Məhkəmə qərarları › İş №2(006)-3549/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3549/2024

30.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3549/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikah Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4451/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 anaları X2 yanında qalmışdır. İddiaçıdan xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı “uşaq tələbi və aliment öhdəliyinin dayandırılması’' tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qaradağ rayonu məhkəməsi bununla bağlı xx.xx.2024-cü il tarixli, 2(002)-123/2024 saylı qətnamə çıxarmışdır. Qətnaməyə əsasən xx.xx.2011-ci il təvəllüdlü X7 iddiaçının yanında və himayəsində saxlanılmışdır. X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün mövcud olan aliment öhdəliyi ləğv edilmişdir. Uşağın saxlanması və onun ehtiyaclarının ödənilməsi qarşılanmalıdır. Cavabdeh nəinki qarşılanması, heç uşaqla belə maraqlanmır. Birgə nikahlarından doğulmuş övladlarının maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2023-cü il tarixli sərəncamına əsasən uşaqlar üçün yaşayış minimumu istəyir. Ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. 235 manat məbləğində müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən 235 manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4451/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 cavabdehin yanında saxlanılmış, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün İddiaçı ümumilikdə 350 manat pulun tutularaq Cavabdeh Elçı̇ n qızına ödənilməsi qət edilmişdir. Daha sonra hüquqlarını müdafiə etdiyi şəxs “uşaq tələbi və aliment öhdəliyinin dayandırılması” tələbi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, adıçəkilən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-123/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və xx.xx.2011-ci il təvəllüdlü X7 hüqularını müdafiə etdiyim şəxsin yanında saxlanılmaqla, onun saxlanması üçün iddiaçının aliment öhdəliyi ləğv edilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hesab edir ki, həmin uşağın saxlanılması üçün cavabdehin aliment öhdəliyi vardır. O, birgə nikahdan doğulmuş uşağı saxlamaqda iddiaçı ilə eyni dərəcədə məsuldur. Odur ki, bu halları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4451/2021 saylı qətnaməsinə əsasən pozulmuş, həmin qətnamə əsasında tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları X2 yanında qalmaları müəyyən edilsə də, sonradan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-123/2024 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 X3 yanında və himayəsində saxlanılması, X3 xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün mövcud olan aliment öhdəliyinin ləğv edilməsi qət edilmişdir. Hazırda iddiaçı onun yanında və himayəsində olan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən aliment tələb edir.

b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. 8.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 28 avqust 2021-ci il tarixdə verilən AZ-İ seriyalı, 389454 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X6 arasında bağlanmış nikaha 16 avqust 2021-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 28 avqust 2021-ci il tarixdə 265 nömrə ilə qeyd edilmişdir. 9.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4451/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə X6 arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 236 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları X2 yanında qalmaları, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. 10.Mülki işin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(002)-123/2024 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 X3 yanında və himayəsində saxlanılması, X3 xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün mövcud olan aliment öhdəliyinin ləğv edilməsi qət edilmişdir. 11.Mülki işin materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir (Mediator:E.Məmmədov).

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 13.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 14.Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 15.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 16.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 17.Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 18.Hazırki iş üzrə İddiaçı alimentin tutulması barədə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. 19.Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini və onun saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixindən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 22.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 25.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 27.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixindən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar