Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3554/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, iddiaçı «MuğanBank” ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 821.24 manat, faiz borcu 7.18 manat, cəmi 828.42 manat və ödənilmiş 30 (otuz) manat iddiaçı «Muğanbank" ASC-nin xeyrinə tutulması və 12.07.2019-cu il tarixli, 10-19-23-092348 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh 36 ay müddətinə qaytarılmaq şərti ilə 2030 dollar məbləğində kredit verilmiş və 10.04.2015-ci il tarixli, 02-15-11-015947 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə "xxxx" ASC arasında 821.47 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla 12.07.2019-cu il tarixli, 10-19-23-092348 saylı kredit müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmir. Göründüyü kimi cavadehl müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində “Muğanbank" ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə tərəfindən, ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq, iddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, onun tərəfindən təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, 08.06.2021-ci il tarixli qərardadı ilə hazırki mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinin tələblərinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İddiaçı "xxxx" ASC ərizə ilə müraciət edərək məhkəmənin baxış mərhələsində üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini, iddia tələblərinin təmin edilməsini, mülki işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 12.07.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh ona 60 ay müddətinə 821,47 manat məbləğində kredit verilməsini bankdan xahiş etmişdir. 12.07.2019-cu il tarixli, 10-19-23-092348 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalan Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 821,47 manat məbləğində kredit verməyi, borcalan isə krediti faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1.7-ci bəndinə əsasən Borcverən müqavilənin 5-ci bəndində qeyd olunan hallar baş verdikdə ödəməni kredit məbləğindən istifadəyə görə faiz, dəbbə pulu və zərər də daxil olmaqla borc alanın cari hesabına yönəltməklə müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb edə bilər. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 02.02.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcu barədə xabərdar edilmişdir. 03.03.2021-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 821,24 manat əsas, 7,18 manat faiz borcunun olması müəyyən edilmişdir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, 12.07.2019-cu il tarixli, 10-19-23-092348 nömrəli kredit müqaviləsinə əsasən Bank borcalan Cavabdeh 1 il güzəşt müddəti tətbiq etməklə 5 il müddətinə illik 1% dərəcəsi ilə 821,47 manat məbləğində kredit verməyi, borcalan isə krediti faizi ilə birlikdə Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 03.03.2021-ci il tarixli maliyyə arayışına əsasən 821,24 manat əsas, 7,18 manat faiz borcu olmaqla, cəmi 828,42 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları kredit müqaviləsinin ləğvini də tələb etmişdir. MM-nin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, kreditin verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, müqavilənin ləğvi barədə tələb təmin olunmalıdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10-19-23-092348 nömrəli, 12.07.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 821,24 manat, faiz borcu üzrə 7,18 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 858,42 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10-19-23-092348 nömrəli, 12.07.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 821,24 manat, faiz borcu üzrə 7,18 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 858,42 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3554/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3554/2021
15.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver