Məhkəmə qərarları › İş №2(006)-3642/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3642/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3642/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı «gecikmə borcunun silinməsi, bu barədə arayış verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı «gecikmə borcunun silinməsi, bu barədə arayış verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh2 ASC-nin səhvi nəticəsində xxxxnda göstərilmiş gecikmə borcunun silinməsi; bu barədə ona arayış verilməsi; Əmanətlərin Sığortalanması Fondundan ona dəymiş 10.000 manat maddi və mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26.11.2010-cu il tarixdə Cavabdeh2 ASC-dən 44.000 manat dövlət ipotekası götürülmüşdür. 03.12.2019-cu il tarixdə və 11.02.2020-ci il tarixdə «xxxx» MMC-dən çıxarış alarkən, adında 1.000 gündən çox gecikmə mövcud olduğu məlum olmuşdur. Həmin gecikmənin səbəbi kimi 26.11.2010cu il tarixdə Cavabdeh2 ASC-dən götürdüyü dövlət ipotekası göstərilmişdir ki, bu da yanlış məlumatdır. Azərbaycan Respublikası Mərkəzi X4 12 iyul 2012-ci il tarixli qərarı ilə Cavabdeh2 ASC-nin lisenziyası ləğv edilmiş, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 2(81)-2410/2012 saylı qərardadı ilə LPO Cavabdeh2 ASC-nin ləğvedicisi «X1 Company» MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. Eyni zamanda onun ipoteka krediti 08.08.2012-ci il tarixdə «xxxx» ASC-yə keçirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, kredit portfeli Cavabdeh2 ASC-dən «xxxx» ASC-yə təhvil-təslim aparılarkən heç bir gecikmə olmamış və bu günə kimi də kreditin «xxxx» ASC-də olduğu dövrdə gecikmə yoxdur. Qeyd edir ki, 1.000 gündən artıq gecikmə Cavabdeh2 ASC-nin səhvi ucbatından göstərilən 6 manat 36 qəpik əsas borc, 9 manat 58 qəpik faizə görə yaranmışdır ki, onun kredit tarixçəsi korlanmış və hazırda heç bir bankdan kredit götürə bilmir. Eyni zamanda, sistemdə olan aktiv kreditindən 2-si göstərilməli olduğu halda, 3 aktiv kredit göstərilmişdir. Belə ki, 26.11.2010-cu il tarixdə Cavabdeh2 ASC-dən götürdüyü dövlət ipotekası «xxxx» MMCdən çıxarışın 3.3 və 3.4-cü bəndində iki dəfə göstərilmiş, nəticədə anlaşılmazlıq və hüquqlarının pozulması ilə nəticələnmişdir. Məsələ ilə bağlı, Azərbaycan Respublikası Mərkəzi Bankına, xxxxna, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna, LPO Cavabdeh2 ASC-yə, «xxxx» ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna müraciəti nəticə verməmiş, cavablar isə ziddiyyətli olmuş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Belə ki, LPO Cavabdeh2 ASC borcun mövcud olduğunu bildirsə də, ipoteka krediti xidmət olunması üçün göndərilmiş «xxxx» ASC və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu qeyd edilən kredit üzrə heç vaxt gecikmənin olmadığını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, xəstəliyinin müalicəsi (İİ qrup ümumi əlil) və himayəsində olan 3 övladının xərcləri üçün bir neçə banka kredit götürməsi ilə bağlı müraciəti təmin edilməmiş, buna səbəb isə xxxxnda gecikmə olduğu bildirilmiş, nəticədə səhhətinin müalicəsi üçün özəl xəstəxanada müalicə ala bilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi Koroğlu küçəsi ev 2/1 nömrəli mənzilin alınması məqsədi ilə LPO Cavabdeh2 ASC ilə İddiaçı arasında 26 noyabr 2010-cu il tarixdə 271/İK/10 nömrəli kredit müqaviləsi rəsmiləşdirilmişdir. 26 noyabr 2010-cu il tarixli 271/İK/10 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları 29 dekabr 2010-cu il tarixli RLB-İP № 000301 nömrəli ipoteka kağızı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ötürülmüşdür. 25 iyul 2012-ci il tarixdən etibarən qeyd olunan ipoteka krediti xidmət olunması üçün Cavabdeh2 ASC-dən «xxxx» ASC-yə verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı Fond qarşısında heç bir vaxtı keçmiş öhdəliyi mövcud deyildir. Yuxarıda qeyd olunanlar barədə müfəssəl məlumat Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun iddiaçıya ünvanladığı cavab məktubunda qeyd olunmuşdur. Lakin, buna baxmayaraq, məlumat təchizatçısı olan Cavabdeh2 ASC xxxxna kredit müqaviləsi üzrə borc məbləğinin mövcud olması barədə əsassız məlumat vermişdir. Həmin məlumat əsasında iddiaçının adına olan kredit tarixçəsinə əsassız olaraq 6 manat 36 qəpik əsas borc, 9 manat 58 qəpik faiz barədə qeydlər edilmişdir. Cavabdeh2 ASC həmin borcun və gecikmənin mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir. xxxxna təqdim edilmiş yanlış bilgiyə görə, iddiaçının hüquqları pozulmuşdur. İddiaçı müxtəlif instansiyalara, həmçinin iş üzrə cavabdehlərə müraciət edərək, yanlışlığın aradan qaldırılması, qeydlərdə olan səhvlərə düzəliş edilməsini xahiş etsə də, ona bunun imkan xaricində olduğu bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, iddia tələbi borc barədə qeydlərin silinməsi və bu barədə arayışın verilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 26 noyabr 2010-cu il tarixli 271/İK/10 nömrəli kredit müqaviləsi üzrə 6 manat 36 qəpik əsas borc, 9 manat 58 qəpik faiz borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi, habelə bu barədə İddiaçı arayış verilməsi öhdəliyi LPO Cavabdeh2 ASC-nin üzərinə qoyulmalıdır. İddia vurulmuş maddi və mənəvi ziyana görə Əmanətlərin Sığortalanması Fondundan 10.000 manat pul tutulmasına dair hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona Əmanətlərin Sığortalanması Fondu tərəfindən real zərərin vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 26 noyabr 2010-cu il tarixli 271/İK/10 nömrəli kredit müqaviləsi üzrə 6 manat 36 qəpik əsas borc, 9 manat 58 qəpik faiz borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi, habelə bu barədə İddiaçı arayış verilməsi öhdəliyi LPO Cavabdeh2 ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar