Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3671/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü Serap və xx.xx.2021-ci il təvəllüdlü Eymen adlı uşaqlarının saxlanması üçün onların atası Cavabdeh hər uşağa görə ayda 235 manat məbləğində pulun aliment şəklində tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşı Cavabdehla faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə, xx.xx.2018-ci il tarixdə X6, xx.xx.2021-ci il tarixdə isə X7 anadan olmuşlar. Həm Türkiyə, həm də Azərbaycanda yaşamışlar. Mahmutun Türkiyədə işi, biznesi var. Bununla əlaqədar həm orada, həm də Bakıda yaşayır. Bakıda Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, ev 18, mənzil 27-də müvəqqəti qeydiyyata alınaraq yaşayır. Uşaqlar balaca olduğuna görə iddiaçı işləmir. Onları saxlamaq üçün valideynləri kömək etsə də bu kifayət etmir. Mahmut da kifayət qədər pul xərcləmək istəmədiyinə görə ondan uşaqların saxlanması üçün aliment almaq qərarına gəlmişdir. Bəzən o, uzun müddət Türkiyədə qaldığına və lazımi köməklik etmədiyinə görə uşaqları saxlamaq çox çətindir. Buna görə aliment üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2017-ci ilin 11-ci ayında İddiaçı ilə ailə həyatı qurmuşdur, yəni 7 ildir evli olduqları həyat yoldaşını və 2 uşağını hər il olduğu kimi 2022-ci ilin iyun ayında 2 ildən çoxdur ki, qayınatasına qonaq göndərmişdir. Pandemiya səbəbindən gələ bilməmiş, amma onlar bir ay keçməsinə baxmayaraq, geri qayıtmamışlar və hər soruşduğumda başqa başqa bəhanələrlə qalmalarını uzatdılar. 2 ay keçdikdən sonra anası ona demişdir ki, qızımı Türkiyəyə göndərmirəm gel, buradan ev al və burada məskunlaş, yoxsa uşaqlarını bir daha görməyəcəksən. Bundan əvvəl iki dəfə daha problem yaratmışdılar, sonra Türkiyədən Bakıya gəlmiş, aralarında mübahisə olmuşdur. Ona demişlər “ya ev alacaqsan, ya da uşaqlarını bir daha görməyəcəksən”. Uşaqlarını göstərmədilər, o da qayınatasının evinin yanındakı polis bölməsinə getmiş və şikayət etmişdir, təbii ki, polis heç nə edə bilməyəcəyini bildirmiş və sonra Türkiyə konsulluğuna getmiş və uşaqları burada saxlanılıb deyə ərizə yazmışdır. Sonradan övladları ilə qohumlarından biri vasitəsilə görüşmüşdür. Kirayə ev tutmuş, ailəsi ilə orda məskunlaşmış, amma 3-4 gündən bir yoldaşı paltarlarını çantasına atıb deyirdi ki, get, səni burada istəmirəm. Mənim geyimimə, hara getdiyimə qarışa bilməzsən" deyərək evdən çıxırdı, evdə düzgün yemək bişirməzdi, uşaqlara qışqırırdı, çox şeyler deyirdi. Cavabdeh onlara nə lazımdırsa alıb, Türkiyəyə qayıtmaq üçün kifayət qədər pul qoyub gedərdi. Təxminən bir ay Türkiyədə qaldıqdan sonra övladları üçün geri qayıtmışdır. Aylıq xərcləri 1500 manatdan az olmazdı. Bu şəkildə bir ay burada, bir ay Türkiyədə qalaraq evini qorumağa çalışmışdır, təbii ki, bütün əziyyətinin boşa çıxacağını bilirdi, amma 2 balaca körpələri var idi, onların heç bir günahı yox idi. 2 ildir onlar üçün çəkmədiyi heç bir ağrı yoxdur. Günlərlə otellərdə qalmış, ac qalmış, uşaqları üçün bu pis günləri yaşamağa məcbur idi. Yoldaşı dəfələrlə polisə şikayət etmişdir. Həyat yoldaşı Türkiyədə dəbdəbəli həyat yaşayırdı, evlənəndə həyat yoldaşının adına Türkiyədə yüz min manatlıq yeni tikilmiş dəbdəbəli mənzil almışdır. Yeddi ildir ki, onun oturum xərcini cavabdeh ödəyirdi. Qızları olandan sonra yoldaşı dəyişməyə başlamış, heç bir səbəb olmadan problem yaradır, kiçik uşağa həm psixoloji, həm də fiziki zorakılıq göstərirdi. Ailəsi üçün darıxdığı üçün onu hər il Bakıya gətirirdi, hər dəfə gələndə problem yaradırdı. Həyat yoldaşının dediklərinin hamısı yalan və böhtandır, onun ailəsi heç vaxt kömək etməmişdir və s. Cavabdeh uşaqlarının ona qaytarılmasını və onların himayəsinin ona verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsini qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir; X7 xx.xx.2021-ci il tarixdə Türkiyənin Hakkari şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. - Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00583 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı tərəf ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf iştirak etməmişdir (mediator: P.Əhmədova). - 13 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 362404 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Bayhan X1 atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. - 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. - 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. - 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. - 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü və 5-ci maddələrinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tələb edilən aliment məbləğinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilmiş qanuna görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edildiyindən, xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3671/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3671/2024
20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver