Məhkəmə qərarları › İş №2(006)-3710/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3710/2021

31.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3710/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Azər Zabid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X9, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla TBC KREDİT BOKT MMC arasında bağlanmış BAKU3-1225- 3876+BAKU3-1230 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 22.12.2014-cü il tarixli, BAKU3-1225-3876 saylı kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 20% dərəcəsi ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin təminatı olaraq onun ilə bank arasında 22.12.2014-cü il tarixli BAKU3- 1225-3876+BAKU3-1230 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu krediti və onun faizlərini müqavilədə nəzərdə tutulan müddətdə ödəməyi və qüvvədə olan qanunvericiliyə əsasən digər vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin borclular öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və hazırda onların 15697,56 ABŞ dolları məbləğində əsas borcu, 4325,55 ABŞ dolları məbləğində faiz borcu, 100.00 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 20123,11 ABŞ dolları məbləğində borc qalmışdır. Eyni zamanda onunla bank arasında 22.12.2014-cü il tarixli BAKU3-1225-3876+BAKU3-1230 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditor öz borcunu layiqincə icra etmədikdə onun tərəfindən müqavilənin icra ediləcəyinə təminat verilmişdir. Həmin müqaviləyə əsasən zaminlik icrasının təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minmiş və kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədə olması nəzərdə tutulmuşdur. X1 22 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdiyi günə qədər öhdəliyi lazımi qaydada icra etmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi kredit götürən öz öhdəliyini vəfat etdiyi günə qədər lazımi qaydada icra etmişdir. Öhdəliyin tam icrasının başa çatmasına onun ölümü mane olmuşdur. Qanunun mənasından da göründüyü kimi zamin kredit götürənin öhdəliyinə görə o zaman məsuliyyət daşıyır ki, kredit götürən öhdəliyi onun imkanı daxilində və ya öhdəliyi icra etmək qabiliyəti olduğu müddətdə icra etməkdən boyun qaçırsın. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, kredit götürən öz öhdəliyini ölməsi səbəbi ilə əlaqədar icra edə bilməmişdir. Bu səbəbdən hesab edir ki, onunla bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X14 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, iş üzrə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 22.12.2014-cü il tarixli BAKU3-1225-3876+BAKU3-1230 saylı zaminlik müqaviləsi üzrə deyil, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-346/2017 saylı, 04.05.2017-ci il tarixli məhkəmə əmrinə əsasən pul tutulmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, 22.12.2014-cü il tarixli, BAKU3-1225-3876 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə X8 arasında bağlanmışdır. Razılaşmaya əsasən X4 36 ay müddətində illik 20 faiz ödəmək şərti ilə 20.000 USD məbləğində kredit verilmişdir. "xxxx" MMC ilə zamin İddiaçı arasında bağlanmış 22.12.2014-cü il tarixli BAKU3- 1225-3876+BAKU3-1230 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı 22.12.2014-cü il tarixli, BAKU3-1225-3876 saylı kredit xətti müqaviləsi üzrə borcalan X3 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-346/2017 saylı, 04.05.2017-ci il tarixli məhkəmə əmrinə əsasən, X2 və İddiaçı birgə qaydada "xxxx" BOKT MMC-nın xeyrinə 15697,56 ABŞ dolları məbləğində əsas borc, 4325,55 ABŞ dollan məbləğində faiz borcu, 100,00 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 20123,11 ABŞ dollan məbləğində borc ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Ödəniş qəbzindən (№ 90381) görünür ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X7 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21.06.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının hazırki mülki iş çərçivəsində mübahisələndirdiyi zaminlik müqaviləsi mövcud deyildir, onun cavabdeh qarşısında daşıdığı öhdəliyin yaranması səbəbi isə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli məhkəmə əmridir. Belə ki, qeyd edilən məhkəmə aktı iddiaçının "xxxx" MMC-yə olan öhdəliklərini artıq “zamin” statusunda yox, “birgə borclu” kimi icra etməsi üçün zəmin yaratmışdır. Məhkəmə, iddiaçının məhkəməyə müraciət etməsinin əsası olan mübahisə predmetinin (22.12.2014-cü il tarixli, BAKU3-1225- 3876+BAKU3-1230 saylı zaminlik müqaviləsinin) hal-hazırda mövcud olmadığını və beləliklə də olmayan müqaviləyə xitam verilməsinin mümkün olmadığını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.1, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ AZ 1102 Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel.: № 431-34-69 İş № 2(006)-1924/2020 «01» noyabr 2017-ci il İddiaçılar: X6, X11 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 14, mənzil 39 Cavabdeh: X5 Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, ev 56, mənzil 2 Cavabdeh: Bakı şəhəri 18 saylı dövlət notariat kontoruna Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi 11 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli, 2(006)- 1924/2020 saylı qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardadın surəti (mətn üzrə). Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar