Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-360/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icbari sığortası üzrə 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat məbləğində yekun sığorta ödənişi, həmin fərdi yaşayış evində iddiaçıya məxsus ev əşyalarına dəymiş maddi zərərin əvəzi olan 1.680 (min altı yüz səksən) manatın, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olan 50.000 (əlli min) manatın və iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23 fevral 2022-ci ildə məhkəməyə “İddia tələbinin həcminin artırılması barədə” iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icbari sığortası üzrə 24.750 (iyirmi dörd min yeddi yüz əlli) manat məbləğində yekun sığorta ödənişi, həmin fərdi yaşayış evində ev əşyalarının istifadəyə yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olan 7.000 (yeddi min) manatın, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olan 50.000 (əlli min) manatın, iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın və iddiaçının vəkilə ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 (yüz) manatın, cəmi 81.800 (səksən bir min səkkiz yüz) manatın cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmədə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 27.12.2019-cu il tarixində RAA********** saylı sığorta müqaviləsi bağlanaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sığorta etdirmiş, bununla əlaqədar cavabdeh tərəfindən ona daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi verilmişdir. 25.06.2020-ci ilin tarixində baş vermiş güclü külək nəticəsində yaşadığı evin dam örtüyünün bir hissəsi uçub tökülmüşdür. Bundan sonra o, cavabdehə müraciət edərək evini təmir etdirmək üçün sığorta ödənişini həyata keçirməsini xahiş etmişdir. AR ETSN yanında Milli Hidrometerologiya Xidmətinin 20/27 saylı 14.01.2021-ci il tarixli məktubuna əsasən 25.06.2020-ci il tarixdə Binə hidrometeorloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatda qeyd edilir ki, külək şimal-qərb istiqamətli, maksimum sürəti 19 m/san (9 bal) olmuşdur, bofort şkalasına əsasən 9 ballıq külək çox möhkəm küləkdir. 22.07.2020-ci il tarixində evinin yerləşdiyi torpaq sahəsində sürüşmə-çökmə prosesi olduğu üçün evinin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar əmələ gəlmiş və həmin çatlar tədricən böyümüşdür. Cavabdehin əmakdaşları onun evinə baxış keçirdikləri zaman həmin çatların olduğunu qeydə almışlar. AR ETSN yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/259 saylı 18.12.2020-ci il tarixli məktubu təqdim olunmuş ünvan 1 ünvanının yerləşdiyi ərazinin mühəndis geoloji şəraiti haqqında arayışda göstərilir ki, İddiaçı məxsus ərazi mailiyi 20-220 olan yamacda 400 *** **** 490 *** **** koordinatlarında yerləşir. Ərazidə aparılan visual araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ünvan, bu sahədə mövcud olan qırılma xəttinin təsir dairəsində yerləşir, mövsümi yağıntıların və texnogen amillərin təsirindən ərazidə sürüşmə-çökmə prosesi, torpaq qatında isə deformasiyalar müşahidə edilir, təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. Cavabdehin AS-21/118 saylı 02.02.2021-ci il tarixli məktubuna əsasən 25.06.2020-ci il və 22.07.2020-ci il tarixlərində baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla qeyd olunan fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 940.50 manat məbləğində müəyyən edilmişdir, lakin evə dəymiş maddi zərərin məbləği həmin məbləğdən xeyli artıq olmuşdur. Həmçinin, Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin157 saylı 24.09.2020-ci il tarixli məktubuna əsasən Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, döngə 2, ev 46 ünvanına həmin bələdiyyənin əməkdaşları tərəfindən baxış keçirilmiş və evin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdeh süründürməçiliyə yol verərək ona sığorta ödənişi vermədiyi üçün 17.11.2020-ci il tarixədək evini təmir etdirə bilməmişdir. Odur ki, evin bir hissəsində dam örtüyü olmadığına və evin müxtəlif hissələrində, o cümlədən dam örtüyündə çatlar olduğuna görə 17.11.2020-ci il tarixində leysan xarakterli yağış yağdığı zaman evini su basaraq fərdi yaşayış evinə daha çox zərər dəymiş, həmçinin evdəki ev əşyaları yarasız hala düşmüşdür. Həmçinin, bu hadisədən sonra evində onunla birlikdə yaşayan anası Q.Rəsulovun soyuqdəymə nəticəsində ağ ciyərlərində iltihab əmələ gəlmişdir. AR ETSN yanında Milli Hidrometerologiya Xidmətinin 20/1093 saylı 18.12.2020-ci il tarixli məktubuna əsasən, 17.11.2020-ci il tarixdə Binə hidrometeorloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatda qeyd edilir ki, 17.11.2020-ci il tarixdə saat 1025-dən- saat 1400dək leysan xarakterli yağış yağmış, düşən yağıntının miqdarı 7,2 mm olmuşdur. Cavabdehin AS-21/250 saylı 04.03.2021-ci il tarixli məktubuna əsasən 17.11.2020-ci il tarixlərdə baş vermiş hadisə nəticəsində zərər dəymiş, evə baxış keçirilmiş və 250 manat azadolma məbləği çıxılmaqla 1810 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. Lakin, evə dəymiş maddi zərərin məbləği həmin məbləğdən xeyli artıq olmuşdur. Nəhayət, cavabdehin AS-21/840 saylı 30.07.2021-ci il tarixloi məktubuna əsasən cavabdehin mütəxəssisləri tərəfindən zərər dəymiş fərdi yaşayış evinə texniki baxış keçirilməklə hesablanmış 6300 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250 manat azadolma məbləği çıxılmaqla 6050 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. Lakin, evə dəymiş maddi zərərin məbləği 6050 manatdan xeyli artıqdır. Belə ki, tərəfindən dəymiş zərərin qiymətləndirilməsi ilə əlaqədar mütəxəssis V.Fətəliyevə müraciət olunmuşdur. Mütəxəssis V.Fətəliyev tərəfindən tərtib olunmuş evin əsaslı təmiri və bərpası üçün lazım olan tikinti materialları və görüləcək işlərin ilkin siyahısı barədə 19.11.2020-ci il tarixli rəyə əsasən evinə dəymiş maddi zərərin əvəzi cəmi 29943 manat və leysan xarakterli yağışdan sonra maddi zərər dəymiş ev əşyalarının təmiri və bərpası üçün lazım olan material və görüləcək işlər barədə 20.11.2020-ci il tarixli rəyə əsasən dəymiş maddi zərərin əvəzi 1680 manatdır. Onu da qeyd edir ki, o, cavabdehə 15.07.2021-ci il tarixli ərizə ilə müraciət edərək cavabdeh tərəfindən evinin təmir olunub əvvəlki vəziyyətinin bərpa olunmasını xahiş etmiş,lakin cavabdeh tərəfindən evinin təmir olunub əvvəlki vəziyyətinin bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh onun bu xahişini də yerinə yetirməmişdir. Son olaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, idda tələbinin təmin olunması barədə məhkəmə tərəfindən ədalətli şəkildə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, baş vermiş hadisələr tərəflərindən tam təfsilatı ilə araşdırılmışdır. Həmçinin, sığortalanmış yaşayış evinə 25.06.2020-ci il tarixində əsən külək nəticəsində ziyan dəymişdir. Qeyd etdi ki, iddiaçıya məxsus fərdi yaşayış evinə əsən külək nəticəsində maddi ziyan dəyməsi “İcbari Sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Belə olan halda baş vermiş hadisə qanunvericiliyə əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığorta hadisəsi hesab edilmir. Buna görə də, bu hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Digər baş vermiş iki hadisə ilə bağlı iddiaçı tərəfindən ünvanlanan məktublara cavab olaraq bildirilmişdir ki, cavabdeh tərəf dəymiş maddi ziyanın qarşılığını ödəməyə hazırdır. Son olaraq iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01664818№-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, döngə 2-də istifadədə olan 0,02475 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 və 1 ədəd 2 mərtəbəli, 5 otaqlı, 85.8 lv.m yaşayış, 201.9 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı B tikilisi 3 otaq-ü/s 188.6 kv.m adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 920 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanı 27.12.2019-cu il tarixdə sığorta olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan məktubdan görünür ki, Qaraçuxur qəsəbəsi, Y/Günəşli yaylası, döngə 2, ev 46 ünvana əməkdaşlar tərəfindən baxış keçirilmiş və evin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin qəza vəziyyətinin hansı səbəbdən və hasnı tarixdə baxş verməsi barədə bələdiyyədə heç bir məlumatın olmadığı qeyd olunmuşdur. İş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan məktubdan görünür ki, ünvan 1 ünvanında 2021-ci il 18 iyun tarixində vizual mühəndis-geoloji tədqiqat işləri aparılmış və müvafiq arayış tərtib olunmuşdur. Həmin arayışa əsasən, ərazidə vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin ərazidə sürüşmə-çökmə prosesi, torpaq qatında isə deformasiyalar müşahidə edilir. Təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. İş materiallarında olan cavabdeh "xxxx" ASC-nin 30.07.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş fərdi yaşayış evinə texniki baxış keçirilməklə hesablanmış 6.300,00 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250,00 manat azadolma məbləği çııxlmaqla 6050,00 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" ASC-nin 04.03.2021-ci il tarixli məktubundan görünür ki, 17.11.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablanmış 2060,00 manat zərər məbləğindən sığorta şəhadətnaməsində qeyd olunan 250,00 manat azadolma məbləği çıxılmaqla 1810,00 manat məbləğində yekun sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" ASC-nin 02.02.2021-ci il tarixli məktubundan görünür ki, 22.07.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla ünvan 1 saylı fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 940,50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı “ekspertizanın təyin edilməsi barədə” vəsatətlə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5953/2021 saylı, 07.10.2021-ci il tarixli qərardadından görünür ki, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəməyə 19 yanvar 2022-ci il tarixində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/6162-9/8430 saylı ekspert rəyi daxil olmuşdur. Həmin ekspert rəyindən görünür ki, baş vermiş hadisələr nəticəsində ünvan 1 ünvanında yerləşən maddi zərər dəymiş fərdi yaşayış evinin əsaslı təmiri və bərpası üçün çəkiləcək xərcin ümumi dəyəri 25.500 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1.8-ci maddəsinə əsasən, daşınmaz əmlakın təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və məhkəmə baxışı zamanı təyin edilmiş “məhkəmə-əmtəəşünaslıq və məhkəmə-tikinti texniki ekspertizasının” 19 yanvar 2022-ci il tarixli 10/6162, 9/8430 saylı rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən maddi zərər dəymiş fərdi yaşayış evinin əsaslı təmiri və bərpası üçün çəkiləcək xərcin ümumi dəyəri 25.500 manat məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Odur ki, ekspertin rəyi iş üzrə sübut kimi qəbul edilməklə, daşınmaz əmlaka dəymiş zərərin məbləğini məhkəmə 25.500 manat və həmin sığorta məbləğindən 250 manat azadolma məbləği çıxılmaqla 24.750 manat məbləğində müəyyən edir. İddiaçının “fərdi yaşayış evində ev əşyalarının istifadəyə yarasız vəziyyətə düşməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olan 7000 manat və iddiçıya dəymiş mənəvi zərərin əvəzi olan 50000 manat” tələb etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyi üçün əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçının “vəkilə ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 manat pulu” tələb etməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb əsaslı olduğuna görə təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icbari sığortası üzrə 24750 (iyirmi dörd min yeddi yüz əlli) manat məbləğində yekun sığorta ödənişi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və iddiaçı tərəfindən vəkilə ödənilən hüquqi yardım haqqının əvəzi olan 100 (yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavadeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-360/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-360/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver