Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3590/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08.10.1992-ci il tarixdən 22.02.1994-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. 1993-cü ilin fevral ayında döyüş vaxtı yaralanmışdır. Hərbi xidmət dövrü aldığı yaralanma (travma) ilə əlaqədar 2005-ci il tarixdə iddiaçıya 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər iddiaçı 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. «Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» AR Qanununda 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinn iddiaçıya ödənilməsi xahişi ilə o, 01.09.2018-ci il tarixdə AR Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Müraciətinə 25.09.2018-ci il tarixli, 07- 07-775 məktubla formal imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən «Hərbi qulluqçuların dövlət ibari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununda İİ qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişini cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının 07.10.1993-cü il tarixli, 862 saylı xəstəlik şəhadətnaməsinin surətindən görünür ki, Biləcəri RHK tərəfindən 1991-ci ilin dekabr ayında hərbi xidmətə çağırılmış İddiaçı 16.06.1993-cü ildə döyüş bölgəsi Ağdam rayonunda hərbi xidmət keçərkən aldığı və 12.04.1993-cü ildə zərbaycan Respublikası DİN-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təyin edilmiş travma - diaqnoz: «Sol çiyinə dəyən güllə yarasının nəticələri, humerusun böyük bir sınıq qırılmasını, cərrahı müdaxiləsi, Elizarov aparatının tətbiqi, kontrakturanın əmələ gəlməsi, bilək və əl əzələlərinin atrofiyası, yuxarı ətrafın orta dərəcədə disfunksiyasıdır. Sol dirsək sinirin postravmatik nevrozu», «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş 08.06.2017-ci il tarixli arxiv arayışına əsasən çavuş İddiaçı dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş N () saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:
1. 3650 saylı hərbi hissə komandirinin 08.10.1992-ci l tarixli 83 №-li əmrilə 07.10.1992-ci il tarixdən xidməti-döyüş tapşırığını yerinə yetirmək üçün N saylı hərbi hissədən xidməti ezamiyyətə gəlmiş hesab edilmişdir (barəsində ilk məlumatdır və N saylı hərbi hissədə xidməti təsdiq olunmadı);
2. N saylı hərbi hissə komandirinin 12.02.1993-cü il tarixli 1 №-li əmrilə Daxili Qoşunların yeni ştat strukturuna keçməsi və ştat dəyişiklikləri ilə əlaqədar Avtomobil bölüyündə snayper-atıcı vəzifəsinə təyin edilmişdir;
3. N saylı hərbi hissə komandirinin 17.06.1993-cü il tarixli 122 №-li əmrilə 16.06.1993-cü il tarixdən hərbi səhra hospitalına getmiş hesab edilmişdir (hospitaldan qayıtması faktı aşkar olunmadı);
4. X1 13.10.1993-cü il tarixli 183 №-li əmrilə N saylı hərbi hissənin əsgəri kimi «çavuş» hərbi rütbəsində səhhətinə görə hərbi xidmətdən azad edilmişdir. Qeyd: 1. İddiaçı adı «1992-1994-cü illərdə gedən əməliyyatları zamanı yaralanmış hərbi qulluqçuların siyahısı»nda 235-ci sıra nömrəsi ilə qeyd edilmişdir (Ağdamda yaralanmışdır, Ünvan: Gəncə şəhəri, X2 yataqxanası).
2. İddiaçı adı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının 4 fevral 1994-cü il tarixli DQS-2 saylı fərmanına əsasən X1 24.02.1994-cü il tarixli, 178 №-li əmrilə 22.02.1994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında qoşunların şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır (Ağdam rayonu üzrə 1-ci sıra nömrəsi ilə, Binəqədi rayonu üzrə isə 6-cı sıra nömrəsi ilə qeydə alınmışdır). İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv tərəfindən verilmiş 02.07.2017-ci il tarixli arxiv arayışına əsasən Mərkəzi Arxivə daxil olmuş N nömrəli hərbi hissənin 09.11.1992-ci il tarixli əmr kitabına əlavə tikilmiş Kərkicahan qəsəbəsi İcra Hakimiyyəti Başçısının nümayəndəsi Haqverdiyev tərəfindən imza və möhürlə təsdiq edilmiş «keçmiş N nömrəli Şuşa batalyonunun 4-cü Kərkicahan bölüyünün ümumi adlı siyahısı»nın kserosurətində İddiaçı adı qeyd edilmişdir. Siyahı Xocalı rayon İcra Hakimiyyəti Başçısı E.Məmmədov və Xocalı rayon Polis Şöbəsi rəisi polis mayoru S.Mədətov tərəfindən təsdiqlənmişdir. Qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin yanvar-may 1992-ci il tarixli dövrü əhatə edən əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. İş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsi tərəfindən verilmiş 23.06.2017-ci il tarixli arayışına əsasən İddiaçı 25.09.1992-ci il tarixdən 12.10.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmiş və 16.06.1993-cü il tarixdə döyüşdə yaralanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSE-0 seriyalı AR 687009 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 25.09.2018-ci il tarixli məktubundan görünür ki, sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ramin Xəlilov