Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3877/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş mənəvi sarsıntı və iztiraba görə cavabdeh "xxxx" ASC-dən 500 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.02.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən hesablanmış 384 manat borcun qeyri-qanuni hesab edilməsi barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi R.Səmədov iddianı təmin edərək, yaranmış borcun silinməsi barədə qərar qəbul etmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra məmuru Rövşən Əhmədov "xxxx" ASC-yə 16.11.2020-ci il tarixli e194978/2020-5-29-002 saylı bildirişi (tələbin könüllü icrası barədə) və 16.11.2020-ci il tarixli 2(006)-2442/2020-016 saylı qərarı təqdim etsə də (24.11.2020-ci il tarixdə sənədi qəbul etdi Boçkova), icra edilməmişdir. Qeyd etmək istəyir ki, iddianın təmini tədbiri üçün çıxarılmış 20.02.2020-ci il tarixli 2(006)-2442/2020 saylı qərardadın olmasına baxmayaraq, dəfələrlə enerji təchizatı dayandırılmış və bu səbəbdən, o, dəfələrlə "xxxx" ASC-yə, Binəqədi İşıq İdarəsinə və s. gedərək saatlarla cavab gözləmək məcburiyyətində qalmışdır. 14.01.2021-ci il tarixdə "xxxx" ASC-yə yenidən müraciət etmiş və müraciətinə cavab olaraq qətnamədən apellyasiya şikayəti verildiyini (01/05-06/G- 004/553 saylı cavab) bildirmişlər. MPM-in 357-ci maddəsinin 1-ci bəndində göstərilir ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarından apellyasiya şikayəti verilə bilməz. Nəhayət, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.02.2021-ci il tarixli 2(103)- 1629/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli 2(006)-2442/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. 19.02.2021-ci il tarixdə ona məxsus olan elektrik sayğacı smart tipli sayğacla əvəz olunmuş, lakin kartı sistemə otuzdurmadıqları üçün fevral ayının 23-nə qədər elektrik enerji təchizatından (3 gün) məhrum olmuşdur. Kart bərpa edildikdən sonra isə ödədiyi pulun yarısını debitor borcdan çıxmışlar. Karta pulun yüklənməməsi ilə əlaqədar o həm Binəqədi ET və Sİ-yə, həm də "xxxx" ASC-yə ərizə ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.02.2021-ci il tarixli 2(103)-1629/2021 saylı qətnaməsini icra etmək üçün dəfələrlə "xxxx" ASC-yə həm yazılı, həm də şifahi müraciətlər etmişdir və bu günə qədər müsbət cavab ala bilməmişdir. Bütün bunlara əsaslanaraq bildirmək istəyir ki, "xxxx" ASC 1 ilə yaxındır ki, müxtəlif vaxtlarda elektrik enerji təchizatını dayandırmaqla onu fiziki iztirab və mənəvi sarsıntıya məruz qoymuşdur. Belə ki, saatlarla "xxxx" ASC və Binəqədi İşıq İdarəsində gözləmək, əksər hallarda müsbət cavab almayaraq mənəvi psixoloji sarsıntıya məruz qalmışlar. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli 2(006)-2442/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilmiş, "xxxx" ASC tərəfindən tərtib olunmuş 04.02.2020-ci il tarixli 87986178 saylı sənəddəki 20720 saylı aktın göstəricisi nəticəsində yaranmış 3600 kvs sərfiyyat və bununla əlaqədar hesablanmış 384 manat borcun silinməsi qət edilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin mülki işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra, tərəflər arasında yazışmalar olmuş, iddiaçı cavabdehə borcun silinməsi ilə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəf mülki prosessual qanunvericilikdə təsbit olunmuş şikayət vermək hüququndan istifadə etdiyini, apellyasiya şikayəti verdiyini bildirmiş, həmin şikayətlə bağlı qərar veriləndən sonra borcun silinməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan başqa, iddiaçı cavabdehə iki dəfə müxtəlif səpkili ərizələrlə müraciət etmişdir. Cavabdeh tərəf həm mülki işə birinci, həm apellyasiya instansiyası məhkəmələrində baxılarkən, həmçinin bundan sonra iddiaçıya mənəvi zərər vura biləcək hər hansı təqsirli hərəkətə yol verməmiş, təqsirli hərəkətsizlik nümayiş etdirməmişdir. İddiaçı ona mənəvi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmiş, iddiaçı ilə cavabdeh arasında əvvəllər mövcud olan borcun silinməsinə dair mübahisəyə baxılması və bundan sonra aralarındakı yazışmalarla ona mənəvi zərər vurulması arasında səbəbli əlaqənin nədə ifadə olunmasını izah edə bilməmişdir. Bu cür səbəbli əlaqənin mövcud olması məhkəmə iclasında da sübut edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun (Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinadən). Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan hallardan heç bir mövcud olmadığına görə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3877/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3877/2021
10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver