Məhkəmə qərarları › İş №2(006)-365/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-365/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-365/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Mikayıl Əliyev küçəsində (Neolit Şadlıq evinin yaxınlığında) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Toyota Prius” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səmədzadə Kamran Ömər oğluna məxsus “Hyundai Sonata” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuş, Bakı şəhər Dövlət Yol Polis İdarəsində “Hyundai Sonata” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü barəsində inzibati protokol tərtib edilmiş və qərar qəbul olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Yol-nəqliyyat qəzası nəticəsində iddiaçıya məxsus olan maşının qabaq sol hissəsi əzilmiş və nəticədə ona ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı müvafiq sənədləşmə işləri aparılmış, maşının bərpası ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hərəkətlər edilmiş, iddiaçıya məxsus “Toyota Prius” markalı avtomaşına “Toyota” servisdə baxış keçirilmiş və bərpası üçün 2182 manat pulun tələb olunması barədə qüsur aktı tərtib edilmişdir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 4 saylı forma üzrə arayış və qüsur aktı cavabdeh olan sığorta şirkətinə təqdim olunmuş, lakin sığorta şirkəti əsassız olaraq yalnız 650 manat məbləğində pulun ödənilməsini bildirmişdir. xx.xx.2020-ci il tarixli avtomobilə dair tərtib olunmuş qiymətləndirmə aktından görünür ki, qəza nəticəsində avtomaşına vurulmuş ziyanı aradan qaldırmaq və onu tam yararlı vəziyyətə gətirmək üçün ehtiyat hissələrinə 1207,63 manat, görülən işlərə isə 847 manat, cəmi 2424,46 manat, endirimlə son nəticədə 2182,46 manat vəsait sərf edilməlidir. Digər tərəfdən, qəza nəticəsində maşın yararsız hala düşərək, duracağa yerləşdirilib və bu günə qədər iddiaçı mülkiyyətindən istifadə etmək hüququndan məhrum olunmuş və bu da maddi itkilərə səbəb olmuşdur. İddiaçı mülkiyyətdən məhrum olma, cavabdehlərin dəymiş ziyanı ödəməkdən imtina etməsi nəticəsində əsəb və sarsıntı keçirmiş və nəticədə ona 10 000 manat məbləğində maddi və mənəvi ziyan yetirilmişdir. Göstərilənlərə əsasən avtonəqliyyat qəzası nəticəsində maşına vurulmuş zərərə görə 2424,46 manat, hüquqi yardıma görə ödənilmiş 500 manat, qüsur aktına görə ödənilmiş 100 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, maddi və mənəvi ziyana görə 10000 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib edilmiş İXP № ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “HYUNDAİ SONATA” minik markalı, **-UE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Səmədzadə Kamran Ömər oğlu hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Səmədzadə Kamran Ömər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan “Azərsığorta” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Toyota Prius” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilə 720 manat məbləğində ziyan dəymişdir İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilə 2182,46 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş hesab-fakturadan görünür ki, qüsur aktının tərtibinə görə İddiaçı tərəfindən MMC-yə 100 (bir yüz) manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı hesabına 720 manat pul ödənilmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4220 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Toyota Prius” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1696 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “Toyota Prius” markalı, ** TN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Mikayıl Əliyev küçəsində idarə edərkən bu zaman Səmədzadə Kamran Ömər oğlu tərəfindən idarə edilən “HYUNDAİ SONATA” minik markalı, **-UE-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş, hadisənin törədilməsində həmin avtomobilin sürücüsü Səmədzadə Kamran Ömər oğlu təqsirli hesab olunmuş, həmin avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. İddiaçının avtomobilinə zərər dəymiş və o, dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Sığorta ödənişinin məbləği ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 1696 manat məbləğində ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 2424,46 manat tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, “Toyota Prius” markalı, ** TN *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1696 manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığorta şirkəti tərəfindən iddiaçının hesabına 720 (yeddi yüz iyirmi) manat pul köçürülmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçıya məxsus avtomobilə vurulmuş zərərə görə 976 manat (1696-720=976) manat, habelə qüsur aktına görə 100 manat olmaqla, cəmi 1076 manat pul tutulmalıdır. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 500 manat, maddi və mənəvi ziyana görə 10.000 manat pulun tutulması” hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin tələblərinin əsaslı olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən maddi ziyana görə 976 (doqquz yüz yetmiş altı) manat, qüsur aktına görə 100 (bir yüz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 1091 (bir min doxsan bir) manat məbləğində pul alınaraq İddiaçı verilməli, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə İddiaçı aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən maddi ziyana görə 976 (doqquz yüz yetmiş altı) manat, qüsur aktına görə 100 (bir yüz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 1091 (bir min doxsan bir) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar