Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-370/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «icbari sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.400 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında yaralanmışdır. Hal-hazırda 3-cü qrup əlildir. Əlilliyini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda almışdır. Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların və şəhidlərin ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən sığorta pulu verilir. Şəhid ailələri və Qarabağ əlilləri artıq neçə müddətdir ki, sığorta pulunun ödənilməsində yaranan problemlərə etiraz edirlər. Belə ki, 2006-cı ilə qədər sığorta haqqını ala bilməyən şəhid ailələri və müharibə əlilləri indi onlara qanundakı son dəyişiklikdə qeyd edilən məbləğin ödənilməsini tələb edirlər. 1997-ci ilin may ayının 20-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunu qəbul edilib. Orada göstərilib ki, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya şəhid olanda ona sığorta haqqı verilməlidir. Həmin qanunda yazılıb ki, qanun qüvvəyə minənədək sığorta hadisəsi baş verdiyi andan 3 il müddətinə qədər sığorta pulu ödənilməlidir. 2006-cı ildə verilən qərara əsasən, şəhid olan şəxsin ailəsinə sığorta pulu 11.000 manat məbləğinə qaldırıldı. Birinci qrup əlil olanlara həmin məbləğin 80 faizi - 8800 manat, ikinci qrup əlil olanlara 60 faizi - 6600 manat, üçüncü qrup Qarabağ əlillərinə 40 faizi - 4400 manat ödənilməlidir. Ancaq hazırda bu pullar həmin şəxslərə ödənilmir. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 27-ci maddəsinə əsasən hərbi xidmətə çağırılan hər bir şəxs dövlət tərəfindən məcburi qaydada sığorta olunur. Həmin hərbi qulluqçunun həyatına dəyən ziyandan asılı olaraq dövlət ona sığorta ödənilməsini öhdəsinə götürür. Qanunun bu tələbi 01 yanvar 1992-ci il tarixdən indiyə qədər qüvvədədir. Sadəcə olaraq keçən illər ərzində sığorta məbləğində dəyişikliklər olub. Təəssüf ki, bu gün bu kateqoriyadan olan insanların müəyyən bir hissəsi bu məbləği adi qaydada yox, məhkəmə yolu ilə almaq məcburiyyətindədirlər. Dövlət Sığorta Şirkəti heç bir qanuni əsas olmadan, 1997-ci ildə qəbul olunmuş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununu əsas götürərək həmin kateqoriyadan olan hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan sığortanın verilməsindən imtina edir, imtinasını da onunla əsaslandırır ki, güya 1997-ci ilə qədər hərbi qulluqçulara sığortanın verilməsi üçün heç bir hüquqi sənəd olmayıb. Halbuki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununda olan "Hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması” adlı maddə, həmin qanun qəbul edilən vaxtdan, yəni 25 dekabr 1991-ci il tarixindən mövcuddur və həmin vaxtdan da bu qanun hərbi xidmətə başlayan bütün hərbi qulluqçuların dövlət tərəfindən məcburi sığortalanması üçün hüquqi əsasdır. Belə ki, hərbi qulluqçuların sığorta edilməsi barəsində olan qanunun 27-ci maddəsində göstərilir ki, Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya almaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəkildə sığortalanmalıdırlar. Bu da onu göstərir ki, 1991-ci ilin dekabrından, yəni Silahlı Qüvvələrimiz yarandığı gündən onun sıralarında xidmət edən hər bir hərbi qulluqçu iradəsindən asılı olmayaraq dövlət tərəfindən məcburi sığorta olunmalıdır. Bütün bunlar qarşı tərəfin sığortanın ancaq 1997-ci ildən sonra xidmət edənlərə düşməsi ilə əlaqədar şəxsi maraqlarına xidmət edən mülahizələrinin əsassız otduğunu təsdiq edir. Lakin bütün bunlara baxmayaraq, bu kateqoriyadan olan onlarla şəhid ailəsinin və Qarabağ müharibəsi əlilinin hüquqları sözügedən şirkət tərəfindən pozularaq onlara ödənilməli olan sığorta məbləği indiyə qədər ödənilməyib. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1976cı il tarixdə Quba rayonu Xınalıq kəndində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10.10.2016-cı il tarixli çıxarışından görünür ki, İddiaçı «Mina partlayışı travmasının nəticələri. Sağ ağ ciyərin əzilməsi. Açıq hemopnevmotoradks. Sağ bazunun, kürəyin yad cisimləri. Sağ aşıq daban oynağının kontrakturası. Sağ bazu oynağının kontrakturası» diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, hərbi xidmət vəzifəsinin yerinə yetirlməsi ilə əlaqədar alınmışdır. Qeyd olunan məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı (hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar) aldığı travmadır (yaralanmadır). İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin 30.08.2017-ci il tarixli 93 saylı məktubundan görünür ki, İddiaçı səhhəti ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həmin Şirkətə ünvanlanmış ərizəsinə qeyri-məqbul cavab verilmişdir. İddiaçıya ərizəsində qeyd olunan məsələyə Milli Məclis tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı bildirilmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaralanma (travma) ilə bağlı üçüncü qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİİ qrup — 40 faiz. İddiaçının İİİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-370/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-370/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver