Məhkəmə qərarları › İş №2(006)-3861/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3861/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3861/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qıznn sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ağır vəziyətinin daha da ağırşaldığını, hal-hazırda hələ də həyat yoldaşı olan X2 ondan aliment tələbinin olduğunu, onun sabit əmək haqqının cəmi 500 manat olduğunu nəzərə alaraq, sabit gəlirinin yarısının aliment üçün tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh ona qarşı “alimentin artırılması” tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ondan hər bir uşaq üçün 220 manat olmaqla dörd uşağa görə cəmi 880 manat sabit pul məbləğində ailimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında o, iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, alimentin artırılması ilə razı deyil, çünki o, “Azəriqaz” İB-nin X16 İstismar İdarəsində çilingər yanında yardımçı fəhlə vəzifəsində çalışmaqla, aylıq əmək haqqı məbləği 345 manat təşkil edir. Eyni zamanda o, yenidən nikaha girmiş və sonrakı nikahından 1 uşağı dünyaya gəlib. Həmçinin hazırki vəziyyətini nəzərə alaraq hər uşağa görə 140 manat aliment ödəmək imkanına malik olduğunu bildirmişdir. Beləliklə, 04 Avqust 2023-cü il tarixdə məhkəmə iclasında müəyyən olundu ki, onun maddi vəziyyətini, yenidən nikaha girməyi və həmin nikahdan da bir uşağının anadan olmasını nəzərə alaraq iddia tələbini qismən təmin edərək aliment məbləğini artıraraq, hər uşaq üçün 140 manat olmaqla, cəmi 560 manat məbləğinə müəyyən edilmişdir. O da öz növbəsində aliment qərarının qüvvəyə mindiyi müddətdən 560 manat ödəmiş, lakin son iki aydır ki, ailədaxili maddi sıxıntılardan onun ikinci ailəsində də keçimsizlik yaranıb. Əsas səbəb də, alimenti tam ödəmək üçün həyat yoldaşı Şamaxı şəhəri M. Qənizadə adına 1 saylı Tam Orta məktəbdə İbtidai sinif müəllimi işləyən X2 aylıq məvacibindən götürüb alimenti tamamlamağı olub. Hətta vəziyyəti o həddə çatıb ki, həyat yoldaşı boşanma və aliment tələbi ilə Ağsu Rayon Məhkəməsinə iddia ərizəsiylə müraciət edib. Artıq ilkin məhkəmə iclası 24 İyun 2024-cü il tarixində X13 tərəfindən kecrilmiş, birgə nikahdan xx.xx.2018-ci il tarixində dünyaya gəlmiş övladı X5 valideynlərdən hansının yanında qalması barədə qərar qəbul etmək üçün Ağsu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasina müraciət göndərmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3197/2023 saylı qətnaməsinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)- 2587/2018 saylı qətnaməsi əsasında təyin edilən alimentin miqdarı artırılaraq, xx.xx.2008ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, hər ay cəmi 560 (beş yüz altmış) manat məbləğində alimentin tutulması qət edilmişdir. 09 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/9/2024-00608 saylı, xx.xx.2024cü il tarixli arayışın surətinə əsasən, tərəflər arasında ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. Mediasiya xərci olan 50 manat məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № 063480 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, X10 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası isə X4r. Şamaxı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ № 305194 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə X7 arasındakı nikah xx.xx.2019-cu il tarixdə bağlanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı tərəfindən məkhəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını ikinci dəfə ailə qurmaqla himayəsində daha bir uşağın olması, birinci nikahından olan 4 uşağa ümumilikdə 560 manat aliment ödəməsinin artıq ikinci ailəsinin də dağılmağına səbəb olmasına əsaslanmaqla tələb etmişdir. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan 4 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, uşaqların saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıdan uşaqlarına görə tutulan alimentin məbləği (1 uşağa görə 140 manat) hal-hazırda Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumundan (235 manat) xeyli aşağıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ikinci dəfə ailə həyatı qurması və daha bir övladının olması, uşaqlarına aliment ödəməsinin ikinci ailəsində problemlər yaradaraq boşanma həddinə çatdırması xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin azaldılması üçün yeganə əsas ola bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi həddində - dörd uşağa görə iddiaçının 500 manat sabit gəlirin yarsının – ümumilikdə 250 manat məbləğində alimentin müəyyən edilməsi uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Qanunvericiliyin tələbləri baxımından, alimentin miqdarı yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişikliklər olduğu halda dəyişdirilə, yəni artırıla və ya azaldıla bilər. Hazırda isə alimentin azaldılmasına əsas ola bilən halların baş verməsi müəyyən edilməmiş, əksinə iddiaçının əmək haqqında artımın olduğu müəyyən edilmişdir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarılarkən iddiaçı ikinci dəfə nikaha daxil olmasını, himayəsində daha bir uşağın olmasını və əmək haqqının 345 manat olmasını əsas gətirməklə hər uşağa görə 140 manat aliment ödəmək iqtidarında olduğunu bildirmişdir. Hazırda isə əmək haqqının 500 manat olmasını əsas gətirməklə təyin olunmuş alimentin miqdarnın azaldılmasını tələb edir. Göründüyü kimi sözügedən qətnamə çıxarılarkən də iddiaçı artıq digər nikahda olmuş və bu nikahdan 1 uşağı doğulmuşdur və əmək haqqı hazırda aldığı məvacidən aşağı olmaqla 345 manat təşkil etmişdir ki, bütün bunlar məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində ciddi dəyişikliklərin olması ilə bağlı iddiaçının dəlillərinin əsassız olmasını təsdiq edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar