Məhkəmə qərarları › İş №2(006)-3870/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3870/2025

22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3870/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 alimentin tələbi ilə bağlı xx.xx.2010-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəlüdlü X5 və xx.xx.2019-cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər bir uşağa hər ay 100 manat olmaqla, cəmi 300 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ailə qurandan onların ailə münasibətləri yaxşı olmayıb və münasibətləri pozulmuşdur. Səbəb isə cavabdehin xasiyyətlənin uyğunsuzluğudur. Belə bir vəziyyətdə cavabdehlə birgə nikahda qalıb ailə münasibətini davam etdirmək qeyri-mümkündür. Bu səbəbdən də nikah məhkəmə qaydasında pozulmuşdur. Eyni zamanda, boşanmadan sonra uşaqların yanında saxlanılmasını tələb etmişdir. Göstərilənlərə əsasən,cavabdeh X7 ilə onun arasında bağlanmış 10 noyabr 2006-cı il tarixli nikahın pozulması, azyaşlı uşaqlarının onun yanında saxlanılması müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə qarşı etiraz etmədi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3927/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış və vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat şöbəsinin 3 nömrəli filialında 704 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2010-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəlüdlü X5 və xx.xx.2019-cu il təvəlüddlü X3 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cü il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəlüddlü X9 və xx.xx.2019-cu il təvəlüddlü X8 hazırda iddiaçının yanındadırlar. Məhkəmə qətnaməsi ilə onların saxlanılması üçün aliment tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun midarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, həmin dövrdə ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat müəyyən edilmişdir. Göstərilənlər ümumilikdə cavabdehin uşaqlarının saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşaqların böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, bütün işin qeyd edilən hallarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehdən hər aya görə hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 (100:400=0.25) misli həddində sabit pul mələğində aliment tutulması ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli xx.xx.2010-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəlüdlü X5 və xx.xx.2019-cu il təvəlüddlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti xx.xx.2025ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2010-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəlüdlü X5 və xx.xx.2019-cu il təvəlüddlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X11 (Gadzhiev Rafig) oğlundan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar