Məhkəmə qərarları › İş №2(006)-3689/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3689/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3689/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi»xxxx“xxxx” ASC-dən onun xeyrinə 20.270 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan "Volkswagen Passat" minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh "xxxx" ASCdə AS 015/20 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi ilə sığortalanmış, həmin avtomobili idarə etmək səlahiyyəti olan qohumu X3 20.11.2020-ci il tarixdə avtomobili idarə edərkən Sumqayıt şəhəri ərazisində yolnəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi DYP əməkdaşları tərəfindən araşdırılmış və yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan "Volkswagen Passat" minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 24.560 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Lakin, yol-nəqliyyat hadisəsini törətmiş “VAZ-21063" minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı "Azərsığorta" DSKŞ tərəfindən ona cəmi 4.290 manat məbləğində sığorta ödənişi verilmişdir. Sığorta ödənişinin tam ödənilməsi barədə cavabdeh "xxxx" ASC-yə ərizə ilə müraciət etmişəm və 055/21 saylı, 17.02.2021-ci il tarixli məktubla sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Ona görə də yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Qobustan RPŞ tərəfindən 19.09.2016-cı il tarixdə verilmiş AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Qobustan rayonu, Təklə- Mirzəbaba kəndində qeydiyyatdadır. 19.04.2021-ci il tarixli 22872 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Euro Style LTD” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Volkswagen Passat” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəyən ziyan 24560 manat təşkil edir. “xxxx” ASC-nin 17.02.2021-ci il tarixli 055/21 saylı məktubundan görünür ki, X1 vurulmuş zərər VAZ 21063 minik markalı **-FA-*** d.q.n-lı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortaçısı “Azərsığorta” DSKŞ tərəfindən tam ödənildiyi və hadisə barədə məlumat vermək imkanı olduğu halda “xxxx” ASC-yə gec məlumat verdiyi üçün sığortaçını hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum etdiyinə görə sığorta ödənişinin verilməsinə dair imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 16.03.2021-ci il tarixli 26-03153-2021 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası MM-in 529.2-ci maddəsinə istinad edilərək 20.11.2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində İddiaçı əmlakına dəymiş zərərin 4290 manat məbləğində olması barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti ilə razılıq əldə edildiyinə və razılaşdırılmış sığorta ödənişi bank hesabına köçürüldüyünə görə İddiaçı sığorta ödənişinin verilməsinə dair imtina cavabı verilmişdir. “xxxx” ASC-nin Qobustan rayon filialının 22.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı bank hesabına Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti tərəfindən 4.290 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 15.01.2020-ci il tarixli AS 015/20 saylı Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus “Volkswagen Passat” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı minik avtomobil “xxxx” ASC tərəfindən 17.200 manat məbləğində sığortalanmışdır. Yol nəqliyyat hadisəsinə dair ərizədən görünür ki, X3 03.02.2021-ci il tarixdə sığorta hadisəsi ilə bağlı “xxxx” ASC-yə məlumat vermiş, gec məlumat verməsinə səbəb kimi xəstə olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkətinin 17 mart 2021-ci il tarixli 06-06/475 saylı məktubuna əlavə edilmiş sığorta ödənişi aktı və ödəniş tapşırığından görünür ki, 4.290 manat məbləğində pul vəsaiti İddiaçı bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 923.1-ci maddəsinə görə Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1-ci maddəsinə əsasən zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi formasında həyata keçirilir. 935.1.1-ci maddəsinə görə bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında əmlak sığortası haqqında müqavilə bağlanmış olsa da, 20.11.2020-ci il tarixdə baş vermiş hadisə barədə, sığortalı tərəfindən “xxxx” ASC-yə məlumat vermək imkanı olmasına baxmayaraq, 2 aydan çox müddət keçdikdən sonra, yəni 03.02.2021-ci il tarixdə bu haqda məlumat vermiş, bununla da sığortaçını hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum etmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “VAZ-21063" minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi O.Y.Səfərovun mülki məsuliyyətinin icbari sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti tərəfindən 4.290 manat məbləğində dəymiş ziyan İddiaçı ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda sadalanan xüsusatlara əsasən sığortaçı “xxxx” ASC sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar