Məhkəmə qərarları › İş №2(006)-3623/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3623/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3623/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər "xxxx" QSC və Cavabdeh2 MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər "xxxx" QSC və "xxxx" MMC-yə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Hava Yolları QSC-dən 5.457 manat məbləğində dəymiş mənəvi ziyanın və ödədiyim 75 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq o X4 hal-hazırda Bakı şəh., Xətai ray.,M. Hadi küç., ev-72, m-57, kor-2, giriş-B də ailəsi ilə birlikdə yaşayır. İddiaçı olaraq o X4 və ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikası vətəndaşlarıdı hal-hazırda yaşamaq icazəsi ilə uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayırlar. Onun şikayəti cavabdeh Azərbaycan Hava Yolları QSC-dənir. Bildirmək istəyir ki, o ailəsi ilə birlikdə hər il olduğu kimi yanvar ayının 21-də 3.210 ABŞ dollarına (5.457 manata) Bodrum paketi aldılar. Həmin paketə 4 nəfərlik ödəniş üçün 5.457 manat yəni hər bir nəfərə 1.364 manat olmaqla ümümilikdə 5.457 manat ödəniş etdi. Ailəvi olaraq istirahət üçün, həm yoldaşının və oğlunun yay aylarında ad günü olduğu üçün bu tarixi seçmişdirlər. Tur paketin gediş tarixi xx.xx.2023 dönüşü isə xx.xx.2023-cü il tarixinə bilet almışdılar. Seçdiyikləri turları "İn Travel" şirkətinən almışdılar. O bileti alanda həmin şirkətə məlumat verdi ki, onun X11un pasportunun vaxtı sentyabr-ın 30-na kimidir və onlar ona məlumat verdi ki, heç bir problem yoxdur. Onlar həmin vaxtdan hazırlaşmağa başladıq ki, birlikdə istirahətə gedəcəklər. xx.xx.2023 saat 06:30 radələrində Heydər Əliev adına X8 əməkdaşlarına yaxınlaşdıq və gözlənilməz halda onlara məlumat verildi ki, oğlu X9 Respublikasına keçidinə və uçuşuna icazə yoxdur. Onlar sual verdikdə isə "X13 üçün?" onlara məlumat verildi ki, uşağının pasportu 30 sentyabrda bitir və bu səbəbdən də, keçidinə icazə verilmir. O isə sual verdi "Nəyə görə bu məlumatı mənə indi bildirisiz?" və sonra o yenidən soruşdu ki, " Mən bileti 7 ay öncə almışam və indiyə qədər mənə məlumat verilməyib ki, sizin övladınız Türkiyə Respublikasına gedə bilməz! Heç olmasa bu məlumatı mənə 1 həftə əvvəl deyə bilərdiz və mən ona kimi pasportu yenisinə dəyişə bilərdim " Onlar isə iddiaçıya belə cavab verdilər ki, "Qanun budur! Sizə köməklik göstərə bilməyəcəyik!" Uşaq həmin bu olan hadisə ərəfəsində stress keçirib ağlamağa başladı. Sonra iddiaçı onlara təklif etdi ki, "Zamin nədirsə və ya Cəzası nədirsə ödənişə mən hazıram!" onlar isə iddiaçıya məlumat verdi ki, "Heç bir halda uşaq Türkiyə Respublikasına gədə bilməz!" və Ailə üzvləri və uşaq böyük stress keçirdi. Azal əməkdaşları oğlunun ağlamağını görüb oğluna belə dedilər ki, "Sən hec cürə uça bilməssən!" və onların gedişlərinin əsas məqsədi hər il olduğu kimi yoldaşı Almazov Nuri və oğlu Almazov Dövranın ad günlərinin olmasına görədir onlar ad günənə görə uçuşumuzu ləğv eləmədilər ki, böyük qardaşı Dövran həmin stressi yaşamasın deyə uçası oldular. Röyal isə ağlayaağlaya evə göndərdilər. O və Ailə üzvləri stress keçirə-keçirə getdilər və Azal əməkdaşlarına inanıb getdilər ki, yəqin qanundur və onla biz xahiş edəndən sonra onların sənədlərə baxanda sual verdilər ki, "Röyal Almazov hardadır?". İddiaçı isə stress keçirəkeçirə cavab verdi ki, "Uşağın pasportunun tarixi sentyabrın 30-u bitdiyinə görə sizin ölkəyə buraxmadılar ki, uşaq Türkiyəyə keçə bilməyəcək". Onlar isə ona belə məlumat verdilər ki, uşağın pasportunun vaxtı 60 gün üzərindədirsə cərimə ödəyərək keçə bilərdi". Orada onlara bildirdilər ki,"uşağı dərhal göndərin və biz onu Türkiyə respublikasına buraxacağıq". Amma onun səyahəti isə şənbə bazar günlərinə düşdüyü üçün və uşağın az yaşı olduğu üçün etibarnamə verə bilmədilər və uşaq gələ bilmədi. O orada da çox stress keçirdi ki, övladı uçuşa icazəsi ola-ola azal əməkdaşları bu uçuşun mümkünsüz olacağını bildirdilər. O və ailə üzvləri Bakıya qayıdan kimi istirahət etmək əvəzinə böyük stress keçirdilər. X11 isə hələ də böyük stress içindədir. Cavabdeh Azərbaycan Hava Yolları QSC-nin bu hərəkətləri nəticəsində, o sarsıntı və əsəb keçirir, çünki, cavabdehin ona vurduğu maddi və mənəvi ziyan əvəz olunmazdır. Bu səbəbə görə də, ona dəyən mənəvi ziyanın ödəməsi üçün cavabdehin real mkanlarını nəzərə alaraq vurduğu mənəvi ziyanı 5.457 manat hesab edir. Turu aldığı Cavabdeh2 şirkəti və o cavabdeh Azərbaycan Hava Yolları QSC- dən həmin bilet üzrə ödədiyi 5.457 manat pulunu geri tələb etdi, lakin cavabdeh Azərbaycan Hava Yolları QSC pulunu qaytarmadı o isə ağır sarsıntı və iztirab keçirir. Bu səbəbdən də məhkəməyə müraciyyət etməli olmuşdur. Daha sonra iddiaçı X4 məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh Azərbaycan Hava Yolları QSC və İNTravel AZE MMC-dən müştərək qaydada 1380 manat maddi zərərin, 5000 manat mənəvi zərərin və 75 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 cavabdeh "xxxx" QSC-yə qarşı irəli sürdüyü iddia tələblərinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Etiraz onunla əsaslanmışdır ki, "X6" şirkəti tərəfindən təqdim edilən siyahılara əsasən, "xxxx" QSC və "X7" MMC arasında qüvvədə olan "Mövsümi reyslərdə blok yerlərin ayrılmasına dair" xx.xx.2023-cü il tarixli 205-GM/15 nömrəli müqavilə çərçivəsində, 13 iyul 2023-cü il tarixdə iddiaçıya (o cümlədən iddiaçının övladı Almazov Roiala) Sukr- Bodrum marşrutu üzrə xx.xx.2023-cü il tarixli J2 23 nömrəli və Bodrum-Bakı marşrutu üzrə xx.xx.2023-cü il tarixli J2 24 nömrəli reyslərə aviabiletlər yazılmışdır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən, qeyd edilən uçuşlara biletlər iddiaçı tərəfindən əldə edilmiş turpaket çərçivəsində digər sənədlərin rəsmiləşdirilməsi "xxxx" şirkəti tərəfindən həyata keçirilmişdir. Təqdim edilmiş sərnişin siyahıları üzrə aviabiletlərin rəsmiləşdirilməsi cədvəl üzrə reysin yola düşməsindən bir gün əvvəl həyata keçirilib və bu proses "X7" MMC şirkətinin reys üçün əldə etdiyi sərnişin yerləri bloku üzrə həyata keçirilən faktiki satış üzrə daşımanın rəsmiləşdirilməsi xarakteri daşıyıb. xx.xx.2023-cü il tarixdə Bakı-Bodrum marşrutu üzrə J2 23 nömrəli reysə qeydiyyat zamanı Gürcüstan Respublikası vətəndaşı sərnişin Almazov Roiala məxsus xarici pasportun etibarlılıq müddətinin 30 sentyabr 2023-cü il tarixdə bitəcəyi, yəni sərnişinin Türkiyə Respublikasındakı təyinat hava limanına nəzərdə tutulan gəliş tarixindən pasportun etibarlılıq müddətinin 75 gün qaldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, həmçinin dövlət sərhədinin keçmə qaydasını tənzimləyən Türkiyə Respublikasının qanunvericiliyini və aviadaşıyıcılara sərnişinlərin səyahət üçün lazımi qaydada olmayan sənədlərlə daşınmasının qarşısının alınmasını göstərən mülki aviasiya sahəsində beynəlxalq konvensiyaların normalarını nəzərə alaraq, Gürcüstan Respublikasının vətəndaşı sərişin Almazov Roial Bakı- Bodrum marşrutu üzrə J2 23 nömrəli reysə buraxılmamışdır. Bundan başqa, Gürcüstan Respublikasının vətəndaşı sərnişin Almazov Roialın 30 iyun 2023-cü il tarıxdə, yəni uçuş tarixindən 5 (beş) gün əvvəl Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazənin vaxtı bitmişdir ki, bu da Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunan müvafıq normaların kobud şəkildə pozulmasıdır. Gürcüstan Respublikasının vətəndaşı Almazov Roial Azərbaycan Respublikasının ərazisini tərk edə biləcəyi halda belə (hüquqpozmanın rəsmiləşdirilməsi və müvafiq cərimənin ödənilməsindən sonra) mövcud daşıma sənədinin vaxtı bitdiyindən və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün qüvvədə olan icazəsi olmadığından, Gürcüstan Respublikası vətəndaşının pasportunun etibarlıliq müddəti isə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinin tələblərinə uyğun olmadığından, Azərbaycan Respublikasının ərazisinə qayıda bilməyəcəkdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı X3 və Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişinin verilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mütəxəssis Nümayəndə izahat verərək bildirmişdir ki, Türkiyə qanunvericiliyində ölkəyə giriş 3 yolla tənzimlənir. 1.Viza ilə 2.Viza olmadan və 3. Yaşayış üçün icazə ilə. Hazırki sözügedən anlayış olan “viza muafiliyeti” “viza olmadan” anlayışına bərabərdir. Hər iki tərəfin istinad etdiyi qanunvericiliyin 17-ci maddəsinin “b” bəndində də qeyd edilir ki,müddətin bitməsindən sonra 60 gün pasportun müddəti qalmalıdır. Yəni, Türkiyə Respublikası 60 gün müddət təyin edir. Viza olmadan isə 30 və 60 gün götürülür. Bu, dövlətlərə görə dəyişir. Artıq bununla 60 günü 30 gündən sonraya hesablayırlar. Minimum 90 gün olmalıdır. Hazırki iddia tələbində iddiaçı vurğulayır ki, onda 5 gün müddət var, yəni 5 gün bitəndən sonra 60 gün hesablanmalıdır. Şəxsin viza olmadan 5 gün ölkəyə gətirilməsi hələ 5 gün sonra ölkədən çıxacağı anlamına gəlmir. 7-ci maddə ümumi bir normadır. Beynəlxalq sənədlər varsa, artıq üstünlük onlara verilir. Qeyd edim ki, 60 günü 5 günə, yoxsa 30 günə hesablamaq məhkəmənin daxili inamına qalan məsələdir. Məhkəmə cavabdehin nümayəndəsini və əvvəlki məhkəmə iclasında iştirak edən mütəxəssis və iddiaçının nümayəndə və vəkilinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sadiqova Zəhraya, Almazov Nuriyə, Almazov Dövrana və Almazov Röyala məxsus xx.xx.2023-cü il tarixli Baku-Bodrum reysinə və xx.xx.2023-cü il tarixli Bodrum-Baku reysinə biletlər mövcuddur. Mülkü iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki iddiaçı tərəfindən 74,97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk öncə iddianın vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin cavabdehlərin təqsiri üzündən dəyməsini, ümumiyyətlə 1380 manat məbləğində ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı maddi zərər kimi turpaketin qiymətini və sığortanın qiymətini əsas gətirsədə bu iddianın təmin edilməsi üçün əsas hesab edilməməlidir. Belə ki, iddiaçı özüdə iddia ərizəsində qeyd etmişdir ki, ilk dəfə biletlər alınarkən müvafiq tur operator şirkətinə müraciət edərək oğlunun xarici passportunun müddətinin 30 sentyabr 2023-cü il tarixdə bitməsini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı bu mübahisəli məqamı araşdırmalı , cavabdehin öhdəsinə buraxmamalı (cavabdehin bununla bağlı vəzifəsinin olmasını məhkəməyə təqdim edilməmişdir) idi. Lakin iddiaçı müddət məsələsinə biganə qalmış və sonda havalmanında oğlunun çıxışına məhdudiyyət qoyulmuşdur. Bu halda iddiaçının maddi tələblə cavabdehlərdən pul tələb etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Müki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.1.3-cü maddəsinə əsasən daşıyıcı giriş və çıxış sənədlərinin, habelə tələb olunan digər sənədlərin tam həcmdə mövcud olmaması və ya qeyri-düzgün rəsmiləşdirilməsi səbəbindən sərnişini daşımaqdan etiraz etdikdə, məsrəflərə görə sərnişin qarşısında məsuliyyət daşımır. Azərbaycan Respublikasının iştirakçısı olduğu "Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya"ya (Çikaqo, 1944-cü il) 9 nömrəli Əlavənin "Standartlar və tövsiyə olunan təcrübə. Rəsmiyyətlərin sadələşdirilməsi" müddəalarına əsasən: 3.33 Hava gəmiləri istismarçıları hava gəmisinə minmə məntəqəsində sərnişinlərin tranzit vətəyinat dövlətləri tərəfindən müəyyən edilmiş və bu fəsildə təsvir edilmiş etibarlı səyahət sənədlərinə malik olmasına əmin olmaq üçün lazımi tədbirləri həyata keçirirlər.Həmçinin həmin konvensiyanın 5.9-cu bəndinə əsasən hava gəmisinin istismarçısı, lazımi sənədləri olmayan şəxsin giriş hüququna malik olmadığı və dövlətdən çıxarılması üçün hava gəmisinin istismarçısına qaytarıldığı andan etibarən həmin şəxsin qorunması və himayəsi ilə bağlı xərclərə görə məsuliyyət daşıyır. Türkiyə Respublikasının “YABANCİLAR VE ULUSLARARASİ KORUMA KANUNU”na əsasən aşağıdaki yabancılar, kabul edilemeyen yolcu kapsamına alınır ve Türkiye’ye girişlerine izin verilmeyerek geri çevrilir: a) Pasaportu, pasaport yerine geçen belgesi, vizesi veya ikamet ya da çalışma izni olmayanlar ile bu belgeleri veya izinleri hileli yollarla edindiği veya sahte olduğu anlaşılanlar b) Vize, vize muafiyeti veya ikamet izin süresinin bitiminden itibaren en az altmış gün süreli pasaport veya pasaport yerine geçen belgesi olmayanlar Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36.1.2-ci maddəsinə əsasən pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır. Beləliklə Gürcüstan Respublikası vətəndaşlarının Türkiyə Respublikası ərazisində vizasız qalma müddətinin 90 günlə məhdudlaşdığını, “YABANCİLAR VE ULUSLARARASİ KORUMA KANUNU”nun 7-ci maddəsinin b) bəndinin müddəalarını nəzərə alaraq, Gürcüstan vətəndaşı pasportunun etibarlılıq müddəti 150 (90+60) gün təşkil etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırsada maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehlərin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı X1 cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 MMC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar