Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3545/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə 500 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi iddiaçının ehtiyaclarının ödənilməsi üçün ayda 200 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 1485 nömrə ilə qeydə alınmaqla nikaha daxil olmuş, birgə nikahlarından 9.03.2024-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabheh iddiaçı ilə uşağını tərk etmiş, heç vaxt maraqlanmamışdır. Öz həyatını yaşamağa davam edir. İddiaçı isə ailəsinin dağılmaması üçün cavabdehə dəfələrlə şans verməyə çalışmışdır. Hazırda körpəsi ilə birlikdə çətin vəziyyətdədir. Övladına təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh isə xarici ölkələrə səfər edir, maddi imkanı çox yaxşıdır. İşləyir, kifayət qədər qazancı olsa da, öz doğma övladına baxmaqdan imtina edir, sərbəst öz həyatını yaşayır. İddiaçı mediasiya təşkilatına müraciət etsə də, cavabdeh iştirak etmədiyindən, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı işləmir, gəliri yoxdur, maddi cəhətdən çox əziyyət çəkir, ona görə də dərhal aliment tutulmasına ehtiyacı vardır. Cavabdeh elektron qaydada (e-mail vasitəsilə) məhkəməyə müraciət edərək, iddiaçının ona maddi ziyan vurduğunu, 14.000 manatdan yuxarı olan borcunu ödəmək üçün dənizçiliklə məşğul olduğunu, daimi iş yeri olmadığını, birinci ailəsindən 15 yaşında bir uşağı olduğunu, atasının təzəlikcə vəfat etdiyini, anasının isə xəstə olduğunu, iddiaçıya aylıq 200 manat aliment ödədiyini, bundan sonra 235 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qismən qəbul edib bildirdi ki, cavabdeh 235 manat məbləğində aliment ödəməyə razıdır. İddiaçının özünün əlilliyə görə pensiya almasının da nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-5808/2010 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2010-cü il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 75 manat sabit pul məbləğində alimentin alınaraq uşağın anası X5 verilməsi qət edilmiş, qətnamə xx.xx.2010-cu il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2010-cu ildə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1720/2018 nömrəli icra vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 verilməsi qət edilmiş, qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2018-ci ildə icra vərəqəsi verilmişdir. Nikah haqqında AZ-İİ seriyalı 575628 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahı xx.xx.2023-cü il tarixdə 1485 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Eyvazova” soyadı verilmişdir. Doğum haqqında AZ-İV seriyalı 994739 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Bakı 13 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində pul mədaxil edilmişdir. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. Hazırda münasibətləri pozulduğundan birlikdə yaşamırlar, yetkinlik yaşına çatmayan uşaq faktiki olaraq anasının himayəsindədir. İddiaçı aliment məsələsi ilə bağlı razılığa gəlmək üçün mediasiyaya müraciət etsə də, cavabdeh keçirilmiş sessiyada iştirak etmədiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi özünün ehtiyaclarının ödənilməsi üçün ayda 200 manat alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə daimi iş yerinin olmamasının, başqa nikahdan olan uşağı üçün aliment ödəməsinin, himayəsində xəstə anasının olmasının, iddiaçının özünün əlilliyə görə pensiya almasının nəzərə alınmasını xahiş edib, hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 500 manat və uşaq 3 yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğlərində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, cavabdehin gəlirləri barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, yaşayış minimumundan artıq məbləğdə aliment və ümumi uşaqları 3 yaşına çatanadək özünün saxlanması üçün aliment tələb edən iddiaçı cavabdehin zəruri vəsaitə malik olmasını sübut etməlidir. Lakin iddiaçı bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdehin yaxşı qazanc əldə etdiyini yalnız şifahi qaydada məhkəməyə bildirmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh hər ay 235 manat məbləğində aliment ödəməyə razı olduğunu, lakin daha artığını ödəməyə imkanı olmadığını, başqa nikahdan olan bir uşağı üçün aliment ödədiyini, himayəsində xəstə anasının oluğunu və daimi iş yerinin olmadığını, iddiaçının özünün isə pensiya aldığını bildirmişdir. İş materialları əsasında cavabdehin başqa nikahdan olan uşağına aliment ödənilməsinə dair məhkəmə qətnaməsinin icraatda olması, rəsmi iş yerinin olmaması, iddiaçının isə müəyyən məbləğdə pensiya alması məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddianı qismən “235 manat aliment” hissəsində etiraf etməsini tədqiq edərək hesab edir ki, onun etirafı qanuna zidd deyildir, tərəflərin və üçüncü şəxslərin mənafelərinə xələl gətirmir, habelə yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğundur. Beləliklə, uşağın iddiaçının himayəsində qalması ona qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas verdiyini, habelə iddiaçının cavabdehin qazancı barədə sübutları məhkəməyə təqdim etməməsini, uşaqların həyat səviyyəsinin onlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumuna uyğunluğunu təmin etmək vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, iddiaçının özünün də müəyyən məbləğdə pensiya almasını, cavabdehin başqa nikahdan olan uşağına aliment ödəməsinə dair məhkəmə qətnaməsinin müvafiq icra şöbəsinin icraatında olmasını əsas götürməklə, habelə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün diqqətəlayiq digər bütün halları nəzərə alaraq və cavabdehin iddianı qismən etiraf etməsini qəbul edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 85.1, 85.1.1-ci maddəsinə görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının: 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə görə, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pulun 20 (iyirmi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, xərclərin qalan hissəsi İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1-ci maddəsinə əsasən, aliment barədə qətnamə dərhal icra edilməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pulun 20 (iyirmi) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, xərclərin qalan hissəsi İddiaçı aid edilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3545/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3545/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver