Məhkəmə qərarları › İş №2(006)-3628/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3628/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3628/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığort ödənişinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, 1992-ci ildən 2003-cü ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmətdə olmuşdur. 14 oktyabr 1992-ci ildə döyüşdə travma almışdır. Hərbi xidmət dövrü aldığı yaralanma ilə əlaqədar 2016-cı il tarixdə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Lakin bugünə qədər 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı oğluna 04 mart 1998-ci ildə müharibə veteranı kimi 012840 saylı vəsiqə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Xətai rayon ƏSMM tərəfindən 09 avqust 2016-cı ildə 2-ci qrup əlilli kimi 001297 saylı vəsiqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 22 saylı qərarından görünür ki, İddiaçı 1970-ci il təvəllüdlü, hərbi travma: “Qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi. Kontuziya. Başın ənsə nahiyəsinin sol tərəfinin çapılmış yarası (mərmi). Kontuziya”. Bəli, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Əsas: 3 saylı Şəhər Klinik Xəstəxanası tərəfindən 14 oktyabr 1992-01 noyabr 1992-ci il tarixində verilmiş xəstəlik tarixindən çıxarış epikrizi, 3 saylı Şəhər Klinik Xəstəxanası tərəfindən 21 iyun 2016-cı il tarixində verilmiş 602 saylı məktub, DİN-in Baş Kadrlar İdarəsi tərəfindən 28 mart 2016-cı il tarixində verilmiş 022/22-4787Q-3216 nömrəli məktubu, Xüsusi Həkim Komissiyasının 22 iyun 2016-cı il tarixli protokolu. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 22 fevral 2021-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizin səhhətiniz ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizəyə baxıldı. Ərizənizə cavab olaraq bildiririk ki, İ Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə işçi qrup yaradılmışdır. İşçi Qrup əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşşəkkil qaydada iş aparılır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq qərar qəbul edildikdən sonra Sizin tələbiniz təmin olunacaqdır”. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 6.600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 22 fevral 2021-ci il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğun deyil, həmin cavab əsassızdır və iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar