Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-361/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2022ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 17, ünvanında yerləşən mənzil 17A 1990-cı il tarixdən İddiaçı məxsusdur və buna dair çıxarış da verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özünə məxsus olan həmin mənzildən ümumilikdə 27.8 kv.m, y/s 21.3 kv.m, k/s 6.5 kv.m olan 2 otağı oğlu Cavabdeh hədiyyə vermişdir. Müqaviləyə əsasən də ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022ci il tarixdə çıxarış verilmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində iddiaçı cavabdehə Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 17 ünvanında yerləşən, mənzil 17A-da olan paylarına uyğun olaraq ayrı-ayrılıqda çıxarışların alınmasının zəruri olduğunu bildirmiş və bunun üçün birlikdə Bakı şəhəri 1 saylı “ASAN Xidmət” mərkəzinə getmişlər. Lakin cavabdeh orada fikrini dəyişərək ayrı-ayrı çıxarışların alınmasından imtina etmişdir. İddiaçı etiraz etdikdə cavabdeh onun sinə nahiyəsinə yumruqla vuraraq əlindəki çıxarışı alıb cırmışdır. Cavabdeh daha sonra iddiaçıya “sən öldükdən sonra onsuz da bütün əmlaklar mənə qalacaq” deyə bildirmişdir. Oradan çıxandan sonra hərəsi öz evinə getmişdir. Həmin hadisədən sonra iddiaçı ilə cavabdehin heç bir əlaqəsi olmamış, cavabdeh bir dəfə olsun atasına zəng etməmiş, onunla maraqlanmamışdır. Cavabdeh bir oğul kimi üzərinə düşən vəzifələrini icra etməmiş, icra etməsi bir yana, əlavə olaraq iddiaçını döymüş, bir ata kimi ona hörmət qoymamışdır. Buna görə də iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə əmlakını bağışlamaqda çox peşmandır. Heç bir övlad cavabdehin iddiaçıya etdiyini öz atasına etməz. Bu səbəbdən də bağışlanma müqaviləsinin ləğv edilməsi zəruridir. İddiaçı pretenziya qaydasına riayət edərək cavabdehə xx.xx.2022-ci il tarixdə yazılı şəkildə bildiriş göndərsə də, o, rəsmi olaraq iddiaçıya heç bir cavab verməmiş, göndərdiyi bildirişə isə münasibət bildirməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan 27 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyəti hüququ üzrə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.3 kv.m olan mənzilin “ü/m 27.8 kv.m, y/s 21.3 kv.m, k/s 6.5 kv.m olan 2 otağı” oğlu Cavabdeh hədiyyə etmişdir. Tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin reyestr nömrəsi **********20-05101-093012 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65.30 kv.m olan 17A nömrəli mənzilin – 2 otaq ü/s- 27.8 kv.m (qeydiyyat nömrəsi – **********) hissəsi Cavabdeh adına, 1 otaq ü/s-37.5 kv.m (qeydiyyat nömrəsi – **********) hissəsi isə İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini və Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 17, 17A saylı mənzildən ona bağışladığı ü/s-27.8 kv.m, y/s 21.3 kv.m, k/s 6.5 kv.m olan 2 otağın geri qaytarılmasını tələb etmiş, qeyd edilən tələbə 5 iş günü müddətində riayət etməyəcəyi təqdirdə məsələnin həlli məqsədilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 17 ünvanında yerləşən 17A saylı 65.3 kv.metrdən ibarət olan mənzilin ü/m 27.8 kv.m, y/s 21.3 kv.m, k/s 6.5 kv.m olan 2 otağını 27 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu Cavabdeh hədiyyə etmişdir. Tərəflər xx.xx.2022-ci il tarixdə öz paylarına mütənasib olaraq hüquqlarını qeydiyyata aldırmış və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin reyestr nömrəsi **********20-05101-093012 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışlar. Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 65.30 kv.m olan 17A nömrəli mənzilin – 2 otaq ü/s-27.8 kv.m (qeydiyyat nömrəsi – **********) hissəsi Cavabdeh adına, 1 otaq ü/s-37.5 kv.m (qeydiyyat nömrəsi – **********) hissəsi isə İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini mübahisələndirir. İddia tələbi ilə bağlı məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin ləğvi üçün qanunla nəzərdə tutulan əsaslardan heç biri hazırkı iş üzrə yaranmış münasibətlərdə yoxdur və iddiaçı müqavilədən imtina etməkdə və ya onun ləğvini tələb etməkdə haqlı deyildir. Belə ki, hədiyyə verən o halda bağışlamaqdan imtina edə bilər ki, hədiyyə alan üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun. Lakin iş materiallarından göründüyü kimi, hədiyyə verən – İddiaçı tərəfindən hədiyyə alan – Cavabdeh üzərinə hər hansı vəzifə qoyulmamış, sonuncu tərəfindən hədiyyə alanın və onun ailə üzvlərinin hüquqları bu və ya digər formada pozulmamışdır. Qeyd edilməlidir ki, bağışlama müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmaqla hər hansı öhdəliyin icrasından asılı edilməmiş, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 666.1-666.2-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki Məcəllənin 668.1, 668.1.1-ci maddəsinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Mülki Məcəllənin 673.1, 673.1.1-673.1.3-cü maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.1.2-ci maddəsində hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozulması bağışlamadan imtinanın əsası kimi çıxış edir. Nəzərə alınmalıdır ki, ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsi mülki qanunvericilikdə konkret göstərilməmis, lakin ailə qanunvericiliyi ümumi şəkildə və bəzən xüsusi hallar üçün bu vəzifələri müəyyən etmişdir. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların üzərinə qanunla qoyulan belə vəzifələrdən biri də maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərməkdir (Ailə Məcəlləsinin 82.1-ci maddəsi). Lakin bu vəzifələrin qanunla müəyyən olunması özüözlüyündə bağışlamadan imtina tələbinin təmin olunmasının əsası kimi çıxış edə bilməz. Bu cür tələb irəli sürən hədiyyə verən həqiqətən də özünün maddi yardıma ehtiyacı olduğunu, əmək qabiliyyətinin olmadığını, hədiyyə alanın əmək qabiliyyətli olduğunu və sonuncunun Ailə Məcəlləsinin 82.1-ci maddəsində və ya digər maddələrində qanunla qoyulmuş vəzifələrini kobudcasına pozduğunu sübut etməlidir. Mülki Məcəllənin 673.1.3-cü maddəsində göstərilən halla əlaqədar qeyd edilməlidir ki, iddiaçı “hədiyyə alan” qarşısında heç bir şərt qoymadan onunla bağışlama müqaviləsi bağlamışdır. Beləliklə, hazırki iş üzrə məhkəmə tərəfindən yuxarıda sadalanan halların mövcud olduğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-361/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-361/2023
06.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver