Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-39/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi – Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14712 manat sğorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, MİDA MMC 001/02/MİDA20 saylı, xx.xx.2021-ci il tarixli Güzəştli Mənzilin alqı-satqısı və ipotekası müqaviləsinin şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən mənzili alıcı-ipoteka qoyan Nəcəf-X5 mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Digər Borcalan X2 oğlu. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-948/2021 saylı qətnaməsinə əsasən Nəcəf-X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. X6 oğlu və Atəşgah Həyat Sığorta Şirkəti ASC arasında xx.xx.2020-ci il tarixli, MAP-208294 saylı həyat sğortası müqaviləsi bağlanılmışdır. Nəcəf-X5 vəfatı ilə əlaqədar olaraq Atəşgah Həyat Sığorta Şirkəti ASC-yə sığorta ödənişinin verilməsinə dair müraciət edilmişdir. Atəşgah Həyat Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hesab edir ki, Atəşgah Həyat Sığorta Şirkəti ASC əsassız və qanunsuz olaraq sığoıta ödənişinin verilməsindən imtina edir. İş materiallarına diqqət etdikdə, belə halın baş verməsi öz təsdiqini tapmır. Nəcəf-X5 ölüm səbəbi olaraq qəfil ürək tutmasıdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, iddiaçının oğlu X6 oğlu ipoteka kreditləri üzrə borcalanların həyat sığortası üzrə 05 fevral 2020-ci il tarixli MAP-208294 saylı “Həyat Sığorta Şəhadətnaməsi" əsasında sığorta olunmuş və o, 05 yanvar 2021-ci il tarixində “ürəktutması” nəticəsində vəfat etmişdir. “Atəşgah Həyat" Sığorta Şirkəti tərəfindən Ü.M.Nəcəf-Quliyevə münasibətdə sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq üçün Ü.M.Nəcəf-Quliyev ilə sığorta müqaviləsi bağlanan zaman ona ərizə forması təqdim olunmuş, ərizədə müxtəlif xəstəlik adları sadalanmaqla “Siz aşağıda adları çəkilən xəstəliklərə tutulmusunuzmu? “; “Yuxarıda qeyd olunmayan hər hansı xəstəliyiniz və ya travmalarınız varmı? “ sair suallarına Ü.M.Nəcəf-Quliyev “xeyir” cavabını vermişdir. Həmçinin Ü.M.Nəcəf-Qulivev qeyd olunan ərizədə sığorta üzrə olan bütün müddəaların həqiqətə uyğunluğunu və doğruluqunu təsdiq etmiş, o cümlədən ərizə yalan olduğu və ya riskin düzgün qiymətləndirilməməsi halında Sığorta Şirkətinin imzalanmış müqaviləni ləğv etməyə ixtiyarı olduğunu təsdiq etməklə ərizəni imzalanmışdır. İşin hallarından məlum olur ki, Ü.M.Nəcəf-Quliyev sığortalanma barədə ərizə verərkən özündə olan ciddi xəstəlikləri, aldığı müalicələri və mövcud sağlamlıq durumu ilə bağlı əhəmiyyətli olan məlumatları bildirməmiş, ərizədə verilmiş suallara yanlış cavab verməklə, cavabdehdə tam sağlam olması barədə təsəvvür yaratmışdır. Ü.M.Nəcəf-Quliyevin cavabdehə sağlamlıq vəziyyətinə dair yanlış məlumat verməsi Ü.M.Nəcəf-Quliyevin ölümü barədə daxil olmuş məlumat araşdırılarkən tibbi sənədlər əsasında müəyyən edilmişdir. Belə ki, Səbail rayon 1 saylı şəhər poliklinikası tərəfindən “Atəşgah Həyat" Sığorta Şirkətinə daxil olmuş 14 iyun 2021-ci il tarixli 456 saylı Epikrizə və 12 oktyabr 2021-ci il tarixli məktuba əlavə olunmuş X7 Kartasına əsasən müəyyən edilmişdir ki, Ü.M.Nəcəf-Quliyevdə 24 iyun 2010-cu ildən “xroniki revmatik xəstəliyi, mitral qapaqların iltihabdan sonra qalınlaşması və prolapsı” xəstəlikləri mövcud olmuşdur. Göründüyü kimi, Ü.M.Nəcəf-Quliyev xeyrinə Sığorta müqaviləsi bağlanan zaman ona təqdim olunmuş ərizədə heç bir xəstəliyinin olmamasını bəyan etməklə əslində mövcud olan və onun ölümünə birbaşa səbəb olan xroniki revmatik xəstəliyi, mitral qapaqların iltihabdan sonra qalınlaşması və prolapsı” xəstəlikləri barədə sığortaçıya qəsdən yalnış məlumat vermiş, nəticədə sığortaçını sığorta riskini qiymətləndirmək hüququndan məhrum etmişdir. Baxılan halda, Ü.M.Nəcəf-Quliyev qəsdən yalnış məlumat verməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Qaydaların tələblərini pozmuşdur. Qanunvericiliyin təhlili belə dəməyə əsas verir ki, iddiaçının baxılan iş üzrə sığorta ödənişi verilməsi ilə bağlı mövqeyi istər qanunvericiliyin tələblərinə, istərsə də bütövlüklə sığorta institutunun mahiyyətinə, təbiətinə ziddir. Deməli, sığorta gələcəkdə baş verə bilməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq məlum olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Elə həmin anlayışda məhz “risklər” sözündən istifadə olunması mümkün sığorta hadisəsinin baş vermə imkanın ehtimallar əsasında güman edilməsi ilə bağlıdır. Bu səbəbdəndir ki, uzun onilliklər ərzində dünyada formalaşmış işgüzar təcrübədə sığorta institutuna məhz bu kontekstdən baxılır. Ciddi (nüfuzlu) sığorta şirkətinin baş verəcəyi öncədən dəqiq məlum olan hadisəyə görə sığorta müqaviləsi bağlamağa razılıq verməsinin təsəvvür edilməsi mümkünsüzdür. Əks halda, sığorta şirkətlərinin, həyata keçirdikləri kommersiya fəaliyyətindən mənfəət əldə etmə imkanı olmaz. Təsadüfi deyildir ki, qanun eyni məntiqi sığorta hadisəsinə münasibətdə də nümayiş etdirmişdir. “Atəşgah Həyat" Sığorta Şirkəti Ü.M.Nəcəf-Quliyevin qəsdən yalnış məlumat verməklə sığortaçını sığorta riskini qiymətləndirmək, müqavilə bağlamaqdan imtina etmək hüququndan məhrum etdiyi üçün sığorta ödənişinin verilməsindən imtina etmiş və bununla bağlı 05 iyul 2021-ci il tarixli O-H- 2021-0358 saylı məktubla faydalanan şəxs olan "xxxx"ASC-nin “Yasamal” filialına məlumat verilmişdir. “Sığorta şəhadətnaməsi”nin tələbləri üzrə iddiaçı faydalanan şəxs kimi sığorta müqaviləsində müəyyən olunmuş sığorta ödənişinin verilməsini tələb etmək, sığorta ödənişini almaq hüququna malik deyildir. Belə ki, iş materiallarından da görünür ki, Müqavilə şərtlərinə əsasən, faydalanan şəxs "xxxx" ASC-nin “Baş ofisi”, ipoteka krediti Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu (AİF) tərəfindən yenidən maliyyələşdirildiyi andan etibarən isə AİF-dir. Baxılan halda, sığorta ödənişinə münasibətdə tələb hüququ "xxxx"ASC-nin “Baş ofisi”-nə məxsusdur. Baxılan halda isə, iş materiallarından da göründüyü kimi sığorta müqaviləsi üzrə olaraq faydalanan şəxs iddiaçı deyil, "xxxx"ASCnin “Baş ofisi”-dir. Digər tərəfdən isə iddiaçının ümumiyyətlə, Ü.M.Nəcəf-Quliyevin vərəsəsi kimi qanunla müəyyən edilmiş hüquqları iş materialları ilə sübut olunmur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və tələbin rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 05 fevral 2020-ci il tarixli MAP-208294 saylı Həyat Sığorta Şəhadətnaməsindən görünür ki, müqavilə X6 oğlu ilə cavabdeh arasında ipoteka kredit müqaviləsi üzrə bağlanmış, müqavilə üzrə faydalanan şəxs qismində "xxxx" ASC Baş ofisdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-948/2021 saylı qətnaməsindən görünür ki, Nəcəf-X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 159815 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X6 oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli O-H-2021- 0358 saylı məktubdan görünür ki, cavabdeh tərəfindən Nəcəf-X5 ölümü ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-201/2022 saylı qətnaməsindən görünür ki, 05 fevral 2020-ci il tarixli MAP-208294 saylı Sığorta müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-719/2023 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3918/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 201/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının göstərilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3918/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Həmin Məcəllənin 909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Həmin Məcəllənin 909.3-cü maddəsinə əsasən, öz həyatını sığorta etdirən fiziki şəxs müvafiq sığorta müqaviləsində istənilən şəxsi (şəxsləri) faydalanan şəxs qismində təyin edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü yuxarıda qeyd Qanunvericiliyin tələblərindən göründüyü kimi sığorta ödənişi faydalanan şəxsə verilir ki, iddia tələbinin əsası kimi istinad olunan sığorta müqaviləsi üzrə iddiaçının bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən ödənişin hər hansı hüquqla iddiaçıya verilməli olması müəyyən edilməmiş, əksinə sığorta müqaviləsi üzrə faydalanan şəxsin "xxxx" ASC olması və həmin sığorta ödənişinin sığorta hadisəsi nəticəsində "xxxx" ASC-yə verilməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, sığorta ödənişi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada və ya sığorta müqaviləsi ilə hər hansı hüquq əldə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı sığorta müqaviləsi üzrə faydalanan şəxs olmadığından iddiaçının mülki işə dair subyektiv hüququ yoxdur. Əgər iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olduğu qəbul edilsə belə, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 201/2022 saylı qətnaməsi ilə iddia tələbinin əsası kimi istinad olunan 05 fevral 2020-ci il tarixli MAP-208294 saylı Sığorta müqaviləsi etibarsız hesab edilmişdir ki, bu halda da iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-39/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-39/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver