Məhkəmə qərarları › İş №2(006)-3654/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3654/2024

22.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3654/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 MMC-yə və "xxxx" KB ASC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə «açıq hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 MMC-yə və "xxxx" KB ASC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə «açıq hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC tərəfindən mülkiyyətində olmuş ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinin hərrac yolu ilə satışı ilə əlaqədar keçirilmiş açıq hərracın yekunları barədə xx.xx.2024-cü il tarixli, 49/24 saylı protokolun və həmin protokolun hüquqi nəticəsi olaraq cavabdeh "xxxx" KB ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 32 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr nömrəli icra qeydinə əsasən 29KD/19-2 saylı əlavə kredit müqaviləsi üzrə müddət üçün vaxtında ödənilməmiş 16.722 manat 10 qəpik əsas borc, 818 manat 90 qəpik faiz, 83 manat 47 qəpik dəbbə pulu olmaqla, cəmi 17.624 manat 47 qəpik məbləğində ödənilməmiş borc məbləği onun mülkiyyətində olan ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinə (əmlaka) yönəldilmişdir. Qeyd olunan icra sənədi üzrə Cavabdeh1 icra məmuru tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında ona istər poçt vasitəsilə, istərsə də şəxsən bildiriş təqdim edilməmişdir. Hazırkı iddia ərizəsinə qoşma edilmiş icraata başlamaq haqqında qərardan, tələbin könüllü icrası haqqında bildirişdən və hərracın keçirilməsi haqqında sifariş məktublarından və xüsusən də, həmin məktubların çıxış tarixlərindən görünür ki, icra məmuru xx.xx.2023-cü il tarixdə başladığı icraat haqqında onu məlumatlandırmamış, tələbin könüllü icrası haqqında bildirişi ona təqdim etmədən, yəni icraatın başladığı tarixdən təxminən 4 ay sonra hərracın təşkili ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh hərrac təşkilatına sifariş məktubu göndərmişdir. Bununla da icra məmuru tərəfindən ona tələbin könüllü icrası haqqında bildirişin verilmədiyi faktı təsdiqini tapmış olur. Həmin qanun pozuntularının davamı olaraq Cavabdeh1 icra məmuru tərəfindən ona tələbin könüllü icrası haqqında bildiriş verilmədən ona məxsus torpaq sahəsinin hərrac yolu ilə satışı üçün sifariş verilmiş və həmin sifariş əsasında digər Cavabdeh3 MMC onlara verilmiş səlahiyyətlərdən sui-istifadə edərək qanunsuz hərrac keçirərək ondan xəbərsiz, mülkiyyətində olan ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinin guya hərrac yolu ilə satışı baş tutmadığı əsası ilə onun həmin əmlakı qoyulmuş ən ucuz qiymətdən də 25 % aşağı qiymətə, yəni 21.675 manat dəyərində cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2024-cü il tarixdə təklif edilmişdir. Cavabdeh3 MMC tərəfindən keçirilmiş qanunsuz hərracın yekununa dair xx.xx.2024-cü il tarixli «Hərracın yekununa dair» 49/24 saylı protokol əsasında ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsi guya hərrac yolu ilə satışı baş tutmadığı əsası ilə onun həmin əmlakı qoyulmuş ən ucuz qiymətdən də 25 % aşağı qiymətə, yəni 21.675 manat dəyərində cavabdeh "xxxx" KB ASC tərəfindən qanunsuz olaraq əldə edilmişdir. Hesab edir ki, xüsusi mülkiyyətində olmuş, ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac tam qanunsuzdur. Buna görə də, cavabdehlər tərəfindən sifariş və təşkil edilmiş hərracın xx.xx.2024-cü il tarixli «Hərracın yekununa dair» 49/24 saylı protokol etibarsız hesab edilməli və həmin protokolun hüquqi nəticələri ləğv edilməlidir. Cavabdehlər tələbkar bankla əlbir olub onsuz da əmlaka qoyulmuş qiymətdən narazı qalmasına baxmayaraq, ipoteka ilə yüklü edilmiş əmlakı dəyər-dəyməzə guya hərracın baş tutmadığı əsası ilə ipoteka predmetinin ilkin satış qiymətindən 25 % aşağı qiymətə 21.675 manat dəyərində tələbkar banka təklif etmişlər. Qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. Ona hərracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 MMC məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən Cavabdeh1 tərəfindən verilmiş 17/68№250016-4 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin 8İ-9874 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, ilkin satış dəyəri 34.000 (otuz dörd min) manata olmaqla, İddiaçı məxsus, ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur (xx.xx.2024-cü il tarixli sifarişin surəti əlavə edilir). Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 01 mart 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı, tələbkar "xxxx" KB ASC-yə 115/24 saylı, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir (bildirişin, poçt qəbzinin, xəbərnamənin surəti əlavə edilir). İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixdə «Şərq» qəzetində dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də («e-herrac.com») yerləşdirilmişdir. Hazırkı etiraz-mülahizəyə əlavə edilən «hərracın baş tutmamasına dair» 01 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır (xx.xx.2024-cü il tarixli protokolun surəti əlavə edilir). Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 01 mart 2024-cü il tarixə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15 % aşağı qiymətə, yəni 28.900 (iyirmi səkkiz min doqquz yüz) manata olmaqla 19 mart 2024-cü il tarixə, saat 10.00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixdə «Şərq» qəzetində dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də («e-herrac.com») yerləşdirilmişdir. Eyni zamanda qeyd edirlər ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat «Şərq» qəzetində və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də («e-herrac.com») dərc olunmuşdur. Hazırkı etiraz-mülahizəyə əlavə edilən «təkrar hərracın keçirilməsinə dair» xx.xx.2024-cü il tarixli, 207/24 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə edilir). Hazırkı etirazmülahizəyə əlavə edilən «hərracın baş tutmamasına dair» 19 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, 19 mart 2024-cü il tarixə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2024-cü il tarixdə kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz-mülahizəyə əlavə edilən «xx.xx.2024-cü il tarixli, 261/24 saylı ipoteka predmetinin əldə olunmasına dair» təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" KB ASC xx.xx.2024cü il tarixli məktubla ipoteka predmetini təklif edilən 21.675 (iyimi bir min altı yüz yetmiş beş) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən «X1» nəzdində Cavabdeh3 MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 49/24 saylı «Açıq hərracın yekunları barədə protokol» tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh3 MMC-nin 327/24 saylı, xx.xx.2024-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz-mülahizəyə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Cavabdeh3 MMC yuxarıda qeyd olunanların nəzərə alınmasını, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1nə, "xxxx" KB ASC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən tərəflərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydindən görünür ki, ipoteka saxlayan "xxxx" KB ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti – ünvan 1ində 0.10 ha torpaq sahəsində yerləşən əmlaka tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. İcra qeydinin verilməsi üçün sonrakı ipoteka müqaviləsi (xx.xx.2019-cu il tarixli), sonrakı ipoteka müqaviləsinə saziş (xx.xx.2022-ci il tarixli) notariusa təqdim edilmişdir. İcra qeydinin verilməsinə əsas 29KD/19-2 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş əsas borc, faiz və dəbbə pulu olmaqla, cəmi 17624.47 manat pul vəsaiti olmuşdur. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cavabdeh1 böyük icra məmuru X2 həmin tarixdə icraatına daxil olmuş, Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydi (sənədi) üzrə icraata başlamışdır. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə borclu İddiaçı Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydinin könüllü icra edilməsi üçün 10 gün müddətin verilməsi barədə məlumat vermişdir. Bildiriş borclunun icra qeydində göstərilən ünvanına göndərilmişdir. Cavabdeh1 tərəfindən verilmiş 17/68№250016-4 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin 8İ-9874 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, ilkin satış dəyəri 34000 (otuz dörd min) manat olmaqla, İddiaçı məxsus, ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur. Açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli sifariş məktubu (hərrac sifarişi) üzrə ilkin hərracın keçirilməsi 01 mart 2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı, tələbkar "xxxx" KB ASC-yə 115/24 saylı, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. Həmin bildiriş Hüseynov soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixdə «Şərq» qəzetinin 22(6023)2024 nömrəsində dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində («e-herrac.com») yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu səbəbdən «Hərracın baş tutmamasına dair» 01 mart 2024-cü il tarixli protokol tərtib olunmuşdur. Eləcə də, hərracın təşkilatçısı tərəfindən xx.xx.2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat «Şərq» qəzetində və hərracın təşkilatçısının rəsmi internet səhifəsində («e-herrac.com») dərc olunmuşdur. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli sifariş məktubu (hərrac sifarişi) üzrə ilkin hərracın keçirilməsi 01 mart 2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş, hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15 % aşağı qiymətə, yəni 28.900 (iyirmi səkkiz min doqquz yüz) manata olmaqla təkrar hərracın keçirilməsi 19 mart 2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı, tələbkar "xxxx" KB ASC-yə 115/24 saylı, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir.və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı, tələbkar "xxxx" KB ASC-yə 207/24 saylı, xx.xx.2024cü il tarixli bildiriş göndərilmişdir. Həmin bildiriş Hüseynov soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixdə «Şərq» qəzetinin 42(6043)2024 nömrəsində dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində («e-herrac.com») yerləşdirilmişdir. 19 mart 2024-cü il tarixə təyin edilmiş təkrar açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış, «Hərracın baş tutmamasına dair» 19 mart 2024-cü il tarixli protokol tərtib olunmuş, təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2024-cü il tarixdə «Şərq» qəzetinin 53(6054)2024 nömrəsində dərc edilməklə, bu məlumat hərrac təşkilatçısının rəsmi internet səhifəsində (e-herrac.com) yerləşdirilmişdir. Təkrar hərrac baş tutmadığından, ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2024-cü il tarixli, 261/24 saylı təklif ünvanlanmaqla, yuxarıda göstərilən ipoteka predmeti olan torpaq sahəsi «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 28900 manata ipotekasaxlayan "xxxx" KB ASC-yə təklif olunmuşdur. Həmin təklifin surəti borcluya da göndərilmiş, Hüseynov soyadlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir. İpoteka saxlayan "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla ipoteka predmetini təklif edilən 21675 (iyirmi bir min altı yüz yetmiş beş) manata əldə edilməsinə razılıq bildirmişdir. xx.xx.2024-cü il tarixli, 49/24 saylı «Açıq hərracın yekunları barədə protokol»dan görünür ki, mübahisə predmeti olan əmlak hərracın qalibi "xxxx" KB ASC tərəfindən 21675 manata alınmışdır. Cavabdeh3 MMC-nin 327/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 49/24 saylı «Açıq hərracın yekunları barədə protokol» növbəti tədbirlərin təmin edilməsi məqsədilə sifarişçi icra şöbəsinə göndərilmiş, eləcə də, surəti məlumat üçün tələbkar və borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydi (sənədi) tam icra olunduğundan həmin icra sənədi üzrə icraata Cavabdeh1 böyük icra məmuru X2 tərəfindən xitam verilmişdir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixdə 8İ-9874 nömrə ilə qeyd edilmiş icra qeydinə dair notariat işi materiallarından müəyyən edilir ki, tələbkar "xxxx" KB ASC tərəfindən xx.xx.2023-cü il tarixdə hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş və icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş İddiaçı (Hüseynova soyadlı şəxs xx.xx.2023-cü il tarixdə qəbzə imza etməklə) poçt vasitəsilə təqdim edilmişdir. 08 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə İddiaçı 29KD/19-2 saylı kredit müqaviləsi üzrə əsas borcu 16722.10 manat, faiz üzrə borcu 818.90 manat və cərimə faizləri 83.47 manat olmaqla, cəmi borcu 17624.47 manat təşkil edir. AZ18UBAZ**********1010AZN002 hesab üzrə İddiaçı aid hesabdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə çıxarışdan görünür ki, borclu tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 740 manat kredit ödənişi edilmişdir. Tərəflər arasında bağlanmış 29KDSİ/19 saylı xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, borcalan bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə əsas öhdəliyin, yaxud onun bir hissəsinin ödənilməsinin icrasını 90 təqvim günü və daha çox müddətdə gecikdirildiyi halda ipoteka predmetinin üzərinə ödəniş yönəldilməsi prosedurunun başlanması üçün əsaslardan biri hesab edilir. Məhkəməyə təqdim edilmiş cavabdeh Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinin etirazmülahizələrinə əlavə edilmiş hərrac keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, Cavabdeh1 tərəfindən hərrac keçirilməsi haqqında sifariş məktubu məlumat üçün İddiaçı ünvanlanmışdır. Şərq qəzetinin 22(6023) 2024-cü il nömrəli, 06 fevral 2024-cü il tarixli buraxılışında ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması məqsədilə ilkin hərracın açıq auksion qaydasında 01 mart 2024-cü il tarixdə keçirilməsi barədə elan yerləşdirilmişdir. Şərq qəzetinin 42(6043) 2024-cü il nömrəli, 05 mart 2024-cü il tarixli buraxılışında ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması məqsədilə təkrar hərracın 19 mart 2024-cü il tarixdə keçirilməsi barədə elan yerləşdirilmişdir. Şərq qəzetinin 53(6054) 2024-cü il nömrəli, 28 mart 2024-cü il tarixli buraxılışında ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması məqsədilə 19 mart 2024-cü il tarixə təyin edilmiş təkrar hərracın baş tutmaması barədə elan yerləşdirilmişdir. İddiaçı məlum olan 2 fərqli ünvanına – ünvan 3çəsi, ev 3, mənzil 151 ünvanına aparılan hərrac icraatı barədə məktublar birinci ünvan üzrə çatdırılmasa da, ikinci ünvan üzrə çatdırılmış və buna dair xəbərnamələrdə qeyd aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2-ci maddəsinə əsasən ipoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 416.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadəyə aiddir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının mülkiyyətçisidir. 26.1.7-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqları sırasında müəyyən edilmişdir. 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri də əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarına aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi icra məmuru tərəfindən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş, tələbin könüllü icra edilməsinə dair bildirişin ona göndərilməməsinə (ona rəsmi qaydada təqdim olunmamasına) istinad edir və bu səbəbdən bütövlükdə həyata keçirilmiş hərracın hüquqi nəticələrinin ləğv edilməsini xahiş edir. Məhkəmə tərəfindən aidiyyəti üzrə Binəqədi rayon İcra Şöbəsinə icra işinin məhkəməyə təqdim edilməsinə dair sorğu ünvanlanmasına baxmayaraq icra işi məhkəməyə təqdim edilməmişdir. Bununla belə məhz iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş icra işi üzrə sənədlərdən müəyyən edilir ki, icra məmuru icra qeydinin icraata qəbul edilməsi barədə qərar qəbul etdikdən sonra borcluya tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli bildiriş ünvanlamışdır. Məhz bundan sonra qanunvericilikdə müəyyən edilmiş 2 aylıq müddəti gözləmiş, bundan xeyli müddət sonra xx.xx.2024-cü il tarixdə hərrac təşkilatına hərracın keçirilməsi barədə bildiriş ünvanlamışdır. Göründüyü kimi icra icraatı çərçivəsində icranı həyata keçirən orqan borcluya tələbin könüllü icrası barədə bildiriş göndərdikdən sonra qanunla müəyyən edilmiş müddəti gözləmiş, lakin bu müddət ərzində tələb borclu tərəfindən könüllü icra edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Bundan başqa istər icra qeydinin aparılmasına əsas olan sənədlərdən, istərsə də, hərracın təşkili bağlı sənədlərdən müəyyən edilir ki, müvafiq icraatı həyata keçirən subyektlər borclunu həyata keçirilən icraat barədə xəbərdar etmişlər. Lakin borclu ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin verilməsi üçün tələbkar tərəfindən göndərilmiş bildirişi, habelə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişləri almasına baxmayaraq həmin mərhələlərdə aparılan icraatı mübahisələndirməmiş, özünün yerinə yetirməli olduğu öhdəliyi icra etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, təqdim edilmiş müvafiq hesabdan çıxarışa əsasən müəyyən edilir ki, borclu tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş həyata keçirilmişdir. Sonrakı 90 təqvim günü müddətində, habelə ondan sonrakı dövr üçün isə borclu öhdəliklərini icra etməmişdir. Odur ki, hazırda iddiaçı tərəfindən öz vəzifələrini icra etmədən hüquqlarını tələb etməsi, yəni yeganə dəlil olaraq icra məmuru tərəfindən ona könüllü icra üçün bildiriş göndərilməməsinə istinad edərək həyata keçirilmiş icra hərəkətlərinin etibarsız hesab edilməsi barədə tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. İddiaçı və bank arasında olan kredit müqavilələrinin davamlı xarakter daşımasını (tərəflər münasibətlərini əlavə saziş və s. formada rəsmiləşdirməklə uzatmışlar) nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı özünün bank qarşısında öhdəliklərinin icrasından xəbərdar olmuş, bu müddət ərzində həmin öhdəliklərin icrası istiqamətində əməli davranış nümayiş etdirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hərrac Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunununda müəyyənləşdirilmiş qaydaları pozmaqla həyata keçirildikdə etibarsız sayıla bilər. Hazırkı halda isə işin araşdırılmış halları ilə açıq hərracın qanunla müəyyən edilmiş qaydalara riayət edilməklə həyata keçirildiyi müəyyən edildiyindən və bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən buna dair iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək hesab edir ki, iddia tələbi bütövlükdə əsassızdır və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 MMC-yə və "xxxx" KB ASCyə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə «açıq hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 MMC-yə və "xxxx" KB ASC-yə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə «açıq hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar