Məhkəmə qərarları › İş №2(006)-3574/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3574/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3574/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi zamanı sığorta olunan nəqliyyat vasitəsinin detalı tam yararsız vəziyyətə düşdüyündən 4941 (dörd min doqquz yüz qırx bir) manat sığorta ödənişi və 102.15 (bir yüz iki manat on beş qəpik) manat rəsmi servisə verilən xidmət haqqı, 1000 (bir min) manat mənəvi zərərin əvəzinin və iş üzrə ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumunun cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində İddiaçı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binə qəsəbəsindən Hövsan qəsəbəsinə gedərkən “Vaz21070” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq onunla toqquşmuş, nəticədə iddiaçının idarə etdiyi avtomobilin ön sol tərəfi zədələnmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndələri hadisə yerinə gələrək çəkiliş aparmış, hadisə ilə bağlı məlumat veriləcəyini bildirmişlər. İddiaçı avtomobilinə dəymiş zərərin hesablanması üçün rəsmi X4 – “X5 Azərbaycan” MMC-yə müraciət etmiş və həmin MMC tərəfindən zərərin məbləği ilə bağlı rəy təqdim edilmişdir. İddiaçının ekspertizaya getməsinə səbəb sığortaçının avtomobilin zərər dəymiş farasını dəyişməkdən imtina etməsi olmuşdur. Cavabdeh tərəf faranın qırılan hissəsinin yapışdırılmasını təklif etmişdir. Lakin bu avtomobilin dəyərdən düşməsinə gətirib çıxarır və plastikin sonradan yenidən qırılma təhlükəsini yaradır. Avtomobilin rəsmi servis mərkəzində orijinal detallarla təmiri 4941 manat təşkil edir və rəyin verilməsi ilə bağlı iddiaçı tərəfindən 102,15 manat xərc çəkilmişdir. Cavabdeh tərəf isə bu məbləği ödəməkdən imtina edir. Yol-nəqliyyat hadisəsi zamanı sığorta olunan nəqliyyat vasitəsinin detalı tam yararsız vəziyyətə düşdüyündən 4941 manat sığorta ödənişi, 102.15 manat servisə ödənilən xidmət haqqı, 1000 manat mənəvi ziyanın əvəzi və iş üzrə ödənilmiş 81 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

3. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbinə dair etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən, 1.530 (bir min beş yüz otuz) manat məbləğində təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixində Binə qəsəbəsi ərazisində İddiaçı məxsus “Mercedes Benz E220D” minik markalı, **-FK- *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz21070” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalandığından İddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Müstəqil ekspert Əhməd Talıblının 160501ADS nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən 2016-cı il buraxılışlı “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1.530 (bir min beş yüz otuz) manat məbləğində müəyyən edilmişdir. Müstəqil ekspertə iddiaçı müraciət etmişdir. İddiaçı tərəfindən Qanunun müddəları pozulmuşdur. Belə ki, müstəqil ekspert tələbi irəli sürülmədən əvvəl avtomobilə dəyən zərərin müəyyənləşdirilməsi üçün iddiaçı “X6 Azerbaijan” MMC-yə müraciət etmiş və xx.xx.2024-cü il tarixində tərtib olunmuş qiymətləndirilmə aktına əsasən avtomobilə dəyən zərər 4941 (dörd min doqquz yüz qırx bir) manat məbləğində müəyyənləşdirilmişdir. Həmin MMC sığorta sahəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müstəqil ekspertlərin reyestrinə daxil edilməmişdir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddianı qismən qəbul edib bildirdi ki, iddianın yalnız 1530 manat dəymiş ziyanın ödənilməsi hissəsində təmin edilməsinə razıdırlar. Qalan hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, cavabdehin iddia tələbini qismən etiraf etməsini nəzərə alıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Nəqliyyat vasitəsinin BA seriyalı 349509 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 2016-cı il olan “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdır.

9. YNH tərəfindən verilmiş nəqliyyat vasitəsinin zədələnməsi barədə AYP seriyalı 041532 nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində saat 16:00-da Binə qəsəbəsi ərazisində toqquşma nəticəsində “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sol hissəsi zədələnmişdir.

10. xx.xx.2024-cü il tarixli hesab-fakturadan və qəbzdən görünür ki, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq bamperinin təmiri və rəngsaz yoxlanışına görə, “X5 Azərbaycan” MMC-yə İddiaçı tərəfindən 102,15 manat məbləğində pul ödənilmişdir. Həmin tarixdə tərtib edilmiş icra edilmiş xidmətlərə dair aktın məsləhət qrafasında cəmi təmir xərci 728 manat, fara dəyişilərsə, təmir xərci 4.941 manat qeyd edilmişdir.

11. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzi Bankın sorğusu üzrı LPO “Dövlət Sığorta Kommersiya Şirkəti” (sığortaçı) tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, həmin sığortaçıda “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalı avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müraciət edənin əmlakına zərər dəymişdir. Sığortaçı tərəfindən həmin əmlaka dəymiş zərər qiymətləndirilərək bu barədə məlumat verilmişdir. Müəyyən edilmiş zərər məbləği ilə bağlı razı olmadığı halda, zərər məbləğinin müraciət edənin yazılı razılığlı ilə təyin olunan sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrində qeyd olunan müstəqil ekspert vasitəsilə qiymətləndirilməsi təklif olunmuşdur. Mülki Məcəlləsinin 925-1-ci maddəsinə əsasən, müraciət edənə əmlaka dəymiş zərərin müstəqil ekspert vasitəsilə yenidən qiymətləndirilməsi üçün sığortaçıya müraciət edilməsi tövsiyə olunmuşdur.

12. Müstəqil sığorta eksperti – Talıblı Əhməd tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyat hissələrinə (ön sol fara) görə 1250 manat, işçiliyə görə 280 manat olmaqla, cəmi 1530 manat zərər dəymişdir.

13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 81 (səksən bir) manat dövlət rüsumu ödənilmişdir.

14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli, 9/7280 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2016-cı il buraxılışlı “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1430,00 manat müəyyən edilir, o cümlədən: dəyişilməli hissələrin qiyməti – 1150,00 manat, təmir-bərpa işlərinin qiyməti – 280,00 manat.

15. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəlqiyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan və cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış 2016-cı il buraxılışlı “Mercedes Benz E220D” minik markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsinə zərər dəymişdir.

17. İddiaçı öz təşəbbüsü ilə "xxxx" markalı avtomobillərin rəsmi servis mərkəzi olan “X6 Azərbaycan” MMC-yə müraciət edərək, nəqliyyat vasitəsinin qabaq bamperinin təmiri və rəngsaz yoxlanışına görə, 102,15 manat məbləğində pul ödəmiş, həmin MMC tərəfindən yazılı şəkildə verilmiş məsləhətdə iddiaçıya məxsus nəqliyyat vasitəsinin təmir xərcinin 728 manat, fara dəyişilərsə, təmir xərcinin 4.941 manat olacağı qeyd edilmişdir.

18. İddiaçının seçimi əsasında müraciət edilmiş, müstəqil sığorta eksperti kimi fəaliyyət göstərən Talıblı Əhməd tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla isə həmin nəqliyyat vasitəsinin ön sol farasına görə 1250 manat, işçiliyə görə 280 manat olmaqla, cəmi 1530 manat zərər dəyməsi müəyyən edilmişdir.

19. İddiaçı müstəqil ekspert tərəfindən tərtib edilmiş aktda göstərilən məbləğlə razılaşmadığından, "xxxx" markalı avtomobillərin rəsmi servis mərkəzi olan “X6 Azərbaycan” MMC tərəfindən tərtib edilmiş sənədlərə istinadən avtomobilin ön sol farasının yararsız olduğundan dəyişilməli olduğunu bildirərək, 4941 (dörd min doqquz yüz qırx bir) manat sığorta ödənişinin və 102.15 manat rəsmi servisə verilən xidmət haqqının, 1000 mənəvi zərərin əvəzinin və iş üzrə ödənilmiş 81 manat məbləğində dövlət rüsumunun cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq ona ödənilməsini; cavabdeh isə iddiaçının öz seçimi əsasında müraciət edilmiş müstəqil ekspert tərəfindən tərtib edilmiş aktda göstərilən 1.530 manat məbləğində sığorta ödənişinin ödənilməsinə razı olduqlarını bildirərək, iddianın yalnız həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişlər.

20. Nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyinə əsasən, iddiaçıya məxsus maşının dəyişilməli hissələrinin qiyməti hadisə baş verən tarixə 1.150 manat, təmir-bərpa işlərinin qiyməti isə 280 manat olmaqla, avtomobilə dəymiş ziyanın cəmi məbləğinin 1.430 manat olması müəyyən edilmişdir.

c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia tələbinin “4.941 manat məbləğində sığorta ödənişinin ödənilməsi” hissəsi və cavabdehin tələbin bu hissəsini qismən – 1.530 manat hissədə etiraf etməsi ilə əlaqədar hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir.

22. Belə ki, sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi faktı hazırkı iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapan, işin mübahisəsiz halıdır. Buna görə də iddiaçının dəymiş zərərlə bağlı sığorta ödənişini tələb etməyə hüququ olmuşdur.

23. Lakin zərərin qiymətləndirilməsi, yəni sığorta ödənişinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə olmuş, belə ki, iddiaçı sığorta hadisəsindən sonra "xxxx" markalı avtomobillərin rəsmi servis mərkəzi kimi fəaliyyət göstərən MMC-yə müraciət etmiş və MMC tərəfindən tərtib edilmiş aktda fara onun istəyinə əsasən dəyişiləcəyi təqdirdə, maşının təmirbərpası üçün tələb olunan xərcin məbləğinin 4.941 manat, fara dəyişilməyəcəyi təqdirdə isə 728 manat olacağı iddiaçıya bildirilmişdir.

24. Yalnız bundan sonra iddiaçı ona təqdim olunmuş siyahıda göstərilən, rəsmi reyestrdə qeydə alınan müstəqil ekspertlərdən birinə müraciət edilməsinə razılıq vermiş və həmin ekspert tərəfindən tərtib edilmiş aktda maşının ön sol farasına görə 1250 manat, işçiliyə görə 280 manat olmaqla, cəmi 1530 manat zərər dəyməsi müəyyən edilmişdir. Lakin iddiaçı bu məbləğlə razı olmamış, buna görə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən, onun maşınına 1.430 manat zərər dəyməsi müəyyən edilmişdir.

25. İddiaçı həmin məbləğlərlə razı olmayıb, maşının ön sol farasının yararsız hala düşdüyünü və dəyişilməli olduğunu iddia edərək, rəsmi servis mərkəzi tərəfindən verilmiş aktda göstərilən məbləğin sığorta ödənişi kimi ona ödənilməsini tələb etsə də, sübutetmə vəzifəsi öz üzərində olmasına baxmayaraq, faranın yararsız hala düşməsinə və hökmən yenisi ilə dəyişilməli olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi rəsmi servis mərkəzinin aktında da faranın yararsız olması və mütləq dəyişilməli olması qeyd edilməmiş, yalnız iddiaçının istəyi əsasında dəyişilərsə, bunun üçün tələb olunan məbləğ qeyd edilmişdir. Buna görə də həmin akt iddiaçının istinad etdiyi halın mövcudluğunu təsdiq edən sübut sayılmır. Həmçinin, qanunla Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmiş səlahiyyət əsasında onun tərəfindən aparılan rəsmi reyestrdə həmin aktı tərtib edən rəsmi servis mərkəzi müstəqil sığorta eksperti kimi qeydə alınmamışdır (https://www.cbar.az/page-207/legal-entitiesengaged-in-ancillary-insurance-and-independent-experts).

26. Ən əsası qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə iddiaçı sığorta şirkətinin özü tərəfindən müəyyən edilmiş 220 manat zərər məbləği ilə razı olmadığına görə (özü izahatında bu halı göstərmişdir) müstəqil ekspert seçərək, ona müraciət etdiyindən və zərərin məbləği həmin ekspert tərəfindən 1.530 manat məbləğində müəyyən edildiyindən, cavabdeh 1.530 manat sığorta ödənişini ödəməyə razı olduğundan, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəyində zərər kimi həmin məbləğə yaxın məbləğ müəyyən edildiyindən, rəsmi servis mərkəzi tərəfindən iddiaçıya verilmiş aktda isə daha aşağı (fara dəyişilmədən 728 manat) məbləğ göstərildiyindən, cavabdehin bu hissədə qismən etirafı məhkəmə tərəfindən qəbul edilir. Belə ki, işin göstərilən faktiki hallarını nəzərə alan məhkəmə cavabdehin bu hissədə qismən etirafını tədqiq edərək hesab edir ki, həmin etiraf qanuna müvafiqdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, 1.530 (bir min beş yüz otuz) manat məbləğində sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir.

29. İddia tələbinin “102,15 manat rəsmi servisə verilən xidmət haqqı və 1.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələbin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı öz təşəbbüsü ilə rəsmi servisə müraciət edərək, avtomobili barədə akt tərtib olunması ilə bağlı ödənişli xidmətdən istifadə etmişdir. Yəni bu xərc məhz iddiaçının öz iradəsi əsasında, hər hansı zərurət olmadan və cavabdehin heç bir təqsirli hərəkəti olmadan çəkilmiş, zəruri xərc olmamışdır. Həmçinin, tərəflər arasında olan mübahisədə cavabdeh sığorta şirkətinin hər hansı təqsirli hərəkəti (delikt törətməsi) və həmin hərəkət nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi halı müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bu məbləğləri cavabdehdən tələb etməsinə əsas olmadığından, iddia bu hissədə təmin edilməməlidir.

30. Məhkəmə bu tələblərlə bağlı qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, hüquqa zidd əməllə onun nəticəsi arasında səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

31. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

32. Azərbaycan Respubkikası Mülki Məcəlləsi: Maddə 21.1-21.3. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. Maddə 925-1.1925-1.5. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Maddə 926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1, 1097.5. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

33. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 16.2-16.3. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.

34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

36. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

37. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.530 (bir min beş yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 13 (on üç) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 37 (otuz yeddi) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.530 (bir min beş yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pulun 13 (on üç) manat hissəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 37 (otuz yeddi) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar