 manat oldugu barədə məlumat iddia ərizəsində qəsdən məhkəməyə verilməmişdir. İddiaçının əmək haqqının məbləginin portal üzərindən yoxlanılıb müəyyən edilməsini və ya məhkəmə sorğusu ilə araşdırma üçün tələb edilməsini zəruri hesab edir. Uşağın saxlanılması üçün aliment verməkdən imtina etməyi barədə iddianın dəlili həqiqətə uygun olmamaqla yalandır. Belə ki, İddiaçı ilə aralarında qısqanclıq zəmnində baş vermiş mübahisə nəticəsində faktiki olaraq ayrı yaşayırlar. Ayrı yaşadıqlarına baxmayaraq oğlu Sultanı tez-tez gəzintilərə aparırdı, onun tərbiyəsi, istirahəti ilə məşgul olurdu. Uşağının saxlanılması üçün iddiaçıya maddi imkanı səviyyəsində pul vəsaiti verirdi, valideynlərinin maddi köməkliyi də olurdu. Son vaxtlardır iddiaçı valideynlik hüquqlarından sui-istifadə etməklə uşağıyla ünsiyyətinə maneələr yaradır, onu “uşaqla imtahana çəkməklə” ondan yüksək aliment məbləği tələb etməyə başladı. Aylıq əmək haqqının məbləgi 410 manat olduğunu, başqa yerdən gəliri, qazancı olmadıgını bildiyi halda hazırda iddiaçı hüquqdan sui-istifadə etməklə ondan hər uşaga görə 235 manat aliment və özü üçün isə 150 manat aliment tutulmasını tələb edir. Yararlanmaq niyyətindədir. Qanunla uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğin uşaqdan ayrı yaşayan yalnız ata və ya ana tərəfindən ödənilməsi nəzərdə tutulmamışdır. Uşaqların saxlanması üçün zəruri olan pul vəsaitin ana, həm də ata tərəfindən sərf edilməlidir və uşaqların saxlanılması ilə bağlı xərcləri də bərabərdir. Nəzərə alınsa ki, “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu 235 manat məbləgində müəyyən edilmişdir. Bir uşagın saxlanılması ilə əlaqələndirildikdə həmin məbləğin yarı hissəsi 117,5 manat iddiaçı tərəfindən sərf edilməlidir. Bu, vaideynlərin uşaqları ilə bağlı hüquq və vəzifələrinin bərabərliyi prinsipindən irəli gəlir. Uşağın saxlanılması üçün zəruri olan pul vəsaitinin sərf edilməsini valideynlərindən yalnız atanın öhdəsinə qoyan məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, həm də qanunsuz və ədalətsiz olardı. Belə məhkəmə aktları ilə hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat verilmir. Maddi imkanı olduğu halda uşağına daha çox aliment ödəyər. Onun bir uşağa görə hər ay 235 manat aliment məbləği ödəməyə həqiqətən də maddi imkanım yoxdur. İddiaçı isə xx.xx.2020-ci il təvəllüdlü olan uşağının doğuldugu gündən üç il müddət keçdiyi halda əsassız olaraq özü üçün 150 manat alimentin ondan tutulmasını tələb edir. İddia tələbi bu hissədə hesab edir ki, rədd edilməlidir. Odur ki, iddiaya etirazın dəlillərini nəzərə alaraq İddiaçı ondan 235 manat aliment tutulması barədə iddiasını qismən (yəni 117,5 manat məbləgində) təmin edilməsi, iddia tələbinin “az yaşlı uşağın saxlanılması üçün anaya əlavə 150 manat alimentin cavabdehdən tutularaq ödənilməsi” hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi, etirazda göstərilənlərə uyğun izahat verərək İddiaçı ondan 235 manat aliment tutulması barədə iddiasını qismən (yəni 117,5 manat məbləgində) təmin edilməsi, iddia tələbinin “az yaşlı uşağın saxlanılması üçün anaya əlavə 150 manat alimentin cavabdehdən tutularaq ödənilməsi” hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İV seriyalı 534577 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin faktiki münasibətlərindən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 adlı bir uşaqları var. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 14:20-14:40-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf təyin edilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İddiaç ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 42 saylıı Mənzil Kommunal İstismar Sahəsinin arayışının surətinə əsasən, İddiaçı Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 5 saylı evin 7 nömrəli mənzilində müvəqqəti yaşayır. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış İddiaçı gəli məlumatlarına əsasən, o, “Azəriqaz” İtehsalat Birliyində mühəndis vəzifəsində işləyir, əmək haqqı 98 manat təşkil edir. AR ƏƏSMN-nin X2 Sistemindən çıxarılmış xx.xx.2024-cü il tarixli iş yerindən arayışa əsasən Cavabdeh "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən maliyyə məsələləri üzrə direktor vəzifəsində işləyir, əmək haqqı 410 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: - əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; - hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; -18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki tərəflər faktiki nikah münasibətlərində olmuşlar və faktiki münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, uşaq isə faktiki olaraq anasının yanındadır. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində, habelə azyaşlı uşağın saxlanması üçün özünə əlavə 150 manat məbləğində alimentin ödənilməsini tələb edir, cavabdeh isə 410 manat əmək haqqı almasına, qanunvericilikdə uşağın saxlanılmasının hər iki valideynin borcu olaraq göstərilməsinə və uşaqla bağlı xərclərdə ata və ananın iştirakının bərabər olmasına istinad edərək tələb olunan 235 manat alimentin yarı hissəsini -117,5 manatını ödəmək iqtidarında olduğunu, uşağının doğulduğu gündən üç il müddət keçdiyindən iddiaçının özü üçün 150 manat alimentin ondan tutulması hissəsində iddianı əsassız hesab etdiyini bildirir. Məhkəmə iddianın “xx.xx.2020-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırki halda məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Cavabdehin etirazının “uşağın saxlanılması ilə bağlı xərclərdə ata və ananın iştirakının bərabər olması, buna görə də ondan 235 manat alimentin yarısının tutulmalı olması”na dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Cavabdehin etirazına əlavə etdiyi xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də maliyyə məsələləri üzrə direktor kimi 410 manat əmək haqqı alması ilə bağlı arayışa münasibətdə məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh müxtəlif illərdə (2018-2024) Antalya, Krasnoyarsk və İstanbul kimi şəhərlərə səfərini əks etdirən sərhədkeçmə məlumatlarına əsasən onun mövcud reallıq üçün kifayət qədər maliyyə imkanları olduğu halda (410 manat əmək haqqı ilə göstərilən şəhərlərə səfərin mümkünsüz olduğu nəzərə alınmaqla), uşaq üçün yaşayış minimumu həddindən aşağı həddə - cavabdehin ödəməyə razılıq verdiyi 117,5 manat məbləğində aliment ödənilməsinə cəlb edilməsi ağlabatan deyildir. Cavabdehin hüquqi şəxsin direktoru olaraq 6 il ərzində 410 manat əmək haqqı ilə kifayətlənərək yaşayışını “təmin etməsi” və onun aşağı gəlirlərə malik olması inandırıcı deyildir. Görünən hal ondan ibarətdir ki, cavabdeh məqsədli şəkildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdə alimentin ödənilməsindən yayınmaqla nəticə etibarilə yetkinlik yaşına çatmayan övladın yaşayış təminatına mənfi təsir yaradır, məhkəmə isə uşağın hüquqlarının bu cür məhdudlaşdırılmasının yolverilməz olduğunu xüsusilə vurğulayır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X8rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə iddianın “uşağın saxlanması üçün iddiaçının özünə əlavə 150 manat məbləğində alimentin ödənilməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddianın həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi), 2.3, 9.4 və 23.1-ci maddələr). Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. Məhkəmə qeyd edir ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsini nəzərdə tutan Ailə Məcəlləsinin (maddə 84-85) tələbləri baxımından bir-birinə maddi cəhətdən kömək etməklə bağlı mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Hazırkı halda tərəflər arasında rəsmi nikah münasibətlərinin olmaması və buna görə ər-arvad statusunun əldə edilməməsi həmin statusdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin qarşı tərəfdən tələb edilməsini istisna edir. İddianın həmin hissəsi ilə bağlı iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin rəsmi nikahda olduqları fərz edildiyi təqdirdə belə, Ailə Məcəlləsi 84-85-ci maddələrində göstərilən əsaslar mövcud deyildir. Belə ki, iddiaçı əmək qabiliyyətli olmaqla işləyir və maddi yardıma ehtiyacı olan şəxs deyildir və cavabdehlə ümumi uşaqlarının doğulduğu gündən üç ildən çox müddət keçmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2820 manat (235 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 48,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 48,26 (qırx səkkiz manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar