Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3749/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4258/2020 saylı xx.xx.2020-ci tarixli qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat alimentin miqdarının dəyişdirilməsin və iddiaçının əmək haqqından xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində aliment kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx.xx.2018-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı iki uşağı var. Cavabdehlə ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(034)-6961/2021 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan xx.xx.2018-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X9 analarının himayəsində saxlanması qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4258/2020 saylı xx.xx.2020-ci tarixli qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə hər ay hər uşağa 170 manat, uşağın 3 yaşı olana kimi isə 50 manat aliment qət edilmişdir. İddiaçı hazırda Aliminyum İstehsalat sexində fəhlə işləyir və 300 manat əmək haqqı alır. İddiaçı 300 manat əmək haqqı aldığı halda 390 manat ondan aliment tutulur. Ona görə də Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4258/2020 saylı xx.xx.2020-ci tarixli qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat kəsilən alimentin azaldılaraq, 2 uşağın saxlanması üçün qanunla nəzərdə tutulmuş miqdarda yəni xx.xx.2018-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində aliment kəsilməsini istəyir.Belə ki, iş yerim vardır və bəlli əmək haqqı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4258/2020 saylı xx.xx.2020-ci tarixli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı X2 xeyrinə hər ay 170 manat sabit pul məbləğində, xx.xx.2020-ci il təvəllüdlü X8 3 yaşına çatanadək xx.xx.2020ci il tarixdən başlayaraq İddiaçı X3 xeyrinə hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması, uşaq doğularkən keçirilən qeysəriyyə əməliyyatına görə ödənilmiş pul vəsaitinin yarısı - 620 manat pul vəsaitinin İddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Fərdi sahibkar X6 xx.xx.2022-ci il tarixli 013 saylı arayışından görünür ki, İddiaçı, X6 icarəyə götürdüyü aliminiyum istehsalatı sexində fəhlə vəzifəsində işləyir və əmək haqqı 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi (qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi) isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da iddiaçının gəlirinin 300 manat olmasını nəzərə aldıqda, həmin məbləğin üçdə bir hissəsinin, yəni 100 manat məbləğin iddiaçının qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmış və uşaqlar üçün isə yaşayış minimumu 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimnetin miqdarının dəyişdirilməsinə dair iddia tələbi tutulma qaydasına və həcminə görə əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3749/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3749/2022
05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver