Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-374/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “son haqqhesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya ödənilməli olan son haqq-hesabın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi ilə "xxxx" QSC-nin quraşdırma sahəsinə sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə həmin müqavilə təkrar bağlanmışdır. Həmin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müddətli əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam verilmişdir. Həmin vaxtdan iddia ərizəsi verilən günə kimi əmək müqaviləsi üzrə son haqq-hesab iddiaçıya ödənilməmişdir. İddiaçı bu barədə dəfələrlə cavabdehin rəhbərliyinə şifahi olaraq müraciət etmiş, nəticə olmadığı üçün əlacı məhkəməyə qalmışdır. İddiaçı, həmçinin, X1 Xidmətinə və Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciət etmiş, müraciətləri X1 Xidmətinin Bakı şəhər İdarəsində araşdırılmış, lakin müsbət nəticə olmamışdır.
3. İddiaçı ərizə təqdim edərək, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən 5.459,40 (beş min dörd yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində son haqq-hesabın tutularaq İddiaçı ödənilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə təqdim edərək, baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəni nəzərdən keçirib, iş materiallarını araşdırıb, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. İş materiallarında iddiaçının əmək haqqı hesabından çıxarış, iddiaçının əmək kitabçası, ilkin mediasiya sessiyası ilə əlaqədar olan sənədlər, poçt qəbzi, əmək haqqının əks olunduğu sənəd vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə müəyyən etdi ki, cavabdeh tərəfindən iddiaçıya 5.459,40 (beş min dörd yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində son haqq-hesab ödənilməmişdir.
c) Məhkəmənin mövqeyi:
10. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğundan və iş materialları ilə öz təsdiqini tapdığından, iddia təmin edilməlidir.
11. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilən cavabdeh ötən müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazını, o cümlədən iddia ərizəsində göstərilən dəlilləri təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, sübutların tələb edilməsi ilə bağlı məhkəmənin müvafiq qərardadını icra etməməklə yanaşı, həmin sənədləri ekspertiza tədqiqatına da təqdim etməmişdir. Deməli, cavabdehin bu hərəkətsizliyi məhkəməyə MPM-in 97.5-ci maddəsində təsbit edilən hüququndan istifadə etməyə əsas verir.
12. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
13. Bu baxımdan iddiaçının iddia tələbinin qanuni əsası əmək müqaviləsinə xitam verilən tarixdə qüvvədə olan Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun gəlir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 83, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (əmək müqaviləsinə xitam verilən tarixdə qüvvədə olan redaksiyada).
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 97.5-ci maddə. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddə. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
16. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
17. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
19. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" QSC-dən 5.459,40 (beş min dörd yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində son haqq-hesabın əvəzi alınaraq İddiaçı verilməlidir.
20. İddia təmin edildiyindən, iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı verilməlidir.
Nəticə:
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 5.459,40 (beş min dörd yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində son haqq-hesabın əvəzi alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova