Məhkəmə qərarları › İş №2(006)-38/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-38/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-38/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs olmaqla cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “DSMF-də fərdi sosial sığorta hesabına məcburi dövlət ödənişlərinin aparılmaması” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “DSMF-də fərdi sosial sığorta hesabına məcburi dövlət ödənişlərinin aparılmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2006-cı il tarixdən 31 may 2009-cu il tarixədək olan dövr ərzində “Əmək pensiyaları haqqında” və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanunları ilə müəyyən olunmuş məcburi dövlət sosial sığorta ödənişlərindən yaranan borcun “xxxx” Şirkəti tərəfindən iddiaçının DSMF-də olan fərdi sosial sığorta hesabına keçirilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 14.06.1995-ci il tarixindən 31.05.2009-cu il tarixinə kimi müddətdə (14 il) “xxxx" Şirkətinin əmək müqaviləsi ilə tam ştatlı işçisi olmuş, 07-12-2005-cı il tarixindən 31.05.2009-cu il tarixinə olan dövr ərzində cavabdehin təyinatı ilə xarici ölkədə işçi ezamiyyətdə olmuşdur. Cavabdeh 01.03.2006-cı il tarixindən etibarən iddiaçının DSMF-dakı fərdi sosial sığorta hesabına Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu ilə müəyyən edilmiş məcburi ödənişlərdən yayınaraq iddiaçının bilavasitə aylıq maaşından 3% məbləğində müntəzəm olaraq tutulan və eyni zamanda cavabdeh tərəfindən onun aylıq maaşının 22% məbləğini təşkil edən məcburi dövlət sosial sığorta ödənişlərinin DSMF-a köçürülməməsi iddiaçının Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunan sosial müdafiə hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Cavabdehin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işəgötürən və Azərbaycan Respublikasının “Sosial Sığorta haqqında” Qanununun 8-ci maddəsinə əsasən sığortaedən olması və həmin Qanunun 12-ci maddəsinə əsasən iddiaçının məcburi dövlət sosial sığortası ilə əhatə olunmasına baxmayaraq, cavabdeh iddiaçının DSMF-dakı fərdi sosial sığorta hesabına məcburi dövlət ödənişləri aparmaq məsuliyyətindən özünü azad etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, qeyd edilən müddət ərzində o, Azərbaycan Respublikasının «Sosial sığorta haqqında» Qanunun subyekti olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının vətəndaşı kimi iddiaçının Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununa uyğun olaraq əmək pensiyası hüquqları yaranmışdır. Lakin onun DSMF-dakı fərdi hesabına cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmaması həmin hesabın sığorta hissəsinin yaranmamasına səbəb olmuşdur ki, bu da onun Dövlət tərəfindən müəyyən olunmuş sosial müdafiə hüquqlarını ciddi şəkildə pozmuşdur. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə 02.02.2021-ci il tarixli iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək iddiaçının iddia tələbinin 148,436.45 (yüz qirx səkkiz min dörd yüz otuz alti manat və qırx beş qəpik) manat olmasının qəbul edilməsini və həmin məbləğin cavabdeh tərəfindən tutularaq iddiaçının DSMF-dakı fərdi sosial sığorta hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, DSMF-in 28.10.2020-ci il və 29.12.2020-ci il tarixli arayışlarını, məhkəməyə təqdim etdikləri hesabata izahatı, DSMF-in nümayəndəsinin verilmiş suallara cavablarını və iş üzrə keçirilmiş ekspertiza rəylərini nəzərə alaraq, hesab edirlər ki, iddia tələbi dəqiqləşdirilməli, cavabdeh tərəfindən 2006-cı ilin mart ayından 2009-cu ilin may ayı daxil (39 ay) müddət ərzində məcburi dövlət sosial sığorta ödəmələrindən yayınmadan yaranan borc 2006-cı ildən başlayaraq 2020-ci il daxil indeksləşmə əmsalı nəzərə alınmaqla (2020-ci ilin indeksləşmə əmsalı Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmadığından daxil olmayıb) 2021-ci il üçün 148,436,45 manat təşkil etməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə 12.04.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının iddia tələbinin 152,592.30 manat (yüz əlli iki min beş yüz doxsan iki manat və otuz qəpik) manat olmasının qəbul edilməsini və həmin məbləğin cavabdeh tərəfindən tutularaq iddiaçının DSMF-dakı fərdi sosial sığorta hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləqdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, DSMF-in 28.10.2020-ci il və 29.12.2020-ci il tarixli arayışlarını, eyni zamanda iş üzrə keçirilmiş sonuncu ekspertiza rəyini nəzərə alaraq, hesab edirlər ki, iddia tələbi dəqiqləşdirilməli və cavabdehin 2006-cı ilin mart ayından 2009-cu ilin may ayı daxil (39 ay) müddət ərzində məcburi dövlət sosial sığorta ödəmələrindən yayınmadan yaranan borc 2006-cı ildən başlayaraq 2020-ci il daxil hər il üçün indeksləşmə əmsalı nəzərə alınmaqla 152,592.30 (yüz əlli iki min beş yüz doxsan iki manat və otuz qəpik) manatdır. İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə aydınlıq gətirmək üçün məhkəməyə təqdim edilmiş yazılı xülasədə (izahat) göstərmişdir ki, o, 14 iyun 1995-ci il tarixində ARDNŞ-dən köçürmə yolu ilə “xxxx” şirkətinə işə qəbul olunmuş və 31 may 2009-cu il tarixinə kimi fasiləsiz olaraq şirkətin əmək müqaviləsi ilə tam ştatlı işçisi olmuşdur. Onun cavabdehin işçisi olduğu müddətdə əmək kitabçasında müvafiq qeydlər olunmuşdur. Bu faktlar onun AR-nın vətəndaşı kimi aidiyyatı olan dövrdə Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» və «Sosial sığorta haqqında» Qanunlarının subyekti olduğunu müəyyən etmişdir. İddiaçı bildirmişdir ki, o, 2005-ci ilin dekabr ayından 2009-cu ilin may ayına kimi cavabdehin göndərişi ilə xarici ölkədə işçi ezamiyyətində olmuş, ezamiyyətdə olduğu ilk 2 ay ərzində şirkət onun DSMF-dakı fərdi hesabına məcburi sosial sığorta ödənişlərini həyata keçirmiş, lakin 2006-cı ilin mart ayından etibarən ödənişləri dayandırmışdır. İddiaçının 01 iyun 2017-ci il tarixli sorğusuna cavab olaraq cavabdeh bildirmişdir ki, iddiaçı xarici ölkədə “uzun-müddətli” işçi ezamiyyətdə olduğu üçün Azərbaycan Respublikasının qanunvericiliyinə görə işəgötürənin məcburi dövlət sosial siğorta ödənişləri aparmaq məsuliyyəti yoxdur. İddiaçı qeyd etmişdir ki, cavabdehin gətirdiyi bu dəlil yanlışdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları işəgötürənə belə bir istisna haqqı vermir. İddiaçının 17 iyul 2017-ci il tarixli ərizəsinə cavab olaraq cavabdeh həmçinin digər dəlil gətirmişdir ki, sosial sığorta ödənişlərini iddiaçının ezamiyyətdə olduğu xarici ölkədə aparmışdır. Halbuki AR-nın müvafiq qanunları işəgötürənə, DSMF-na məcburi dövlət sosial sığorta ödənişlərinin digər ölkədə həyata keçirmək hüququnu vermir. İddiaçı xülasədə qeyd etmişdir ki, DSMF-na məcburi dövlət sosial sığorta ödənişləri nə işəgötürənin, nə də ki işçinin arzu və niyyətindən asılı deyildir və cavabdeh nəinki bilavasitə onun aylıq əmək haqqından tutduğu 3% məbləği DSMFdakı fərdi hesabına keçirməyib, cavabdeh üstəlik onun aylıq əmək haqqının 22% məbləğində DSMF-na məcburi dövlət sosial sığorta ödənişlərindən də özünü işəgötürən kimi azad etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin ratifikasiyası haqqında 933 saylı 02.12.1994-cü il tarixli Azərbaycan Respublikası Qanuna əsasən fəaliyyət göstərir. Qeyd edilən Sazişin 6.7-ci maddəsinə uyğun olaraq BP şirkətinin ixtiyarı var ki, bu Sazişin qüvvədə olduğu bütün müddətdə neft-qaz əməliyyatlarının aparılması ilə əlaqədar işçiləri işə götürsün və işə götürülən hər hansı vətəndaş işə əmək müqaviləsi ilə qəbul edilsin, əmək şərtlərini müəyyənləşdirsin, kadrların işə götürülməsi və işdən azad edilməsi, işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi sahəsində beynəlxalq neft-qaz sənayesində tətbiq edilən siyasət yeritsin. Qeyd edilən Qanunun 3-cü maddəsinə uyğun olaraq, Qanun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasında bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı mövcud və ya qəbul oluna biləcək qanunlardan, fərmanlardan və sərəncamlardan üstün tutulur. BP şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycanda istehsal fəaliyyətini başladığı vaxtdan etibarən yerli mütəxəssislərin inkişafına xüsusi diqqət yetirir və yerli kadrların peşəkarlığının və ixtisaslarının artırılması məqsədi ilə BP şirkətinin Azərbaycan ofisində müxtəlif vəzifələrdə çalışan Azərbaycan vətəndaşları BP şirkətinin digər ölkələrdə yerləşən ofislərində və layihələrində işləmək üçün xarici ölkələrə uzunmüddətli ezmaiyyətlərə göndərilirlər. Bu işlər azərbaycanlı mütəxəssislər üçün beynəlxalq təcrübə qazanmaq üçün gözəl imkandır. Xarici ölkələrə ezam olunmuş işçilərin o ölkələrdə müvəqqəti çalışdığı dövr üçün məcburi sosial sığorta ödənişlərini onların ezam olunduğu ölkələrin qanunvericiliyinə əsasən həyata keçirilirdi. Və bu işçilər xarici ölkəyə işləməyə gedərkən onlara məcburi sosial sığorta ödənişlərinin yalnız işlədiyi xarici ölkədə həyata keçiriləcəyi barədə məlumat verilir və işçilər yalnız bu şərtlərlə razılaşdıqdan sonra xarici ölkəyə işləməyə göndərilirdi. BP şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi İddiaçı 01 iyun 1995-ci il tarixində “Xam neftin ixracı” şöbəsinə “Baş layihə mühəndisi” vəzifəsinə qəbul edilmişdir. Sonra iddiaçı 21.02.2001-ci il tarixində beynəlxalq təcrübə keçmək üçün Böyük Britaniyaya uzunmüddətli ezamiyyətə göndərilmişdir. Daha sonra iddiaçı 07.12.2005-ci il tarixində təkrarən Böyük Britaniyaya uzun-müddətli ezamiyyətə göndərilmişdir. Bildirirlər ki, BP Şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin işçiləri xarici ölkələrə, o cümlədən Böyük Britaniyaya uzun-müddətli ezamiyyətə göndərilən zaman öz maaşlarını ezam olunduğu ölkədə alırlar və onların aldığı maaşların məbləği haqqında BP şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin heç bir məlumatı olmur. Bu səbəbdən də uzunmüddətli ezamiyyətdə olan işçilər üçün BP şirkətinin Nümayəndəliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna hər hansı bir məbləğin ödənilməsi mümkün deyil. Bunun təsdiqi kimi, şirkətin sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Bankı 25 aprel 2018-ci il tarixli bp-095 saylı məktubu ilə iddiaçının bu bankdakı CCS351866USD384101 (********************) nömrəli bank hesabına “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən heç bir məbləğ köçürülməmişdir və bu hesabla heç bir bank əməliyyatı aparılmamasını təsdiq etmişdir. Bundan başqa, BP şirkətinin Nümayəndəliyi xarici ölkələrə uzunmüddətli ezamiyyətə göndərilən işçilərinə və o cümlədən də iddiaçıya, onların xaricdə alınan maaşların məbləğləri haqqında məlumatsız olması və bu səbəbdən onların xaricdə alınan maaşların məbləğləri haqqında məlumatsız olması və bu səbəbdən Dövlət Müdafiə Sosial Fonduna heç bir ödənişlərin aparılmaması barədə xəbər verilmişdir. Lakin bu zaman iddiaçı buna heç bir etiraz bildirməmiş və öz razılığını vermişdir. Xarici ölkələrdə müvəqqəti əsaslarla işləməyə göndərilmiş əməkdaşlarının BP şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən əmək haqqı almaması və müvafiq olaraq Azərbaycan Respublikası mənbəyindən gəlirlərinin olmamasını, bundan əlavə təyinat üzrə göndərildikləri ölkələrdə sosial sığorta ödənişlər etdiklərini nəzərə alaraq, BP şirkəti belə təyinatların müddətində Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta ödənişlərini həyata keçirməli deyil. Pensiya yaşına çatmış və keçmişdə xarici ölkədə işləmiş işçilər üçün həmin ölkələrdə (bu ölkələr əsasən Böyük Britaniya, ABŞ və Anqoladan ibarətdir) ödənilmiş məcburi sosial sığorta haqlarının onların Azərbaycan Respublikasında pensiyanın hesablanması üçün nəzərə alınması “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların 2.6-cı bəndinə əsasən Azərbaycan Respublikası tərəfindən pensiya təminatı sahəsində imzalanmış beynəlxalq müqavilələr üzrə pensiya təyinatı ilə bağlı müraciətlər və sənədlər həmin müqavilələrdə müəyyən edilmiş səlahiyyətli qurumlar tərəfindən Fonda təqdim edildiyindən sonra mümkündür. Şirkət Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanununun tələblərinə uyğun hərəkət etdiyini israr etmiş və bu səbəbdən iddiaçının tələblərinin əsassız olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə verilmiş etiraza uyğun şifahi izahat verərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxsin (DSMF) nümayəndəsi X5 izahat verərək göstərmişdir ki, İddiaçı 2006-cı ilin mart ayından 2009-cu ilin may ayına qədər əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Sosial sığorta haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları işəgötürəni işçisinin “uzunmüddətli” ezamiyyətdə olduğu dövrdə işçisinin DSMF-dakı fərdi hesabına məcburi dövlət sosial sığorta ödənişləri etmək məsuliyyətindən azad etmir. İşçi xarici ölkəyə vəzifə borclarını yerinə yetirmək üçün işəgötürənin əmri ilə ezam olunur, onun işəgötürən ilə əmək münasibətləri ezamiyyət müddətində də davam edir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. İddiaçının pensiyası iddia tələbi cavabdeh tərəfindən icra olunacağı təqdirdə yenidən hesablanacaqdır. Məcburi dövlət sosial sığorta ödənişləri sığortaolunanın fərdi hesabının sığorta hissəsinə daxil olduqdan sonra gələcək illər üçün indeksasiyaya məruz qala bilər, yəni DSMF əvvəlki illər üçün indeksasiyanı retrospektiv aparmaq imkanında deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı əmək kitabçasından görünür ki, 14.06.1995-ci il tarixdən 31.05.2009-cu il tarixədək “xxxx” Şirkətinin tam ştatlı əməkdaşı olmuş, 31.05.2009-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. “xxxx.” Şirkətində işlədiyi dövr ərzində 21.02.2001-ci il tarixdə, 17.02.2004-cü il tarixdə və sonuncu dəfə 07.12.2005-ci il tarixdə işəgötürən tərəfdən Böyük Britaniya və X6 Krallığa ezamiyyətə göndərilmişdir. - DSMF-in İri Sığorta Edənlərlə İş Üzrə Departamentinin 21.04.2017-ci il tarixli arayışından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixdən 01.03.2006-cı il tarixədək iki ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 4644.69 manat pensiya kapitalı yığılıb. Arayışda həmcinin qeyd edilir ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2007-2009-cu illər üzrə təqdim edilən məlumatda (Forma B3) iddiaçının adı sığortaolunan kimi qeyd edilməmişdir. 2016-cı il üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmışdır. -“xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış 30.06.2017 və 11.08.2017-ci il tarixli cavab məktublarından görünür ki, o, 07.12.2005-ci il tarixindən 31 may 2009-cu il tarixinədək xaricdə uzunmüddətli işçi ezamiyyətində olmuş və bu müddətdə şirkət tərəfindən dövlət hesabına sosial müdafiə fonduna (DSMF) heç bir sosial sığorta ödənişi edilməmişdir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən uzunmüddətli işçi ezamiyyəti zamanı işəgötürənin sosial sığorta ödənişləri yerinə yetirmək öhdəliyi yoxdur. -“xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış 22.11.2017-ci il tarixli cavab məktubundan görünür ki, o, 07.12.2005-ci il tarixindən 31 may 2009-cu il tarixinədək İngiltərədə uzunmüddətli ezamiyyətdə olmağı ilə əlaqədar olaraq ona əmək haqqı və digər əlaqədar ödənişlər ezamiyyətdə olduğu ölkədə ödənilmişdir. Belə ki, həmin dövr ərzində onun Azərbaycan Respublikasında faktiki əmək fəaliyyəti olmamış və ona Azərbaycan Respublikasında hər hansı bir əmək haqqı ödənilməmişdir. Bu səbəbdən həmin dövrdə Azərbaycan Respublikasında onunla bağlı məcburi sosial sığorta ödənişləri həyata keçirilməmişdir. - Azərbaycan Beynəlxalq Bankının 25.04.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı CCS351866USD384101 (********************) nömrəli hesabına 01.01.2009- 24.04.2018-ci il tarixlərdə “xxxx” Şirkətinin hesablarından heç bir köçürmə olmamışdır. - “xxxx” Şirkətinin məhkəməyə ünvanladığı 24.04.2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçisi İddiaçı beynəlxalq təcrübə keçmək üçün dəfələrlə xarici ölkələrə uzunmüddətli ezamiyyətə göndərilmişdir. Son dəfə Quliyev X10 Britaniyaya 7 dekabr 2005-ci il tarixindən 31 may 2009-cu il tarixinə qədər uzunmüddətli ezamiyyətdə olmuşdur. Xarici ölkələrə ezam olunmuş bütün işçilərin o ölkələrdə müvəqqəti çalışdığı dövr üçün məcburi sosial sığorta ödənişlərini onların ezam olunduğu ölkələrin qanunvericiliyinə əsasən həyata keçirilirdi və buna görə də İddiaçı Böyük Britaniyaya işləməyə gedərkən ona məcburi sosial sığorta ödənişlərinin yalnız işlədiyi xarici ölkədə həyata keçiriləcəyi barədə məlumat verilmiş və o, yalnız bu şərtlərlə razılaşdıqdan sonra xarici ölkəyə işləməyə göndərilmişdir. Həmin dövr ərzində və o cümlədən də 07 dekabr 2005-ci il tarixindən 31 may 2009-cu il tarixinə qədər İddiaçı Azərbaycan Respublikasında hər hansı bir əmək haqqı ödənilməmişdir. T.K.X2 uzunmüddətli ezamiyyətdə olduğu dövr ərzində ezamiyyətdə olduğu ölkədə əmək fəaliyyətinə görə müvafiq əmək haqqı almış və həmin ölkədə buna uyğun müvafiq sosial ödənişlər həyata keçirilmişdir. - DSMF-nin Yasamal Rayon Şöbəsinin İddiaçı ünvanladığı 13.04.2017-ci il tarixli məktubundan görünür ki, 23.01.2017-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, onun fərdi sosial sığorta hesabına 01.03.2006-cı il tarixdən ödənişlər aparılmadığına görə ona təyin olunmuş əmək pensiyasının məbləği yalnız ümumi iş stajı müddətinə əsasən müəyyən olunmuşdur. - DSMF-nin iddiaçıya ünvanladığı 10.07.2017-ci il tarixli məktubundan görünür ki, “xxxx” Şirkəti tərəfindən 1 mart 2006-cı il tarixdən 31 may 2009-cu il tarixədək təqdim edilmiş “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda onun adı qeyd edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatlar dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olduğundan iddiaçıya müraciətdə qaldırdığı məsələ ilə bağlı “xxxx” Şirkətinə müraciət etmək tövsiyyə olunmuşdur. “xxxx” Şirkəti tərəfindən qeyd olunan illər üzrə dəqiqləşdirilmiş məlumatlar DSMF-in İri Sığortaedənlərlə İş İdarəsinə təqdim edildikdən sonra müvafiq məlumatlar İddiaçının fərdi hesabında əks olunacaqdır. - İddiaçının cavabdehə ünvanladığı 01.06.2017-ci il tarixli müraciətinə cavab olaraq cavabdehin 30.06.2017-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “uzun-müddətli” işçi ezamiyyəti zamanı işəgötürənin işçisinin DSMF-dəki fərdi sosial sığorta hesabına məcburi dövlət ödənişlərini yerinə yetirmək məsuliyyəti yoxdur. - Cavabdehin iddiaçının təkrarən müraciətinə cavab olaraq 11.08.2017-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının “uzun-müddətli” ezamiyyətdə olduğu dövr ərzində sosial sığorta ödənişləri onun ezam olduğu ölkədə həyata keçirilmiş və halhazırda həmin dövr üçün Azərbaycan Respublikasında hər hansı sosial sığorta ödənişlərinin həyata keçirilməsi mümkün deyildir. - Cavabdehin iddiaçıya ünvanladığı 22.11.2017-ci il tarixli məktubunun məzmunundan görünür ki, cavabdeh 07 dekabr 2005-ci il tarixdən 31 may 2009-cu il tarixədək olan dövr ərzində işəgötürən tərəfindən iddiaçının DSMF-dəki fərdi sosial sığorta hesabına məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməməsini İddiaçının həmin müddətdə faktiki olaraq Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətində olmaması və ona hər hansı ödənişlərin aparılmaması ilə əsaslandırmışdır. - DSMF-in İri Sığortaedənlərlə İş İdarəsinin iddiaçıya ünvanladığı 08.09.2017-ci il tarixli məktubundan görünür ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən şəxslər məcburi dövlət sosial sığorta ilə əhatə olunur. - DSMF-in İri Sığortaedənlərlə İş İdarəsinin “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanladığı 14 may 2018-ci il tarixli cavab məktubundan görünür ki, Şirkət tərəfindən təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) İddiaçı (SSN:**********636) 01.01.2006-cı il tarixdən 01.03.2006-cı il tarixədək hesablanıb ödənilmiş sosial sığorta haqqı 4283.21 manat, hesablanmış əmək haqqı 17132.83 manat təşkil etmişdir. - “xxxx” Şirkətinin məhkəməyə ünvanladığı 24.10.2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin sabiq işçisi İddiaçı beynəlxalq təcrübə keçmək üçün dəfələrlə xarici ölkələrə uzunmüddətli ezamiyyətə göndərilmişdir və son dəfə Quliyev X10 Britaniyaya 7 dekabr 2005-ci il tarixindən 31 may 2009-cu il tarixə qədər uzunmüddətli ezamiyyətdə olmuşdur. Xarici ölkələrə ezam olunmuş bütün işçilərin o ölkələrdə müvəqqəti çalışdığı dövr üçün məcburi sosial sığorta ödənişlərini onların ezam olunduğu ölkələrin qanunvericiliyinə əsasən həyata keçirilirdi və bunun nəticəsində 2006-cı il tarixindən 31 may 2009-cu il tarixə qədər(bu tarixdə öz xahişi ilə işdən azad edilib) İddiaçı Azərbaycan Respublikasında hər hansı bir əmək fəaliyyəti olmamış və Azərbaycan Respublikasında hər hansı əmək haqqı ödənilməmişdir. Yalnız 2006-cı ilin yanvar və fevral aylarında ona 2005-ci ilin sonunda ödənilməmiş məbləğ (məzuniyyət və illik mükafat) ödənilmişdir və bu məbləğdən tələb olunan sosial sığorta ödənişi aparılmışdır. Ödənilmiş məbləğ cəmi 17132.83 manat təşkil edib və bu məbləğdən sosial sığorta ödənişi 4283.21 manat olmuşdur. - DSMF-in pensiya məbləğinin hesablanmasına dair elektron sistemi üzərindən çıxarılmış cədvəlindən görünür ki, İddiaçı (SSN **********636) 219 manat məbləğində pensiya təyin edilmişdir. - Azərbaycan Beynəlxalq Bankının “xxxx” Şirkətinin rəhbərliyinə ünvanladığı 25.04.2018-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı adına 01.01.2009 - 24.04.2018-ci il müddətində “xxxx” Şirkəti tərəfindən heç bir köçürmə olunmayıb. - Cavabdehin yerli ödənişlər və imtiyazlar üzrə qrup rəhbərinin məhkəməyə ünvanladığı 24.04.2018-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçı 07.12.2005-ci il tarixdən 31.05.2009-cu il tarixə qədər “uzun-müddətli” ezamiyyətdə olmuş və ona sosial sığorta ödənişlərinin yalnız işlədiyi xarici ölkədə həyata keçiriləcəyi barədə məlumat verilmiş və iddiaçı bu şərtlərlə razılaşdıqdan sonra xarici ölkəyə işləməyə göndərilmişdir. Həmin dövr ərzində İddiaçının faktiki olaraq Azərbaycan Respublikasında əmək fəaliyyəti olmamış və ona Azərbaycan Respublikasında hər hansı əmək haqqı ödənilməmişdir. İddiaçı Böyük Britaniyada “uzun-müddətli” ezamiyyətdə olduğu dövr ərzində həmin ölkədə əmək fəaliyyətinə görə müvafiq əmək haqqı almış və həmin ölkədə buna uyğun müvafiq sosial ödənişlər həyata keçirilmişdir. - İddiaçının adına olan və mart 2006 - may 2009-cu il dövrünü əhatə edən aylıq ödəniş vərəqələrindən görünür ki, həmin dövrdə İddiaçıya ödənilmiş məbləğlər (aylıq əmək haqqı daxil olmaqla) net (tutumlardan sonrakı) rəqəmlərdir və fərdi gəlir vergisi və sosial sığorta ödəmələri “sıfır” kimi göstərilmişdir. Aylıq ödəniş vərəqələri iş materiallarına əlavə edilmişdir. Eyni zamanda ödəniş vərəqələrindən görünür ki, İddiaçıya əmək haqqı 30.06.2008-ci il tarixinə kimi ABŞ dolları ilə, 01.07.2008-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının müvafiq qanununa əsasən AR-nın Manatı ilə hesablanmışdır. İddiaçıya ödənişlər isə bilavasitə Birləşmiş Krallığın milli valyutası olan Funt Sterlinq (£) ilə aparıldığından, hər ödəniş vərəqəsində ABŞ dolları və ya Azərbaycan manatının Funt Sterlinqə (£) həmin dövr üçün olan ekvivalenti də göstərilmişdir. - “BP İnternational Ltd”-nin “xxxx” Şirkətinin Hüquq departamentinə ünvanladığı 11 may 2018-ci il tarixli məktubun məzmunundan görünür ki, “xxxx” Şirkətinin Azərbaycandakı nümayəndəliyinin işçisi İddiaçı öz işəgötürəni tərəfindən 07 dekabr 2005-ci il tarixdən 31 may 2009-cu il tarixinədək Böyük Britaniyada müddətli ezamiyyətdə işləmək üçün təyinat almışdır. X14 işlədiyi dövrdə BP şirkətinin siyasətinə uyğun olaraq, onun maaş və imtiyazlarının İddiaçı ötürülməsi “BP İnternational ltd” tərəfindən həyata keçirilmiş və Böyük Britaniya qanunvericiliyinə əsasən tələb olunan bütün vergilər və dövlət sosial sığorta məbləğləri onun adından Böyük Britaniyanın vergi orqanlarına ödənilmişdir. Həmçinin qeyd edilmişdir ki, Böyük Britaniya qanunvericiliyinə əsasən dövlət sosial sığorta ödənişləri barədə məlumat məxfi hesab olunur və “BP İnternational ltd”-nin həmin məlumatı əldə etmək imkanı yoxdur. O məlumat İddiaçı aid şəxsi məlumat olduğu üçün həmin məlumatı o özü əldə edə bilər. - İddiaçının ”BP İnternational Ltd”-yə ünvanladığı 22 fevral 2020-ci il tarixli sorğusu ilə o, 2006-cı ildən 2009-cu ilə qədər olan müddəti əhatə edən dövr, yəni 4 il üzrə onun əmək müqaviləsi ilə təyin olunmuş illik əmək haqqısı barədə yazılı məlumat verilməsini xahiş etmişdir. ”BP İnternational Ltd” iş materiallarına əlavə olunmuş 03 mart 2020-ci il tarixli cavab məktubunda iddiaçının aidiyyatı olan illər üzrə əmək haqqısı barədə məlumat verilmişdir. - DSMF-in iddiaçının nümayəndəsi və vəkili X7 ünvanladığı 28 oktyabr 2020-ci il tarixli Fərdi şəxsi hesab haqqında məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.8-ci maddəsinə əsasən “fərdi hesabın sığorta hissəsi” əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdaki vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 29-cu maddəsinə əsasən fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi 2006-2016-cı və 2019-cu illərdə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun, 2017-2018-ci illərdə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun həyata keçirilmişdir. Bildirirlər ki, istehlak qiymətləri indeksinin illik səviyyəsi 2006-cı ildə 8.3%, 2007-ci ildə 16,7%, 2008-ci ildə 20,8%, 2009-cu ildə 1,5%, 2010-cu ildə 5,7%, 2011-ci ildə 7,9%, 2012-ci ildə 1.1%, 2013-cü ildə 2.4%, 2014-cü ildə 1,4%, 2015-ci ildə 4,0%, 2016-cı ildə 12,4%, 2019-cu ildə 2.6%, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi 2017-ci ildə 5,7%, 2018-ci ildə 3,0%,təşkil etmişdir. - DSMF-nin 29 dekabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi qeydə alınır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Sığortaolunan İddiaçı xeyrinə sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları indi ödənilərsə, iddiaçının fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi pensiya kapitalı kimi cari ildə qeydə alınaraq növbəti illərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq istehlak giymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi həyata keçiriləcəkdir. Sığortaolunanın fərdi hesabının sığorta hissəsində cari ildə qeydə alınacaq pensiya kapitalının DSMF tərəfindən 2009-2019-cu illər üzrə indeksləşdirilməsi mümkün deyildir. - Məhkəmənin 25.07.2018-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 18.10.2019-cu il tarixli 24405 saylı rəyindən görünür ki, ekspertizaya əsasən İddiaçı “xxxx” Şirkətinin işçisi olduğu 01 mart 2006-cı il tarixdən 31 may 2009-cu il tarixədək olan dövr ərzində DSMF-dakı fərdi sosial sığorta hesabına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı 74,433.85 manat təşkil edir. - Məhkəmənin 09.01.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 23.06.2020-ci il tarixli 4137 saylı rəyindən görünür ki, “xxxx” Şirkəti tərəfindən hesablanmış əmək haqqını özündə əks etdirən «Ödəmə vərəqə»lərinə əsasən İddiaçı “xxxx” Şirkətinin işçisi olduğu 01.03.2006-cı il tarixdən 31.05.2009-cu il tarixədək olan dövr ərzində DSMF-dəki fərdi ekspert verdiyi rəyə əlavə olaraq iddiaçının DSMF-dəki fərdi sosial sığorta hesabına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı 74,433.85 manat təşkil edir. Rəyə DSMF fərdi sosial sığorta hesabında yaranan borcun hesablanmasına aydınlıq gətirmək üçün hesablanma cədvəlini əlavə etmişdir. - Məhkəmənin 02.02.2021-ci il tarixli qərardadı ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2021-ci il tarixli 9/ 868 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən faizlərin hesablanmasının mümkünlüyü məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə həmin dərəcələri nəzərə almaqla iddiaçının “xxxx” Şirkətinin işçisi olduğu 01 mart 2006-cı il tarixdən 31 may 2009-cu il tarixədək olan dövr ərzində DSMF-dakı fərdi sosial sığorta hesabına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı 74,433.85 manat təşkil etdiyi nəzərə alınmaqla, 2006-cı ilin mart ayından başlayaraq 2020-ci il daxil olmaqla İddiaçının DSMF-dəki fərdi sosial sığorta hesabına işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta ödənişlərindən yayınma məbləğinin hər il üçün ayrı-ayrılıqda indeksləşdirilmiş borcu və ümumillikdə qeyd olunan illər üzrə (2006-cı ilin mart ayından 2020-ci il daxil) indeksləşdirilmiş cəmi borc 152,592.3 manat təşkil edir. 17 dekabr 2019-cu il tarixli məhkəmə iclasında dindirilən ekspert izahatında göstərmişdir ki, verdiyi rəyin nəticə hissəsində müəyyən edilmiş sosial sığorta ödənişlərindən yayınma məbləği indeksasiyaya məruz qalmamışdır. Azərbaycan Respublikasının “Sosial Sığorta haqqında” Qanunun: - 2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sığorta edənlər tərəfindən əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. - 8-ci maddəsinə əsasən sığortaedənlər, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. İşəgötürənlər, sığortaolunanların xeyrinə sığorta fəaliyyətini həyata keçirirlər. - 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikasının “Əmək Pensiyaları haqqında” Qanununun: - 46-cı maddəsinə əsasən, bu Qanunun pozulmasına görə təqsirkar (fiziki və hüquqi) şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. - 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Məcburi dövlət sosial sığorta haqqının toplanması haqqında qaydaların 5.2-ci bəndinə əsasən seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquq formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığortaedən şəxslər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Həmin qaydaların 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri; vergi orqanlarının işçiləri; əmək müqaviləsi (konktraktı) ilə işləyənlər hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. İddia tələblərinə əsasən İddiaçı “xxxx” Şirkətinin tam ştatlı əməkdaşı olduğu müddətdə işəgötürənin təyinatı ilə xarici ölkəyə ezamiyyətə göndərilmiş və həmin müddət ərzində onun fərdi sosial sığorta hesabına işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri aparılmamışdır. İddiaçı bu halın pozuntu olmasını qanunvericiliyə uyğun pensiya alınması ilə əlaqədar müraciət edərkən müəyyən etmişdir. Belə ki, işin materiallarından görünür ki, 2017-ci ilin yanvar ayından iddiaçının Azərbaycan Respublikasında əmək pensiyası hüququ yaranmış və ona yaşa görə dövlət əmək pensiyası təyin edilmişdir. İddiaçı bununla razılaşmayaraq məhkəməyə müraciət etməzdən öncə cavabdehə 3 dəfə rəsmi qaydada müraciət edərək 01.03.2006-cı il tarixindən 31.05.2009-cu il tarixinə olan dövr ərzində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ödənişlərdən yaranan borcun onun DSMF-da olan fərdi sosial sığorta hesabına keçirilməsini xahiş etmiş və hər dəfə cavabdeh müvafiq qanunvericiliyin hər hansı normasına istinad etmədən bir birindən fərqli cavablar vermişdir. Müəyyən edilmişdir ki, iddiaçıya təyin olunmuş dövlət pensiyasının məbləgi ancaq onun Azərbaycan Respublikasındakı ümumi iş stajı əsasında, yəni minimal səviyyədə təyin edilmişdir. İddiaçı bunu DSMF-dakı fərdi sosial sığorta hesabına 2006-cı ilin mart ayından etibarən cavabdeh tərəfindən məcburi köçürmələr aparılmaması, bunun nəticəsində fərdi hesabın sığorta hissəsində müvafiq pensiya kapitalı yığılmaması ilə əlaqələndirmişdir. Cavabdehin nümayəndəsi iddiaya etirazın əsası kimi göstərmişdir ki, ezamiyyət zamanı iddiaçının əmək haqqını cavabdeh təyin etməmiş, ümumiyyətlə cavabdehin bu barədə məlumatı olmamış və “uzun-müddətli” xarici ezamiyyətdə olduğuna görə iddiaçının əmək haqqısı Azərbaycan Respublikasının ərazisində məcburi dövlət sosial sığorta ödəmələrinə cəlb oluna bilməzdi. Araşdırma zamanı cavabdeh bu dəlilini əsaslandırmaq üçün “BP İnternational Ltd”-nin “xxxx” Şirkətinin Hüquq departamentinə ünvanladığı 11 may 2018-ci il tarixli məktubuna istinad etmişdir. Məhkəmə cavabdehin iddiaya olan etirazı kimi istinad etdiyi həmin məktubun məzmununda göstərilənlərə qiymət verərək hesab edir ki, məktubda məlum olan faktlar, yəni, iddiaçının cavabdehin işçisi kimi Birləşmiş Krallığa ezam olunması və ezamiyyət müddətində iddiaçıya təyin olunmuş ödənişlərin “BP İnternational”-ın vasitəsi ilə ötürülməsinin göstərilməsi iddiaçının tələblərinin əsassız olmasını təsdiq etmir. “BP İnternational Ltd”-nin “xxxx” Şirkətinin Hüquq departamentinə ünvanladığı 11 may 2018-ci il tarixli məktubun məzmununda Böyük Britaniyada işlədiyi dövrdə BP şirkətinin siyasətinə uyğun olaraq, onun maaş və imtiyazlarının İddiaçı ötürülməsi “BP İnternational ltd” tərəfindən həyata keçirilməsi və Böyük Britaniya qanunvericiliyinə əsasən tələb olunan bütün vergilər və dövlət sosial sığorta məbləğləri onun adından Böyük Britaniyanın vergi orqanlarına ödənilməsi göstərilsə də, məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığortanın əhatə etdiyi subyektlərin dairəsi və istisna təşkil edən şəxslərin dairəsi "Sosial sığorta" haqqında Qanunun 12-ci maddəsində təsbit edilmişdir və bu norma imperativ xarakter daşıyır. Həmçinin də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normanın məzmunundan aydın olur ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Göründüyü kimi, 01.01.2006-cı il tarixdən etibarən işçinin (iddiaçının) sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Məhkəmə daha sonra qeyd edir ki, DSMF məcburi dövlət sosial sığortası ilə əhatə olunmaq tələbini vətəndaşın öz vəzifə borcunu harada yerinə yetirməsi və ona əmək haqqının nə yolla ödənilməsi ilə şərtləşdirmir. Yəni, şəxsin Azərbaycan Respublikasınin “Sosial Sığorta haqqında” və “Pensiyalar haqqında” qanunlarının subyekti olması və bununla da məcburi dövlət sosial sığortası ilə əhatə olmaq hüququnun yaranması üçün həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması və Azərbaycan Respublikasında fəaliyyət göstərən işəgötürən ilə əmək müqaviləsinin mövcudluğu kafi şərtlərdir. Məhkəmə qeyd edir ki, sadalanan bu şərtlər cavabdehlə əmək fəaliyyəti dövründə iddiaçıya münasibətdə mövcud olmuşdur. İddiaçı 07.12.2005-iı il tarixindən 31.05.2009cu il tarixə olan dövr ərzində cavabdeh tərəfindən ezamiyyətə göndərilmiş və 2006-cı ilin yanvar və fevral ayları üçün cavabdeh tərəfindən onun fərdi sosial sığorta hesabına məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmiş, 2006-cı ilin mart ayından etibarən isə ödənişlərin həyata keçirilməsi dayandırılmışdır. İddiaçı cavabdehin qeyd olunan dövr ərzində əmək müqaviləsi əsasında ştatlı işçisi olmuş və işəgötürənin təyinatı ilə ezamiyyətə göndərilmişdir. Həmin dövr üçün iddiaçının əmək haqqısı cavabdeh tərəfindən öncə ABŞ dolları, sonra isə Azərbaycan Respublikasında qəbul olunmuş müvafiq qanuna əsasən Azərbaycan Manatı ilə hesablanmış, bilavasitə ödəniş isə “BP Mobility Centre” (BP İnternational-ın xarici ezamiyyətdə olan işçilərinin maddi və məişət məsələləri ilə məşqul olan qolu) tərəfindən həyata keçirilmişdir. Belə ki, tərəflərin izahatlarından məlum olur ki, aylıq ödəniş vərəqələri avtomatik sistem vasitəsi ilə yaradılır, çap olunub zərflənir və işçinin şəxsi ünvanına göndərilir. İş materiallarında olan aylıq ödəniş vərəqələrindən aydın görünür ki, iddiaçıya ödənişlər 30.06.2008-ci il tarixinə kimi ABŞ dolları ilə, 01.07.2008-ci il tarixindən başlayaraq Azərbaycan Manatı ilə hesablanmışdır. Bütün aylıq ödəniş vərəqələrində fərdi gəlir vergisi və sosial sığorta ödəmələri “sıfır” göstərilmiş, bu məbləğlər (aylıq əmək haqqı daxil olmaqla) net (tutumlardan sonrakı) rəqəmlərdir. Ödəniş vərəqələri, cavabdehin israr etdiyinin tam əksinə olaraq, fərdi gəlir vergisi və sosial sığortaya tutumların İddiaçının ezam olduğu ölkədə aparılmadığını göstərir. Məhkəmə hesab edir ki, işin bu halı onu təsdiq edir ki, iddiaçının əmək müqaviləsi ilə gross (tutulmalardan əvvəlki) əmək haqqı cavabdeh təyin edib və maliyyələşdirib. Əks halda ödəniş vərəqələrində Birləşmiş Krallığın milli valyutası olan Funt Sterlinqdən (£) savayı digər valyutalardan (ABŞ $ və ya AZN) istifadə etməyə ehtiyac qalmazdı. Cavabdehin nümayəndəsi aylıq ödəniş vərəqələrinin rəsmi sənəd kimi qəbul edilməsinə etiraz etsə də, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillərin təkzib edilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. DSMF-in iş materiallarına əlavə edilmiş arayışlarından göründüyü kimi, İddiaçı (SSN**********636) 01.01.2006-cı il tarixdən 01.03.2006-cı il tarixədək (xaricdə olduğu dövrdə) 2 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 4644,69 manat pensiya kapitalı yığılmışdır. İş üzrə keçirilmiş üç ekspertiza rəyində cavabdehin 01.03.2006-cı il tarixindən 31.05.2009-cu il tarixinə kimi dövrdə iddiaçının DSMF-dakı fərdi sosial sığorta hesabına məcburi dövlət köçürmələrindən yayınmanın məbləği və həmin məbləğin 2006-cı ilin mart ayından başlayaraq 2020-ci il daxil hər il üçün ayrı-ayrılıqda və toplam indeksləşdirilmiş borc məbləği müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı iş üzrə olan sonuncu ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə iş üzrə toplanmış subutlara və proses iştirakçılarının məhkəməyə verdiyi izahatlara qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının 01.03.2006-cı ildən 31.05.2009-cu ilədək müddətində cavabdeh “xxxx” Şirkətində əmək müqaviləsi ilə işləməsi hazırkı işin mübahisəsiz halı olmaqla iş materialları ilə tam təsdiqini tapır. Məhkəmə hesab edir ki, "Sosial sığorta" haqqında Qanunun 12-ci maddəsinə uyğun olaraq, iddiaçı, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və fəaliyyət aparan şirkətin əmək müqaviləsi əsasında işçisi kimi onun məcburi dövlət sosial sığortası ilə əhatə olunmasını istisna edən qanuni əsaslar mövcud deyildir. Digər tərəfdən, işçinin öz vəzifə borcunu işəgötürənin təyinatı ilə xarici ölkəyə ezamiyyəti zamanı yerinə yetirməsi işəgötürəni işçisinin Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası ilə əhatə olunması məsuliyyətindən azad etmir. “Uzun-müddətli” ezamiyyətin sığortaedəni məcburi dövlət sosial sığortası üzrə ödənişlərindən azad edən hər hansı bir qanuni norması qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə, cavabdehin iddiaçını “uzun-müddətli” ezamiyyətə göndərdiyi zaman onun fərdi sosial sığorta hesabına məcburi dövlət sığorta ödənişlərinin aparılmaması barədə xəbərdarlıq etdiyi və iddiaçının bu şərti qəbul etməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlili iş materiallarına əlavə olunmuş hər hansı sənədlə öz təsdiqini tapmır və tapmış olsaydı belə bu Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunun müddəalarına zidd olardı. Məhkəmə cavabdehin iddiaçıya, onun xaricdə alınan maaşların məbləğləri haqqında və bu səbəbdən onun xaricdə alınan maaşların məbləğləri haqqında məlumatsız olması, eləcə də, bu səbəbdən Dövlət Müdafiə Sosial Fonduna heç bir ödənişlərin aparılmaması barədə xəbər verilməsini bu zaman iddiaçının buna heç bir etiraz bildirməməklə öz razılığını verməsinə dair dəlilinə də qiymət verərək hesab edir ki, əvvəla cavabdeh bu halın mövcud olmasını təsdiq edən sübut növü təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh ilə iddiaçı arasında hər hansı bir razılıq Azərbaycan Respublikasının müvafiq qanununun müddəalarına ziddirsə, belə razılıq qanuni sayıla və məhkəmə tərəfindən əsaslı qəbul oluna bilməz. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının xarici ölkədə ezamiyyətdə olduğu dövr ərzində cavabdeh Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta ödənişlərinin aparılmasından o zaman azad edilə bilərdi ki, o dövrdə sığorta ödənişlərinin həmin ölkədə aparılmasına dair Azərbaycan Respublikası ilə Böyük Britaniya və X8 arasında müvafiq saziş mövcud olaydı. Lakin müəyyən edilmişdir ki, belə bir saziş mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin rəsmi təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-prosessual qanunvericiliyinə əsasən tərəflər öz tələb və etirazlarını əsaslandırmağa borcludular. Cavabdeh tərəf iddia tələbinə etiraz versə də, iddia tələbinin təmin edilməməsi ilə bağlı iş üzrə tutarlı və işin mahiyyətinə bilavasitə təsiri ola bilən subut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən Məhkəmə (Hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında rəsmi tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sığorta olunanların əmək pensiyası onların DSMF-dakı fərdi hesabları əsasında təyin edilir. Fərdi hesab hər bir sığortaolunana DSMF tərəfindən uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Bu hesab iki hissədən – sığorta və yığım hissələrindən ibarətdir. Fərdi hesabın sığorta hissəsi sığortaolunanlar tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır (bu hissə də hər il istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir). Fərdi hesabın yığım hissəsi isə sığortaolunanların könüllü olaraq etdiyi ödənişlərdən ibarətdir. Beləliklə də, əmək pensiyaları yalnız fərdi hesabın sığorta hissəsi əsasında təyin edilir. Sığortaolunanlar pensiyaya çıxdıqdan sonra onların fərdi hesabının sığorta hissəsi müvafiq hesablamalar aparılmaqla əmək pensiyasının sığorta hissəsinə çevrilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin qanunla müəyyən olunmuş öhdəliklərinin vaxtında yerinə yetirilməməsi İddiaçı Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” Qanunları ilə müəyyən edilmiş sosial müdafiə hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə məcburi sosial sığorta ödənişlərinin məbləği hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2021-ci il tarixli 9/ 868 saylı ekspert rəyinə istinad edərək hesab edir ki, məcburi dövlət sosial sığorta ödənişləri 152,592.30 manat məbləğdə cavabdehdən tutularaq İddiaçı Dövlət Sosial Müdafiə Fondundakı fərdi sosial sığorta hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının DSMF-dəki fərdi sosial sığorta hesabına 2006-cı ilin mart ayından 2009-cu ilin may ayı daxil məcburi ödəmələrdən yayınma nəticəsində 2021-ci ilin əvvəlinə yaranan və ekspert rəyi ilə təsdiq olunmuş indeksləşdirilmiş borc birbaşa iddiaçıya deyil, DSMF-ə ödənilməli və qanunvericiliklə nəzərdə tutulmuş müəyyən tutumlardan sonra qalıq məbləğ iddiaçının fərdi sosial sığorta hesabının sığorta hissəsinə daxil olduqdan sonra onun aylıq pensiyası yenidən hesablanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, məcburi dövlət sosial sığorta ödənişləri üzrə yaranmış 152,592.30 manat (yüz əlli iki min beş yüz doxsan İki manat otuz qəpik) məbləğində borc cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı Dövlət Sosial Müdafiə Fondundakı fərdi sosial sığorta hesabına ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 395 manat cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Məcburi dövlət sosial sığorta ödənişləri üzrə yaranmış 152,592.30 (yüz əlli iki min beş yüz doxsan iki manat otuz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı Dövlət Sosial Müdafiə Fondundakı fərdi sosial sığorta hesabına ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 395 manat cavabdeh xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar