Məhkəmə qərarları › İş №2(006)-369/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-369/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-369/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi evə zəlzələ nəticəsində dəyən zərərə görə 8000 manat sığorta ödənişinin və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonu, Cəfərli kəndində yaşayır. Həmin ünvanda 3 otaqdan və 1 zal otaqdan ibarət evi 2021-ci ilin payız aylarında zəlzələ nəticəsində yararsız hala düşmüş, yaşayış üçün əlverişsiz olmuşdur. 2021-2022-ci illərdə fərdi evi icbari sığorta qaydasında Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Zəlzələ nəticəsində əmlakına dəymiş ziyanla bağlı sığorta ödənişinin alınması xahişi ilə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 24 fevral 2023-cü il tarixli 09/M-82/2023 saylı məktub ilə onun əmlakına dəymiş zərərin ödənilməsindən imtina olunmuşdur. İmtinaya səbəb məktubda “İddiaçı adına rəsmiləşdirilmiş daşınmaz əmlakın icbari sığortası müqaviləsinin aşkar edilməməsi” göstərilmişdir. O, imtinanı əsassız hesab edir. Belə ki, Ağsu rayonu, Cəfərli kəndində yerləşən fərdi evə görə onunla Dövlət Sığorta Kommersiya Şirkəti arasında 31 mart 2021-ci il və 31 mart 2022-ci il tarixində “Daşınmaz əmlakın icbari sığortası” müqaviləsi bağlanmışdır. O, əmlakıına dəymiş zərərə görə sığorta ödənişi almaq üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, sığorta şəhadətnaməsinin dublikatının verilməsini tələb etmişdir. Lakin Dövlət Sığorta Kommersiya Şirkəti sığorta şəhadətnaməsinin dublikatını verməkdən imtina etmişdir. Onun Sığorta Oqanlarının X3 etdiyi müraciətdən sonra İcbari Sığorta Bürosu tərəfindən müraciətinə baxılmış və 019754 saylı məktubla onunla cavabdeh arasında müqavilə bağlandığı təsdiq edilmişdir. Sonradan cavabdehin nümayəndələri fərdi evinə baxış keçirmiş və ona təklif olunmuşdur ki, sığorta ödənişi almaq üçün Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsin. Müraciətdə fərdi evə zəlzələ nəticəsində deyil, güclü leysan yağışı nəticəsində ziyan dəydiyini göstərmişdir. O, cavabdehin təkidi ilə həmin ərizəni yazmış və sonradan ona məlum olmuşdur ki, cavabdeh onu aldatmışdır. Bir daha bildirir ki, fərdi yaşayış evinə zərər dəyməsinə 2021-ci ilin payız aylarında baş vermiş zəlzələ səbəb olmuşdur. Zəlzələ nəticəsində dəymiş zərərin məbləği 8000 manatdan artıqdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 daha öncədən məhkəməyə ünvanladıqları etiraz ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirirlər ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində şirkətə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixində Ağsu rayonu, Cəfərli kəndi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evi leysan yağışları nəticəsində yararsız hala düşmüşdür. Əmlak sığortası üzrə dəyən zərərə baxış keçirilməsi üçün şirkətin qəza komissarı qeyd olunan ünvanda olmuşdur. İddiaçı sığorta hadisəsinin baş verməsini iddia etdiyi tarixdə həqiqətən leysan yağışlarının olubolmamasını müəyyənləşdirmək üçün şirkət tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə sorğu ilə müraciət edilmiş, xidmətin şirkətə ünvanlandığı 3-14-20/2-732/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunan arayışa əsasən xx.xx.2021-ci il tarixdə sözügedən ərazidə yağıntı qeydə alınmamışdır. İddiaçı ödənişi ala bilmədiyini göstərərək, yenidən şirkətə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət etmiş və ona məxsus evə leysan yağışları nəticəsində deyil, zəlzələ nəticəsində zərər dəydiyini bildirmişdir. İddiaçıya məxsus evə zəlzələ və ya leysan yağışları nəticəsində zərər dəyməsini təsdiqləyən hər hansı bir sənəd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Qeyd olunan öhdəlik iddiaçı tərəfindən həyata keçirilmədiyi üçün əmlaka dəyən zərərin qiymətləndirilməsi mümkün olmamışdır. Bu hal Məcəllənin 935.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina olunması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixdə Ağsu rayonu Cəfərli kəndi ərazisi üçün hava şəraiti haqqında arayışına əsasən xx.xx.2021-ci il tarixdə Ağsu hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumata əsasən hava tutqun, buludlu (10/8), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu 13.6 C, minimal temperaturu 11.6 C, maksimal temperaturu 16.5 C olmuşdur. Cənub-Qərb istiqaməti küləyin maksimal sürəti 2 m/san (2 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. xx.xx.2021-ci il tarixdə Ağsu rayonu və ona qonşu olan rayonlarda müşahidə edilmiş faktiki məlumatlara əsasən faktiki hava: xx.xx.2021-ci il tarixdə Ağsu rayonu ərazisində hava şəraiti yağmursuz keçmiş, lakin ona yaxın olan ərazilərdə arabir leysan xarakterli yağış yağmışdır. Düşən yağıntının miqdarı 16 mm (bu da aylıq normanın 51%-ni) təşkil etmişdir. - Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı müraciəti əsasında onunla şirkət arasında bağlanmış daşınmaz əmlakın icbari sığorta növü ilə bağlı xx.xx.2021-ci il tarixli, RDS********** saylı sığorta şəhadətnaməsinin (müqaviləsi) dublikatı təqdim edilmişdir. - RDS********** olan BB seriyalı 350824 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2021-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. - Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı şirkətə müraciət edərək, Ağsu rayonu Cəfərli kəndində yerləşən əmlakına dəymiş zərərlə bağlı ödənişin verilməsinə dair köməklik göstərilməsini xahiş etmişdir. Şirkət tərəfindən aparılan araşdırma zamanı İddiaçı tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin FİN koduna əsasən şirkətin elektron sistemi vasitəsilə məlumatlar yoxlanılmış, lakin İddiaçı adına rəsmiləşdirilmiş daşınmaz əmlakın icbari sığortası müqaviləsi aşkar edilməmişdir. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan müqavilədir və icbari sığorta müqaviləsi yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu səbəbdən İddiaçı müraciət ərizəsində qeyd etdiklərinə münasibət bildirmək mümkün deyildir. - Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sorğu məktubu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq sığortaçı tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən olunmuşdur ki, sığortaçı ilə İddiaçı arasında daşınmaz əmlakın icbari sığortası növü üzrə rəsmiləşdirilmiş hər hansı sığorta müqaviləsinə rast gəlinməmişdir. - "xxxx" DSKŞ-nin “əmlakın sığortası üzrə dəyən zərərə baxış haqqında” xx.xx.2023-cü il tarixli raporta əsasən, raportda İddiaçı xx.xx.2021-ci il tarixində Ağsu rayonu Cəfərli kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə yağan güclü yağış nəticəsində evinin tavan və döşəməsinin yararsız hala düşdüyünü bildirmiş, məsələ ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış olan xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, onun 2021- 2022-ci ildə evi sığortalanmışdır. 2021-ci ilin payız fəslində zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşmüşdür. Bu günə qədər dəfələrlə müraciət etməsinə baxmayaraq, ona köməklik göstərilməmişdir. Müraciət etdikdə ona bildirilmişdir ki, köməklik istəyirsə ərizəsində göstərsin ki, evi sel nəticəsində bu hala düşüb. Seysmoloqdan rəy ala bilməsələr də, hidrometroloqdan rahat rəy ala bilirlər. Hidrometroloq isə bildirir ki, həmin gün yağış yağmamışdır. Sonda göstərilənlərin nəzərə alınıb ona köməklik edilməsini xahiş etmişdir. -Məhkəməmnin sorğusu əsasında daxil olmuş Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2021-ci il tarixində, yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələnin maqnitudası Rixter cədvəli üzrə M1=5.1, dərinliyi h=41 km olmuşdur. Zəlzələ Ağsu rayonu Cəfərli kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunmuşdur. Bu zəlzələdən 2 dəqiqə sonra, yerli vaxtla saat 16:48də Şamaxı ərazisində ikinci zəlzələ qeydə alınmışdır. Zəlzələnin maqnitudası Rixter cədvəli üzrə M1=4.4, dərinliyi isə h=43 km olmuşdur. Zəlzələ Ağsu rayonu Cəfərli kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bala yaxın hiss olunmuşdur. Tikili təzədirsə, mövcud tikinti normalarına (Seysmik Rayonlarda Tikinti-Az.DTN 2.3-1) uyğun inşa olunmuşsa və qeyd olunmuş zəlzələlərdən əvvəl müəyyən təsirlərdən zədəli olmamışsa, bu intensivlikli zəlzələlər zamanı onlarda zədələr – çatlar əmələ gəlmir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/226 saylı rəyindən görünür ki, İddiaçı məxsus Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə ziyan dəydiyi, o cümlədən yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə ikitərəfli keçici çatlar əmələ gəldiyi, kürsü divarlarının çatladığı, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyü, divarların birləşmə yerlərinin, eləcə də divarların tavana və döşəməyə birləşmə yerlərinin aralandığı, pəncərə və qapı boşluqlarının kənarlarında çatlar əmələ gəldiyi, boya qatının üzərində ləkələr və nəmlik əlamətləri yarandığı müəyyən edilmişdir. Qeyd olunur ki, hər hansı tikili (yaşayış evləri, mənzillər, qeyri-yaşayış sahələri və s.) üzrə yaranmış qüsurların konkret olaraq nə vaxt əmələ gəlməsinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın konkret olaraq hansı tarixdə əmələ gəldiyini müəyyən etmək mümkün deyildir. Lakin yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikintiquraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə xx.xx.2021-ci il tarixdə zəlzələ baş verdiyini, fərdi yaşayış evinin 1983-cü il tarixində inşa olunduğunu nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı məxsus Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə dəymiş ziyanla əlaqədar həmin evin sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri təqribən 52072 manat (113,2 x 460) məbləğində müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İlkin olaraq qeyd edilməlidir ki, mülki işə məhkəmədə baxıldığı dövrdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" ASC-nin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli, 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğv edilməsi qərara alınmış və Şirkət barəsində ləğvetmə proseduru başlanmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış, sığorta məbləği 15.000 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2021-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni 2021-ci ilin noyabr ayında (sənədlərə əsasən 20 noyabr 2021-ci il tarixdə) sığorta hadisəsi baş vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixində, yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ Ağsu rayonu Cəfərli kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunmuşdur. Bu zəlzələdən 2 dəqiqə sonra, yerli vaxtla saat 16:48-də Şamaxı ərazisində ikinci zəlzələ qeydə alınmışdır. Zəlzələ Ağsu rayonu Cəfərli kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bala yaxın hiss olunmuşdur. Baş vermiş olan zəlzələ nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinə ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7- ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka zəlzələ nəticəsində zərər dəyməsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sığorta şirkəti ilkin olaraq iddiaçı ilə aralarında sığorta müqaviləsinin aşkar edilməməsi ilə əlaqədar sığorta ödənişi verməkdən imtina etmişdir. Hətta bununla kifayətlənməyib Azərbaycan Respublikasının Mərkəzi Bankının sorğusuna cavab olaraq da iddiaçı ilə aralarında hər hansı bir müqavilənin olmamasını bildirmişdir. Lakin sonradan, iddiaçının müraciəti əsasında onunla şirkət arasında bağlanmış olan daşınmaz əmlakın icbari sığorta növü ilə bağlı xx.xx.2021-ci il tarixli, RDS********** saylı sığorta şəhadətnaməsinin (müqaviləsinin) dublikatı iddiaçıya təqdim edilmişdir. Daha sonra sığorta şirkətinin sığorta ödənişi verməkdən imtina etməsinə səbəb kimi iddiaçının ilkin olaraq əmlakına zərərin leysan yağışlarının yağması, leysan yağışının yağması təsdiq edilmədikdə isə zəlzələ nəticəsində dəyməsi ilə əsaslandırması ilə əlaqədar olmuşdur. Məhkəmə cavabdehin bu dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçı ilkin olaraq sığorta şirkətinə müraciətində əmlakına zərərin güclü leysan yağışlarının nəticəsində əmələ gəldiyini qeyd etmiş olsa da, işdə olan sənədlərlə müəyyən olunur ki, həmin tarixdə Ağsu rayonu Cəfərli kəndi ərazisində yağıntı müşahidə olunmamışdır. Həmçinin, iddiaçı özü də iddia ərizəsində bu məsələyə aydınlıq gətirmiş, müraciətini məhz sığorta şirkətinin təkidi nəticəsində bu formada tərtib etdiyini bildirmiş və məhkəməyə qədər sığorta şirkətinə ünvanlamış olduğu növbəti ərizələrində əmlakına zərərin əslində baş vermiş olan zəlzələ nəticəsində dəydiyini göstərmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh etiraz ərizəsində iddiaçıya məxsus evə zəlzələ və ya leysan yağışları nəticəsində zərər dəyməsini təsdiqləyən hər hansı bir sənədin mövcud olmamasına istinad etmiş olsa da, məhkəmənin sorğusu əsasında daxil olmuş Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə 20 noyabr 2021-ci il tarixində Ağsü rayon ərazisində müəyyən vaxt aralığında 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 və 4 bala yaxın zəlzələnin hiss olunduğu təsdiq edilmişdir. Həmin məktubda tikilinin təzə olduğu halda, mövcud tikinti normalarına (Seysmik Rayonlarda Tikinti-Az.DTN 2.3-1) uyğun inşa olunmuşsa və qeyd olunmuş zəlzələlərdən əvvəl müəyyən təsirlərdən zədəli olmamışsa, bu intensivlikli zəlzələlər zamanı onlarda zədələrin – çatların əmələ gəlmədiyi bildirilmişdir. Lakin qeyd edilməlidir ki, iddiaçıya məxsus ev fərdi yaşayış evi olmaqla, təqdim edilmiş texniki pasporta əsasən 1980-ci illərdə inşa edilmişdir. Eyni zamanda işdə olan fotoşəkillərlə (ekspert rəyinə əlavə edilmiş fotoşəkillər) tikilinin təzə tikili olmadığı da müəyyən edilir. Həmçinin bu məsələ ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, müəyyən olunduğu kimi, sözügedən fərdi yaşayış evi Ağsu rayonunun Cəfərli kəndində inşa edilmiş və Respublikanın müxtəlif bölgələrində (rayon/kənd yerlərində) tikinti işlərinin aparılması zamanı tikinti norma və qaydalarına riayət edilməsi adətən gözlənilmir. Eyni zamanda, sığorta müqaviləsinin əsas şərtlərindən biri sığortaçının sığorta obyektinə baxış keçirmək, sığorta obyektinə dair zəruri sənədləri tələb etmək və məhz razılığı olduqda müqavilə bağlamaq imkanının olması, sığorta hadisəsi baş verdiyi zaman sığorta şirkətinin sonradan bu hallara, yəni tikilinin təzə və yaxud köhnə olması, tikilinin inşa edilməsi zamanı tikinti norma və qaydalarına riayət edilməsinə dair sənədlərin olub-olmamasına istinad edib sığorta ödənişi ödəməkdən imtina etməsi üçün əsas ola bilməz. Sığorta şirkətinin digər bir dəlili də iddiaçının şirkətə sığorta hadisəsi baş verdiyi halda dərhal məlumat verməməsi və əmlaka dəymiş zərərin məhz hansı səbəblərdən dəydiyini müəyyən etməyin mümkün olmamasından ibarətdir. Lakin qeyd edilməlidir ki, bu hal sığorta şirkəti tərəfindən daha öncədən mübahisələndirilməmiş, əksinə iddiaçı tərəfindən əmlakına zərərin dəyməsi bildirildiyi zaman şirkətin mütəxəssisi tərəfindən iddiaçıya məxsus əmlaka baxış keçirilməsi üçün hadisə yerində araşdırmalar aparılmış və araşdırmanın davamı olaraq şirkət tərəfindən aidiyyəti quruma hadisənin baş verdiyi dövrdə leysan yağışlarının yağıb-yağmamasının müəyyən edilməsindən ötrü sorğu ilə də müraciət olunmuşdur. İddiaçının əmlakına zərərin məhz zəlzələ nəticəsində dəyməsi təkcə iddiaçının təqdim etdiyi sənədlərlə deyil, həmçinin məhkəmənin təyin etmiş olduğu ekspertiza nəticəsində də müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/226 saylı eskpert rəyinə əsasən, İddiaçı məxsus Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə ziyan dəydiyi, o cümlədən yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə ikitərəfli keçici çatlar əmələ gəldiyi, kürsü divarlarının çatladığı, döşəmənin bəzi yerlərdə aşağı doğru çökdüyü, divarların birləşmə yerlərinin, eləcə də divarların tavana və döşəməyə birləşmə yerlərinin aralandığı, pəncərə və qapı boşluqlarının kənarlarında çatlar əmələ gəldiyi, boya qatının üzərində ləkələr və nəmlik əlamətləri yarandığı müəyyən edilmişdir. Göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bildiyi, tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikintiquraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə xx.xx.2021-ci il tarixdə zəlzələ baş verdiyini, fərdi yaşayış evinin 1983-cü il tarixində inşa olunduğunu nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/226 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış olan hallarla müəyyən edilir ki, sığorta hadisəninin baş verməsinə və iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, sığorta şirkəti müxtəlif səbəblər gətirərək sığorta ödənişini ödəməkdən yayınmışdır. Belə ki, sığorta şirkəti ilkin olaraq iddiaçı ilə aralarında hər hansı bir müqavilənin olmamasına istinad etmiş və bu barədə təkcə iddiaçıya deyil, hətta özünün üst qurumuna da düzgün olmayan məlumat vermişdir. Sonradan isə iddiaçının müraciətini düzgün tərtib etməməsi, sığorta hadisəsi barədə vaxtında məlumat verməməsi, bu səbəbdən sığorta hadisəsinin həqiqətən də baş verib-verməməsinin müəyyən edilməsinin mümkünsüzlüyünə əsaslanıb, bir növ sığorta ödənişini ödəməkdə marağının olmamasını nümayiş etdirmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə, təmin edilməli, ekspert rəyində əmlaka dəymiş ziyanın məbləğinin daha yüksək məbləğdə qiymətləndirilməsinə baxmayaraq, məhkəmə iddianın tələb edilən məbləğdə, yəni 8000 manat sığorta ödənişinin cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ödənilməli olması qənaətinə gəlir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə 8000 manat sığorta ödənişi və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağsu rayonu Cəfərli kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə 8000 manat sığorta ödənişi və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh LPO Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar