Məhkəmə qərarları › İş №2(006)-3555/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3555/2021

05.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3555/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı “valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Hasan (Lungu) Nicolai Ecaterinaya qarşı “valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın üzərində valideynlik hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, o cümlədən, İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququnun təmin edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Böyük Britaniya və X2 vətəndaşıdır, həmçinin Moldova Respublikasında daimi yaşamaq hüququ və daimi yaşayış ünvanı vardır. İddiaçının Moldova Respublikasının vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterina (təvəllüd: 06.10.1987, pasport ABO127401, keçmiş soyadı Lungu) ilə vətəndaş nikahından qızı Almaree Malika (doğum tarixi 18.08.2014-cu il) anadan olmuşdur. Almaree Malika həm Moldova Respublikasının, həm də Böyük Britaniya və X5 vətəndaşıdır və ona Moldova Respublikasının AB0952250 nömrəli, həmçinin Böyük Britaniya və X2 GBR ********* nömrəli pasportu verilmişdir. İddiaçının X4nın 02 aprel 2019-cu il tarixli 2a- 4381/18 02-2a-25***-*******8 saylı Qətnaməsi ilə qızı Almaree Malikanın yaşayış yerinin müəyyən edilməsinə dair iddiası təmin edilərək, uşağın yaşayış yeri kimi iddiaçının Moldova Respublikası, X3 Natalia Georgiu küçəsi 32/2 ünvanı müəyyən edilmişdir. Moldova Ali Məhkəmə Palatasının Mülki, Kommersiya və İnzibati işlər üzrə Kollegiyasının 14 avqust 2020-ci il tarixli iş No. 2ra-825/20 saylı Qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar X4 tərəfindən verilmiş İcra vərəqəsi ilə Almaree Malikanın iddiaçının birbaşa razılığı olmadan cavabdeh Hasan (Lungu) Nicolai Ecaterinanın müşayiəti ilə Moldova Respublikası ərazisini tərk etməsi qadağan olunmuşdur. X8 Xidməti tərəfindən iddiaçının vəkilinə təqdim edilmiş 18.02.2020-ci il tarixli cavabdan görünür ki, Almaree Malika anası Hasan Ecaterina tərəfindən bunu qadağan edən məhkəmə qərarının tələbini pozaraq, Moldova Respublikasının ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikası tərəfindən tanınmayan separatçı Dnestryanı Moldova Respublikası Kuçurqan və Mayaki-Udobne sərhəd buraxılış məntəqəsindən istifadə etməklə sərhəddən Ukrayna ərazisinə, oradan isə Azərbaycan Respublikası ərazisinə keçirilmişdir. Həmin cavabdan həmçinin görünür ki, X7 Respublikasının AB0406628 nömrəli pasportundan istifadə edilməklə, Moldova Respublikasının AAO127401 nömrəli pasportundan istifadə edən anasının müşayiəti ilə sərhədi keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq 15.10.2020-ci il tarixli, №33/26 l/A-2332 saylı məktubla bildirilmişdir ki: “Moldova vətəndaşı Hasan X1 Malika ilə birgə 21.02.2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə daxil olmuşlar və hazıradək ölkəni tərk etməyiblər.” Hal-hazırda cavabdeh yetkinlik yaşına çatmamış uşaqları Almaree Malikanı İddiaçıdan gizlədir, iddiaçı qızı ilə nə telefon vasitəsilə ünsiyyətdə ola bilir, nə də ki, əyani şəkildə görüşə bilir. Tərəflərindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 23.02.2021-ci il tarixli, 624 nömrəli vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, “18.08.2014 təvəllüdlü X9 Təhsil Müəssisələrinin İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən 25.03.2020-ci il tarixindən 01.03.2021-ci il tarixinə qədər XXİ Əsr Beynəlxalq Təhsil Kompleksində təhsil almış, 02.03.2021-ci il tarixindən etibarən isə Bakı şəhəri 6 saylı tam orta məktəb-liseyində təhsilini davam etdirir.” Tərəflərindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 30.03.2021-ci il tarixli, 645 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Moldova Respublikasının vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterina ünvan 1 ünvanda qeydiyyatdadır, müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı müraciət etmiş və onun Azərbaycan Respublikasında etibarlılıq tarixi 23.07.2021-ci il tarixədək olan müvəqqəti yaşamaq icazəsi vardır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin uşağı iddiaçıdan gizlətməsi nəticəsində iddiaçı uşağın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə iştirak edə bilmir, bu da öz növbəsində onların yetkinlik yaşma çatmamış uşaqları Almaree Malikanın hüquqlarına təsir edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq Konvensiyalarda, müqavilələrdə, eləcə də daxili qanunvericiliyin tələblərinə görə, cavabdehin uşağı gizlətməsi nəticəsində iddiaçının valideynlik hüquqlarının həyata keçirilməsində yaranmış maneələr aradan qaldırılmalı və iddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququ təmin edilməlidir. Uşağın normal psixoloji inkişafı üçün davamlı sosial mühitin olması, hər iki valideynin qayğısı, onların uşağın tərbiyəsində birgə iştirakı vacibdir. Atanın uşağı ilə ünsiyyətinə qadağa qoyulması onun bir valideyn kimi qanunda nəzərdə tutulan hüquqlarının pozulmasına, eləcə də uşağın sabit psixoloji durumunun formalaşmasına, onun stabil inkişafına, psixikasına, təhsil və tərbiyəsinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, iddiaçının övladı ilə ünsiyyət, onun təhsili, sağlamlığı, tərbiyəsi və s. ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüququ yalnız onun deyil, həm də uşağın hüquqlarının təmin olunmasına yönəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Böyük Britaniya və X6 Krallığının GBR seriyalı ********* nömrəli pasportunun surətindən görünür ki, Almaree Malika 18.08.2014-cü il tarixində anadan olmuşdur və Birləşmiş Krallığın vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq 15.10.2020-ci il tarixli, №33/26 l/A-2332 saylı məktubdan görünür ki, Moldova vətəndaşı Hasan X1 Malika ilə birgə 21.02.2020-ci il tarixdə İstanbul-Bakı aviareysi ilə ölkə ərazisinə daxil olmuşlar və hazıradək ölkəni tərk etməyiblər. Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 23.02.2021-ci il tarixli, 624 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, 18.08.2014 təvəllüdlü X9 Təhsil Müəssisələrinin İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən 25.03.2020-ci il tarixindən 01.03.2021-ci il tarixinə qədər XXİ Əsr Beynəlxalq Təhsil Kompleksində təhsil almış, 02.03.2021-ci il tarixindən etibarən isə Bakı şəhəri 6 saylı tam orta məktəb-liseyində təhsilini davam etdirir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 30.03.2021-ci il tarixli, 645 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Moldova Respublikasının vətəndaşı Hasan (Lungu) Nicolai Ecaterina ünvan 1 ünvanda qeydiyyatdadır, müvəqqəti yaşamaq üçün icazə alınması ilə bağlı müraciət etmiş və onun Azərbaycan Respublikasında etibarlılıq tarixi 23.07.2021-ci il tarixədək olan müvəqqəti yaşamaq icazəsi vardır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 30.07.2021-ci il tarixli, 2/683 nömrəli rəydən görünür ki, İddiaçı azyaşlı övladı – 18 avqust 2014-cü il təvəllüdlü Almaree Malika üzərində valideyinlik hüquqlarının həyata keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmə maddənin məzmununa və yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon məhkəməsi hazırki mülki işin baxılmasında beynəlxalq səlahiyyətə malikdir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən 18.08.2014-cü il təvəllüdlü Almaree Malika adlı övladları anadan olmuşdur Ailə Məcəlləsinin 49.2, 49.3 və 50.2-50.5-ci maddələrinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu Məcəllənin 58-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmçinin Ailə Məcəlləsinin 61-ci maddəsinə müvafiq olaraq uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Həmin Konvensiyanın 18-ci maddəsinə görə uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynləri daşıyırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi dövlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6/2011 saylı Qərarda qeyd edilir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Göründüyü kimi, uşaqlarından ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir. Bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir. Belə ki, hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hər bir valideynin uşağı ilə ünsiyyətdə olmaq, onunla asudə vaxt keçirmək, tərbiyəsində iştirak etmək və s. hüquqları vardır və müəyyən müstəsna hallar olmadan (hüquqdan sui-istifadə, uşağın sağlamlığının təhlükə altında olması və s.) bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Hazırki işdə isə belə hallar aşkar edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, valideynlər valideynlik hüququnun həyata keçirilməsi ilə bağlı razılığa gələ bilmədiklərindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3555/2021 saylı, 25.05.2021-ci il tarixli qərardadına əsasən mülki işin materialları rəy verilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına təqdim edilmişdir. Belə ki, Komissiya 30.07.2021-ci il tarixli rəyi ilə İddiaçı azyaşlı övladı – 18 avqust 2014-cü il təvəllüdlü Almaree Malika üzərində valideyinlik hüquqlarının həyata keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Yuxarıda qeyd edilənlərə məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmamış qızı Almaree Malikanın təhsili, sağlamlığı və tərbiyəsi ilə bağlı bütün məsələlərdə maneəsiz iştirak etmək hüququ təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın digər hissəsinin, qeyrimüəyyən olduğu üçün, rədd edilməsi qənaətinə gəlmişdir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı qızı 18 avqust 2014-cü il təvəllüdlü Almare Malikanın təhsili, sağlamlığı və tərbiyəsi ilə bağlı məsələlərdə maneəsiz iştirak etmək hüquq təmin edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar