Məhkəmə qərarları › İş №2(006)-3570/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3570/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3570/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı «sığorta pulunun alınması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı «sığorta pulunun alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərər çəkmiş digər avtomobilə çəkdiyi 1.450 manat pulun indiki bazar qiymətləri ilə, dövlət rüsumunun və hüquqi yardım xərclərinin Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 30 dekabr 2013-cü il tarixdə saat 15-16 radələrində özünə məxsus «Chevrolet» markalı «Orlando» modelli **-CM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Naxçıvan şəhəri 20-ci məhəllədən olan döngədən çıxarkən yol ayrımda sağ və sol tərəfdə divar olduğundan kəsişən yola gələn avtomobil görsənmədiyindən və yolların buz bağlaması səbəbindən avtomobili tormozlamış, lakin avtomobil sürüşərək yoldan çıxdığından hərbi hissəyə məxsus «Mercedes» markalı avtomobil onun avtomobilini sağ tərəfindən vurmuş və nəticədə onun avtomobili buzun üstündə fırlanaraq işıq dirəyinə dəymişdir. Qeyd edir ki, yol buzlu olduğundan o, 2-ci sürətdə saatda 20 km sürətlə hərəkət etmişdir. Hadisə olduqdan sonra oraya DYP əməkdaşları və Naxçıvan MR Dövlət Sığorta Xidməti PHŞ-nin Sadiq adlı əməkdaşı hadisə yerinə gəlmişdir. Hərbi hissəyə məxsus «Mercedes G270» markalı, 01-00 SQ dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə öz vəsaiti hesabına cəmi 1.450 manat pul xərcləmişdir. Azərbaycan Respublikası DSX-nin N saylı hərbi hissəsinin Naxçıvan şəhər Dövlət Baş Sığorta Agentliyinin arayışında aşağıdakı kimi qeyd olunmuşdur: «N saylı hərbi hissəyə məxsus «Mercedes» markalı, 01-00 SQ hərbi nömrə nişanlı avtomobilə qəza ilə əlaqədar dəymiş ziyan vətəndaş İddiaçı tərəfindən ödənilmişdir. Vətəndaş İddiaçı qəza ilə əlaqədar ödəniləcək sığortaya etiraz etmirlər». Avtomobili idarə edərkən alkoqol qəbul etməmişdir, bunu X2 müayinə protokolu təsdiq edir. X3 diviziyasına ünvanladığı ərizəyə cavab olaraq bildirilmişdir ki: «Sığorta ödənişləri X3 diviziyasının sənədlər toplusuna aid deyil. Ərizənizdə göstərilən tarixlərə olan sənədlərin müddəti bitdiyi üçün məhv edilib». 22 dekabr 2022-ci il tarixdə Naxçıvan MR Dövlət Sığorta xidməti PHŞ-yə ünvanladığı ərizəyə cavab olaraq bildirilmişdir ki: «Qeyd etdiyiniz hadisə 2013-cü ildə (9 il əvvəl) Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyinin fəaliyyət dövründə baş vermişdir. Hazırda Dövlət Sığorta Xidmətində bu hadisəyə dair faktiki heç bir sənəd olmadığından müraciətinizə baxılması üçün hadisənin təfərrüatları araşdırılmalı, aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunmalı və mövcud sənəd, şəkil və ya digər məlumatlar toplanılmalıdır. Əlavə olaraq məktubda qeyd etmisiniz ki, yol-nəqliyyat hadisəsində zərər çəkmiş digər avtomobil üçün 1.450 manat xərc çəkmisiniz. Bu məbləğin tərəfinizdən hansı əsasla (pulun köçürülməsini təsdiq edən sənəd) verilməsi, necə qiymətləndirmə olunması (məbləğin dəqiqliyi barədə sənəd) barədə ətraflı məlumat verməyiniz və həmin tarixə aid zərər məbləğini təsdiq edən sənədin təqdim olunması bu məsələnin həlli üçün zəruridir. Buna görə də, hadisənin araşdırılması və öz həllini tapması üçün sizin də əlinizdə olan sənədlər, şəkillər, qiymətləndirmə kağızı və ya digər nə varsa hər birinin Dövlət Sığorta Xidmətinə təqdim olunması sizdən xahiş olunur». Bu məsələ ilə bağlı Azərbaycan Respublikası DSKŞ-yə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası DSKŞ-nin 01 may 2024-cü il tarixli məktubunda bildirilmişdir ki: «sığorta hadisəsi nəticəsində «Chevrolet» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı foto və video şəkillər şirkətə təqdim edilmədiyindən əmlaka dəymiş zərərin qiymətləndirilməsi tərəfimizdən mümkün olmamış, belə ki, şirkət zərərin həcmini müəyyənləşdirmək imkanından məhrum edilmişdir». 2014-cü il tarixdə Naxçıvan MR Dövlət Sığorta Xidmətinə bütün sənədləri toplayaraq ona sığorta pulunu ödəmələri barədə müraciət etmişdir. Sonuncular ona bildirmişlər ki: «Qarşı tərəf dövlət müəssisəsi olduğundan onlar sığorta pulunu vətəndaşa ödəmirlər, lakin sizə ödəniləcək sığorta pulunu hərbi hissənin hesabına ödəniləcək, siz onlardan bu pulu tələb edə bilərsiniz». Hərbi hissə də hesab nömrəsi vermədiyindən həmin pul ona ödənilməmişdir. Hərbi hissə ona bildirmişdir ki, pulu hərbi hissəyə yox, ona ödəsinlər. O, həmin vaxtdan dəfələrlə şifahi müraciət etməsinə baxmayaraq işə laqeyd yanaşılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, hadisə xx.xx.2013cü il tarixdə baş vermiş və yol-nəqliyyat hadisəsinin törədilməsində sığorta müqaviləsinin tərəfi olan iddiaçının təqsirkar olduğu müəyyən edilmişdir. İddiaçı iddia edir ki, zərərçəkənə vurduğu zərəri tam ödəmişdir və buna görə də hadisə ilə əlaqədar sığorta ödənişi ona verilməlidir. Lakin sənədlər olmadığından qiymətləndirmə aparılması mümkün deyil. Bundan başqa iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: İddiaçı ilə "xxxx" SŞ ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, ABFG-0415-1-0 saylı «Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin sığortası şəhadətnaməsi»ndən görünür ki, İddiaçı mülkiyyətində olan «Chevrolet» markalı «Orlando» modelli **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil 15.440 manat sığorta məbləği həddində, 200 manat şərtsiz azadolunma (franşiza) təyin edilməklə, 328,10 manat sığorta haqqı ödənilərək sığorta şəhadətnaməsində qeyd olunan dövr üçün sığortalanmışdır. Sığorta riskləri sadalanmışdır. Xüsusilə qeyd olunmalıdır ki, minik avtomobilləri sahiblərinin mülki məsuliyyətinin sığortası və sürücülərin və sərnişinlərin fərdi qəza sığortasına təminat verilməmişdir. İddiaçı ilə Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyi arasında bağlanmış xx.xx.2013cü il tarixli, AA seriyalı 038181 nömrəli «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi»ndən görünür ki, «Chevrolet» markalı «Orlando» modelli **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı mülki məsuliyyəti icbari qaydada sığorta olunmuşdur. İddiaçı tərəfindən 75 manat sığorta haqqı ödənilmişdir. Sığorta müqaviləsi xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək qüvvədə olmuşdur. xx.xx.2013-cü il tarixdə, saat 15:10-da Naxçıvan şəhərində, 20-ci məhəllədə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş və toplanmış sənədlərdən görünür ki, İddiaçı «Chevrolet» markalı «Orlando» modelli **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərini pozmuş, nəticədə N saylı hərbi hissəyə məxsus 01-00 SQ qeydiyyat nişanlı «Mercedes G-270» markalı avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilə ziyan dəymişdir. Hadisə Naxçıvan ŞPİ DYPB tərəfindən müvafiq qaydada araşdırılmış, hadisə yerinin sxemi tərtib olunmuş, yol-nəqliyyat hadisəsi ilə əlaqədar hər iki avtomobilin sürücüsünün izahatları alınmış, sərxoşluq dərəcəsinin təyin edilməsi üçün müvafiq prosedur aparılmış, iddiaçının sərxoş olmadığı müəyyən edilmiş, yol-nəqliyyat hadisəsinin iddiaçının təqsiri üzündən baş verdiyi müəyyən olunaraq, barəsində xx.xx.2013-cü il tarixdə BYP seriyalı 006249 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilən protokol əsasında iddiaçı Azərbaycan Respublikası İXMnin 151.2-ci maddəsi ilə 60 manat cərimə edilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 53 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.15-ci maddəsinə əsasən sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 14.3.3.1-ci maddəsinə əsasən sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası sığorta obyektinə görə əmlak sığortasına aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 17.1.9-cu maddəsinə əsasən icbari sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədlərə mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti də aid edilmişdir. 22.2.8-ci maddəsinə əsasən zərər dəymiş və (və ya) zərər dəyməsinə səbəb olmuş əmlaka baxış keçirilməsi, baş vermiş hadisənin səbəblərinin, nəticələrinin, zərərin dərəcəsi və ya miqdarının araşdırılması üçün imkanları daxilində sığortaçıya şərait yaratmaq, habelə sığorta ödənişi verildikdə və müvafiq hallarda subroqasiya hüququnun həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya təqdim etmək sığortalının vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 935.1-ci maddəsinə əsasən zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtinasına əsas verən hallara aid edilmişdir. 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs bəzi hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, «Chevrolet» markalı «Orlando» modelli **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı mülki məsuliyyəti icbari qaydada sığorta olunmuşdur. Sığorta müqaviləsinin əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən yol-nəqliyyat hadisəsi törədilmişdir. Nəticədə N saylı hərbi hissənin avtomobilinə maddi ziyan dəymişdir. İddiaçı həmin ziyanı könüllü şəkildə zərər çəkənə ödəmişdir. İddiaçı vurulmuş ziyanı ödədiyindən, zərər çəkmiş şəxs iddiaçının mülki məsuliyyətini icbari qaydada sığorta edən sığortaçıya müraciət etməmiş və sığorta ödənişi almamışdır. Vurulmuş ziyan iddiaçı tərəfindən ödənildiyindən, sığortaçı zərər çəkmiş şəxsə heç bir ödəniş etməmiş, bu baxımdan hazırda iddiaçı müraciət edərək mülki məsuliyyətinin sığortalanmasına əsasən onun tərəfindən ödənilmiş sığorta ödənişinin sığortaçı tərəfindən ona ödənilməsini tələb edir. İddiaçı tərəfindən N saylı hərbi hissəyə məxsus 01-00 SQ qeydiyyat nişanlı «Mercedes G-270» markalı avtomobilə vurduğu zərər ödənilmişdir. 24 yanvar 2014-cü il tarixli, 15 nömrəli məktubda N saylı hərbi hissənin nəqliyyat bölməsinin rəisi qəza ilə bağlı vurulmuş zərərin iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. İddiaçı ilə cavabdeh arasında olan rəsmi yazışmalardan görünür ki, iddiaçı N saylı hərbi hissəyə məxsus 01-00 SQ qeydiyyat nişanlı «Mercedes G-270» markalı avtomobilə vurulmuş zərərə görə ödədiyi pul vəsaitini sığorta ödənişi şəklində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (ləğv prosesindədir) tələb etmişdir. Cavabdeh tərəf müvafiq sənədlərin təqdim edilməsini tələb etmişdir. İddiaçı cavabdehin müvafiq sənədləri təqdim etmək tələbini ödəniş edilməsindən imtina kimi qiymətləndirərək, mübahisənin həll edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Belə ki, iddiaçı zərərçəkmiş şəxsə ödədiyini iddia etdiyi 1450 manat məbləğində ödənişi yalnız özünün əlyazması ilə tərtib etdiyi sənədə istinad edərək bildirir. Halbuki sığorta hadisəsi baş verdikdən sonra zərərin həcmi qanunla müəyyən edilmiş qaydada qiymətləndirilməli, bu qiymətləndirmədə sığortaçının da hüquqları nəzərə alınmalıdır. Müəyyən edildiyi kimi sığorta hadisəsindən sonra sığorta ödənişinin həyata keçirilməsi üçün prosedura riayət olunmamışdır. Hazırda iddiaçının zərərçəkmiş şəxsə məhz 1.450 manat ödəniş etməsini təsbit etmək mümkün deyildir. Belə ki, hadisənin baş verməsindən 10 ildən artıq müddət keçməsi nəzərə alınmaqla hazırda iddiaçı iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı «sığorta pulunun alınması» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 53 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) qarşı «sığorta pulunun alınması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 53 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar