Məhkəmə qərarları › İş №2(006)-3827/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3827/2021

05.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3827/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nin Yük daşımaları Departamentinə qarşı “ödənilməmiş əmək haqqının (qazancın) ödənilməsi” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin Yük daşımaları Departamenti tərəfindən İddiaçı ödənilməmiş əmək haqqı (qazanc) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, 2012-ci ildən X1 maşinist işləyir. ADY QSC sədrinin 18/s 05.02.2016-cı il tarixli, “vahid əmək haqqı və kateqoriyalar cədvəlində” göstərilən kimi aylıq əmək haqqının 355.50 qəpik bir saat 2.418 qəpikdir. Lokomotiv hərəkəti 1.93 qəpik, boş dayanma 1.61 qəpikdir. Araşdırma zamanı məlum oldu kiu, depo rəislərinin 01.06.2012-ci il tarixli əmr №235, 07.05.2014-cü il tarixli əmr №227, 21.02.2020-ci il tarixli X3 rəisi A.A.Nəzərovun iştirakı ilə iclas zalında aparılmış müşavirənin protokol çıxarışında göstərilən 2.3.4 bəndlərində göstərilmiş iş saatları norma saata daxil olur, lakin bu saatların əvəzinə heç bir əmək haqqı ödənilmir. Həmin əmrə əsasən X2 elektrovozu qəbul edib, nəzarət postunu keçməsi və səfərdən sonra bütün hallarda 30 dəqiqə 01/06-2012-ci il tarixdən norma saata daxil olunur. Ancaq heç bir qəpik ödənilmir. X3 rəhbərliyindən soruşduqda ki, Lokomotiv qəbul edib nəzarət postuna qədər (45 dəqiqə), nəzarət postunu keçib stansiyaya daxil olub Lokomotivlə qatarın üstündə 1 saat dayandıqda nə qədər pul qazanmışam suala cavab verilmişdi ki, heç bir pul qazanmamışdı. Yük daşımaları Departamentinin 25.12.2011-ci il tarixli 369 №-li əmri verilmişdi. Bu əmrə əsasən stansiyalarda qatarlardan vaqon açılıb, qoşulmalı idi. Bir neçə il bu vaqonların açılıb qoşulmasın Lokomotiv briqadaları aparmışdır. Hal-hazırda stansiyalarda qatarlardan vaqon açıb qoşurlar. Bu 369 saylı əmrə görə Lokomotiv briqadaları işdə çox olur, lakin hec bir ödəmə olunmur. Stansiyalarda qatar üstündə boş dayandıqda (qırmızı siqnalda, qatardan vaqon açıb qoşulduqda) ödəmə olunmur, lakin norma saata daxil olunur. Onun hesablarına görə tələb etdiyi məbləğ təxminən yeddi min manat təşkil edir. Sonda iddiaçı qeyd edilənlərə əsasən, ödənilməmiş əmək haqqının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasın mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X2 maşinist vəzifəsində işləyir. İş materiallarında olan "xxxx" QSC-nin X3 235 saylı 01.06.2012-ci il tarixli və 227 saylı 07.05.2014-cü il tarixli əmrlərdən görünür ki, lokomotiv briqadalarının iş vaxtının və fasiləsiz iş müddəti hazırki əmrlərlə tənzimlənir. İş materiallarında olan Həmkarlar İttifaqının sədri tərəfindən İddiaçı ünvanlanmış məktubundan görünür ki, ərizədə qeyd olunan əmrlərlə əlaqədar komissiya bildirir ki, 2017-çi ilin may ayında Vahid Əmək haqqı və Kateqoriya Çədvəlinin dərəcələrinə müvafiq olaraq fəhlə və qulluqçularının aylıq tarif (vəzimfə) maaşlarının məbləğləri artırılmışdır. "xxxx" QSC-nin İqtisadi siyasət və təhlil şöbəsinin rəhbərliyi tərəfindən bir sıra ödənişlər dayandırılmışdır. Həmin şöbə ləğv edildiyindən həmin sənədləri əldə etmək mümkün olmamışdır. Həmin əmrlər əldə edilən kimi Sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 157-ci maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənişdir. 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxııd kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. 177.4-cü maddəsinə əsasən, orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənişlər hesaba alınır. 197.1-ci maddəsinə əsasən işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir; 197.2-ci maddəsinə əsasən işçi bütövlükdə və ya qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər; 196.5-ci maddəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur; 290.1-ci maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmə qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar; 290.2-ci maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir; 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, cekinin) verildiyi basa düsülür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2012-ci ildən X2 maşinist işləyir. ADY QSC sədrinin 18/s 05.02.2016-cı il tarixli, “vahid əmək haqqı və kateqoriyalar cədvəlində” göstərilən kimi aylıq əmək haqqının 355.50 qəpik bir saat 2.418 qəpikdir. Lokomotiv hərəkəti 1.93 qəpik, boş dayanma 1.61 qəpikdir. Depo rəislərinin 01.06.2012-ci il tarixli əmr №235, 07.05.2014-cü il tarixli əmr №227, 21.02.2020-ci il tarixli X3 rəisi A.A.Nəzərovun iştirakı ilə iclas zalında aparılmış müşavirənin protokol çıxarışında göstərilən 2.3.4 bəndlərində göstərilmiş iş saatları norma saata daxil olur, lakin bu saatların əvəzinə heç bir əmək haqqı ödənilmir. Həmin əmrə əsasən X2 elektrovozu qəbul edib, nəzarət postunu keçməsi və səfərdən sonra bütün hallarda 30 dəqiqə 01/06-2012-ci il tarixdən norma saata daxil olunur. Ancaq heç bir qəpik ödənilmir. Yük daşımaları Departamentinin 25.12.2011-ci il tarixli 369 №-li əmri verilmişdi. Bu əmrə əsasən stansiyalarda qatarlardan vaqon açılıb, qoşulmalı idi. Bir neçə il bu vaqonların açılıb qoşulmasın Lokomotiv briqadaları aparmışdır. Hal-hazırda stansiyalarda qatarlardan vaqon açıb qoşurlar. Bu 369 saylı əmrə görə Lokomotiv briqadaları işdə çox olur, lakin hec bir ödəmə olunmur. Stansiyalarda qatar üstündə boş dayandıqda (qırmızı siqnalda, qatardan vaqon açıb qoşulduqda) ödəmə olunmur, lakin norma saata daxil olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" QSC-nin Yük daşımaları Departamenti tərəfindən İddiaçı ödənilməmiş əmək haqqı (qazanc) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin Yük daşımaları Departamenti tərəfindən X1 maşinist vəzifəsində işləyən İddiaçı ödənilməmiş əmək haqqı (qazanc) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar