Məhkəmə qərarları › İş №2(006)-374/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-374/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-374/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı «mülkə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı «mülkə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş zərərin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı X3 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş 31.020 manat zərərin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlamışlar. Həmin sığorta səbəbi ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Həmin adı gedən mülkiyyəti onlar 5 il öncə 30.000 manata almışlar. Ancaq, təbii fəlakət nəticəsində Xaçmaz rayonunda leysan olduğundan evləri bərbad bir vəziyyətə düşmüşdür. Həmin bu hadisədə 2020-ci ilin noyabr ayında baş vermişdir. Ancaq sığorta şirkəti dəymiş zərəri onlara ödəməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 09 aprel 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının adına həmçinin mülkiyyətində olan evə dair texniki pasport tərtib edilmişdir. Daşınmaz əmlakın icbari sığortası barədə RAA********** saylı 26 dekabr 2019-cu il tarixli şəhadətnamədən görünür ki, X3 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini "xxxx" ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə saat 23:59:00-adək sığorta etdirmişdir. Sığorta məbləği 15.000 manat, sığorta haqqı 30 manat, azadolma məbləği 150 manat təşkil etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonunun ərazisində leysan yağışları yağmış və sığorta edilmiş ev yararsız hala düşmüşdür. İddiaçı qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC-yə müraciət edərək, hadisə ilə bağlı ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. "xxxx" ASC-nin 07 aprel 2021-ci il tarixdə iddiaçıya ünvanladığı AS-21/351 saylı məktubda iddiaçının ərizəsinə baxıldığı bildirilərək qeyd olunmuşdur ki, hadisə "xxxx" ASC tərəfindən tam təfsilatı ilə araşdırılmışdır. Hadisə ilə bağlı "xxxx" ASC-yə təqdim edilmiş 18 fevral 2021-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydə fərdi yaşayış evinin köhnə tikili olduğu və çiy kərpicdən inşa edilmə səbəbindən çökdüyü qeyd olunmuşdur. Bildirilmişdir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində sığorta təminatı verilən risklər göstərilmişdir. Bununla da, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərər, yəni fərdi yaşayış evinin çiy kərpicdən tikilməsi nəticəsində yararsız vəziyyətə düşməsi «İcrabi Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Belə olan halda, iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərərin sığorta təminatına daxil olmadığı bildirilmiş, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/810 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/J- 236 saylı məktubundan xx.xx.2020-ci il tarixdə Xaçmaz hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixin gecə saatlarınadək yağış və leysan xarakterli yağış davam etmişdir. Lakin yaşayış evinin yararsız vəziyyətə düşməsi yağış nəticəsində baş verməsi Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən müəyyən oluna bilər. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi yararsız hala düşmüş və həmin yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 31.020 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Ekspert rəyində istinad edilən - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/J- 236 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Xaçmaz hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumat aşağıdakı kimi göstərilmişdir: - xx.xx.2020-ci il tarixdə hava tutqun, buludlu (10/10), meteoroloji görünüş məsafəsi 6-10 km, havanın orta temperaturu 10,4oC, minimal temperaturu 8,0oC, sutkalıq maksimal temperatur 12,6oC, saat 16.00-da maksimal temperaturu 12,2oC olmuşdur. Şərq istiqamətli küləyin maksimal sürəti 8 m/san (5 bal) olmuşdur. - xx.xx.2020-ci il tarixdən axşam saatlarından başlayan müxtəlif intensivlikli yağış 16-sı gecə saatlarına qədər davam etmiş, yağıntının miqdarı 19.00 müşahidə saatında 0,6 mm, 07.00 müşahidə saatında 35,7 mm olmuşdur. - xx.xx.2020-ci il tarixdə gündüz saatlarından başlayan müxtəlif intensivlikli yağış və leysan xarakterli yağış 17-si gecə saatlarınadək davam etmişdir. Yağıntının miqdarı 19.00 müşahidə saatında 47,9 mm, 07.00 müşahidə saatında 48,2 mm olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 38-ci maddəsinə əsasən sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri istisna olmaqla digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı X3 ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsinə əsasən iddiaçıya məxsus olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə saat 23:59:00-adək cavabdeh tərəfindən 15.000 manat məbləği həddində, 150 manat azadolma məbləği müəyyən edilməklə icbari qaydada sığortalanmış və bu barədə iddiaçıya «Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə»lər verilmişdir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzindən iddiaçıya məxsus olan həmin ev intensiv yağışların yağması nəticəsində yararsız hala düşmüşdür. Bununla bağlı, iddiaçı cavabdehə müraciət edərək, bu barədə məlumat vermiş və hadisə ilə bağlı sığorta ödənişinin verilməsini tələb etmişdir. Lakin cavabdeh hadisənin səbəblərini araşdıraraq, belə nəticəyə gəlmişdir ki, evin çökməsinə səbəb yağış suları olmayıb, çiy kərpicdən inşa edilməsidir. Cavabdeh bu halı, yəni çökmə halının «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulmamasını əsas gətirib, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə vurğulayır ki, cavabdeh çökmə halının sığorta hadisəsi olmamasını qeyd etsə də, çökmənin ekzogen proses olmaqla təbii amillər və ya texnogen amillər səbəbindən baş verməsini nəzərə almamışdır. Həm ekspert rəyindən, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/J-236 saylı, yağıntıların intensivliyi və miqdarı barədə məktubundan göründüyü kimi, çökmə düşən yağışların təsirindən baş vermişdir. Göründüyü kimi çökmə hadisəsi yağış sularının təsirindən təbii amillərdən yaranmışdır. Bu qəbildən olan mübahisələr üzrə məhkəmə təcrübəsindən məlumdur ki, Azərbaycan Respublikasının dağlıq və dağətəyi rayonlarına, o cümlədən Xaçmaz rayonunda müxtəlif vaxtlarda məhz leysan tipli yağışlar yağır ki, bu hal çökmə hadisəsinin (bərkiməmiş çöküntülərin su ilə doyması) baş verməsi ilə birbaşa bağlıdır. Yəni hazırki halda çökmə kimi ekzogen proses Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulan leysan yağışları ilə birbaşa bağlı olduğundan sığorta hadisəsi hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən sığortalanmış daşınmaz əmlakın zədələnməsinə səbəb olmuş hallar sığorta hadisəsi hesab olunmalı və bununla bağlı cavabdeh tərəfindən sığorta ödənişi verilməlidir. Məhkəmə, zərər məbləği ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/810 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə iddiaçının tələbini və sığorta məbləğini nəzərə alıb hesab edir ki, 15.000 manat sığorta məbləğindən 150 manat azad olma məbləği çıxılmalı (15.000 manat - 150 manat = 14.850 manat), qalan 14.850 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 14.850 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X2 ödənilməlidir. Aparılmış tədqiqata görə 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, sığorta müqaviləsində 150 manat azadolma məbləği nəzərdə tutulmuşdur və həmin məbləğ məhkəmə tərəfindən nəzərə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.850 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X2 ödənilsin. Aparılmış tədqiqata görə 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar