Məhkəmə qərarları › İş №2(006)-3750/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3750/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3750/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 12836,50 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçıya məxsus olan “Hyundai Sonata” minik markalı (**-MM-***) hazırda **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 08.08.2019-cu il tarixdə sığorta haqqı ödənilərək 012394 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olan müddəti ərzində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində "xxxx" Şirkətinin 12.06.2020-ci il tarixli AA040400 nömrəli akta əsasən avtomobilin təmiri və bərpası üçün yekun olaraq 12 836,50 (on iki min səkkiz yüz otuz altı manat əlli qəpik) pul vəsaitinin tələb olunduğu bildirilmişdir. Bununla əlaqədar yəni sığorta ödənişinin verilməsi ilə bağlı tərəfindən müraciət olunmuş sənədlər təqdim olunmuşdur ilkin olaraq razılıq verilmişdir, lakin sonradan əsassız bəhanə gətirilməklə imtina edilmişdir. Hesab edir ki, sığorta ödənişinin verilməsindən imtina tam əsassız olmaqla Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" Şirkətinin 12.06.2020-ci il tarixli AA040400 nömrəli akta əsasən **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə və bərpası üçün 12.836,50 manat məbləğində sığorta pulun və geçikdirilmiş sığorta ödənişinin 0,1 faiz məbləğində pul vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı, İddiaçı tərəfindən Şirkətə məlumat verilmiş və avtomobilə dəymiş zərər 7085 manat məbləğində müəyyən edilərək vətəndaşla razılaşdırılmışdır. Sığorta ödənişinin verilməsi məqsədilə qanunvericiliyin tələbinə əsasən sənədlərə baxış keçirilərkən vətəndaşdan sığorta müqaviləsinin əsli tələb edilmiş və ciddi pozuntular aşkar edilmişdir. Belə ki, 012394 saylı sığorta şəhadətnaməsi Şirkətin Yasamal filialı tərəfindən tərtib edilmişdir. Şəhadətnaməyə baxış keçirən zaman müəyyən edilmişdir ki, sığorta obyektinə dair məlumatlar şəhadətnamə tərtib edilən zaman deyil, daha sonra fərqli qələmlə doldurulmuşdur. Bu isə öz növbəsində sığorta obyektinə dair məlumatların siğorta hadisəsi baş verdikdən sonra sığorta şəhadətnaməsinə əlavə edilməsi deməkdir. Məsələ ilə bağlı Şirkətin Yasamal filialının əməkdaşlarının izahatı alınmış və məlum olmuşdur ki, sığorta şəhadətnaməsi buraxılan zaman yanlışlıqlara yol verilmişdir. Bu səbəblə də sığorta şəhadətnaməsində sığorta obyekti hissəsi daha sonra məlum olmayan şəxs tərəfindən böyük ehtimal hadisə baş verdikdən sonra doldurulmuşdur. Həmçinin aparılmış araşdırma zamanı qeyd olunan sığorta şəhadətnaməsi üzrə Şirkət tərəfindən daha öncə 06.01.2019-cu il və 10.10.2019cu il tarixlərində baş vermiş yol nəqliyyat hadisələri üzrə sığorta ödənişlərinin verilməsi aşkar edilmişdir. Müvafiq sənədlər də araşdırılan zaman eyni pozuntular aşkar edildiyindən vətəndaşdan geri alınması üçün lazımi prosedurların başlanması barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, “Hyundai Sonata” minik markalı (**-MM-***) hazırda **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 08.08.2019-cu il tarixdə sığorta haqqı ödənilərək 012394 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə verilmişdir. Sığorta məbləği 20000 manat təşkil edir. İş materiallarında olan "xxxx" Şirkətinin 12.06.2020-ci il tarixli AA040400 nömrəli aktından görünür ki, sığorta müqaviləsinin qüvvədə olan müddəti ərzində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində avtomobilin təmiri və bərpası üçün yekun olaraq 12.836,50 (on iki min səkkiz yüz otuz altı manat əlli qəpik) pul vəsaitinin tələb olunduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04.10.2021-ci il tarixli, 9/5254 saylı ekspert rəyindən görünür ki, "xxxx" servis mərkəzinin 12.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı 2016-cı il buraxılışlı “Hyundai Sonata” minik markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11510,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus olan “Hyundai Sonata” minik markalı (**-MM-***) hazırda **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 08.08.2019-cu il tarixdə sığorta haqqı ödənilərək 012394 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olan müddəti ərzində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində avtomobilə maddi ziyan vurmuşdur. İş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən İddiaçı məxsus “Hyundai Sonata” minik markalı (**-MM-***) hazırda **-ZS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı (**-MM-***) hazırda **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11510 manat müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş 11510 manat məbləğində maddi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş maddi ziyana görə 11510 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11510 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar