Məhkəmə qərarları › İş №2(006)-3906/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3906/2025

13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3906/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdikləri mənəvi sarsıntı və iztirablara görə 4.000 (dörd min) manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin Binəqədi idarəsindəki əməkdaşları tərəfindən ünvan 1 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin elektrik enerji təchizatı dayandırılmışdır. İddiaçılar aidiyyəti qurumlara həm şifahi, həm də yazılı müraciət etmişlər: xx.xx.2025-ci il tarixdə "xxxx" ASCnin sədrinə, xx.xx.2025-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə, xx.xx.2025-ci il tarixdə Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinə və s. xx.xx.2019-cu il tarixə qədər ********** qeydiyyat nömrəsi üzrə çıxarış iddiaçıların övladı X2 məxsus olmuşdur. xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evi 3 paya bölünmüş və paylar iddiaçıların adına da sənədləşdirilmişdir. İddiaçı1 xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh ASC-yə müraciət edərək, özünə məxsus olan fərdi yaşayış evinə ayrıca sayğac quraşdırılmasını xahiş etmiş, lakin cavabdehin əməkdaşları sayğac quraşdırmaqdan imtina etmişlər. O, təqaüdçüdür və böyrək çatışmazlığı, öd daşı xəstəliklərindən əziyyət çəkir. Digər İddiaçı2 isə xx.xx.2025-ci il tarixdə elektrik enerjisinin dayandırılmasından sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 2122/2025 nömrəli qətnaməsi ilə akt üzrə hesablanmış cərimə silinmişdir. Lakin elektrik enerji təchizatı hazırkı iddia ərizəsi məhkəməyə verilən günə qədər bərpa olunmamışdır. Göstərilənlərdən aydın olur ki, cavabdeh tərəfindən iddiaçılara mənəvi zərər vurulmuşdur və onlar iztiraba məruz qalmışlar. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib bildirdi ki, 2025-ci ilin fevral ayından iyun ayınadək işıqsız qalmışlar. Xəstə olduğundan bu hal onun səhhətinə də mənfi təsir göstərmiş, əzab çəkməsi ilə nəticələnmişdir. Onlar ərzaqlarını qonşunun soyuducusunda saxlayaraq istifadə etmişlər. Bütün bunlara görə mənəvi zərərin ödənilməsi barədə tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib bildirdi ki, elektrik enerjisinin dayandırılmasının qadağan olunması barədə məhkəmə qərarının mövcudluğuna baxmayaraq, cavabdeh fevral ayından iyun ayınadək onların evinə verilən işığı kəsmiş, məhkəmə qərarını icra etməmişdir. Bununla bağlı o, İcra şöbəsinə müraciət etmiş və İcra şöbəsi tərəfindən inzibati xəta haqqında protokol da tərtib edilmişdir. İşıq olmadığından ərzaqlarını qonşunun soyuducusunda saxladığını və mənəvi zərərə məruz qaldıqlarını əlavə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib bildirdi ki, tələb iddiaçıların hüquqdan sui-istifadə etməsi ilə irəli sürülmüşdür. Belə ki, İddiaçı2 evinə kənar xətt çəkməsi ilə bağlı cavabdehin əməkdaşları tərəfindən dəfələrlə onun barəsində aktlar tərtib edilsə də, o, əməllərinin cavabdehin əməkdaşları tərəfindən düzgün sənədləşdirilməməsindən istifadə edib, aktlar üzrə yazılan cərimələrin silinməsinə nail olmuşdur. Hətta axırıncı iş üzrə məhkəmə tərəfindən cavabdehin əməkdaşları barəsində xüsusi qərardad da qəbul edilmişdir, iş hazırda prokurorluqdadır. İddiaçıların yalnız 1 ay – xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində işıqsız qaldığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 adına qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, NİM № 010532 aktdan görünür ki, EEİQ-na uyğun **********A0000 nömrəli abunə kodu üzrə İddiaçı2 məxsus Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evinə sayğaca baxış keçirilən zaman həmin evdə sayğac sxemindən kənar xətdən istifadə edildiyi məlum olmuşdur. Belə ki, kənar xətt sayğacı qidalandıran SİP xəttinin izolyasiya yolu ilə birbaşa çıxış ayrıcıya verməklə çəkilmişdir. Axan yüklər ölçülmüş, kənar xəttin ləğv edilməsi tələb edilmişdir. Akt "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmış, hal şahidləri olmamış, abonent qrafası qarşısında onun iştirak etmədiyi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(006)-81/2025 nömrəli qərardadından və icra vərəqəsindən görünür ki, ərizəçi İddiaçı2 ərizəsi təmin edilərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********A0000) verilən elektrik enerjisinin dayandırılması "xxxx" ASC-yə qadağan edilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən verilmiş tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(006)-81/2025 nömrəli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi cavabdeh ASC-dən xahiş edilmişdir. İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə və İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə ünvanlanmış ərizələrdə qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı və İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “könüllü icra haqqında” bildirişi olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdən dayandırılmış elektrik enerji təchizatı ərizə verilən günədək bərpa edilməmiş, buna görə də o, Xutor qəsəbəsi, 3-cü sıra, ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerji təchizatının bərpa edilməsinə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı2 tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı və İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “könüllü icra haqqında” bildirişi olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdən dayandırılmış elektrik enerji təchizatı ərizə verilən günədək bərpa edilməmiş, buna görə də o, Xutor qəsəbəsi, 3-cü sıra, ev 2A ünvanında yerləşən fərdi yaşayış evinin elektrik enerji təchizatının bərpa edilməsi barədə cavabdeh qarşısında öhdəlik qoyulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, məhkəmə qaydasında araşdırma aparıldığına görə müvafiq ünvana verilən elektrik enerjisi dayandırılmamışdır. İddiaçı2 xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə Nəsimi rayon İcra şöbəsinə və cavabdeh ASC-yə məhkəmə qərarının icra edilməsi üçün təkrar ərizələrlə müraciət etmişdir. Cavabdeh tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli müraciəti əsasında müvafiq ünvana keçirilən baxış zamanı qüsur aradan qaldırılaraq fərdi yaşayış evinin elektrik enerji təchizatı bərpa olunmuşdur. İş materiallarına, həmçinin, abonentin hərəkət cədvəli, abunə haqqında sənəd, videgörüntülər olan 1 ədəd disk, fotoşəkillərin surəti də əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən iş materiallarının tədqiqi və tərəflərin izahatı əsasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların oğulları – X2 məxsusdur. xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları evdə kənar xəttin olması ilə bağlı NİM 010532 nömrəli akt tərtib edərək, xx.xx.2025-ci ildən iddiaçılara məxsus evə elektrik enerjisi verilməsini dayandırmışlar. İddiaçı2 “akt üzrə yazılmış cərimənin silinməsi” tələbi ilə məhkəməyə müraciət etməklə yanaşı, elektrik enerjisinin bərpa olunması barədə müvəqqəti təminat tədbirinə dair ərizə də vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, evə verilən elektrik enerjisinin dayandırılması "xxxx" ASC-yə qadağan edilsə də, cavabdeh həmin qərardadı icra etməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar fevral ayından iyun ayının sonunadək mütəmadi olaraq cavabdeh ASC-yə və məhkəmə qərardadının icrasını təmin etməli olan İcra şöbəsinə qərardadın icrasının təmin edilməsi üçün yazılı qaydada müraciətlər etmişlər. Cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahat ilə müəyyən edilir ki, iddiaçılara məxsus evdə xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə elektrik enerjisinin verilməsi dayandırılmış, qalan bütün müddətdə onların işığı olmuşdur. Bununla bağlı iş materiallarında cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub vardır. Belə ki, məktubda məhkəmə qaydasında araşdırma aparıldığına görə müvafiq ünvana verilən elektrik enerjisinin dayandırılmadığı qeyd edilmişdir. Lakin iş materiallarında həm də cavabdeh tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub da vardır. Hansı ki həmin məktubda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli müraciəti əsasında müvafiq ünvana keçirilən baxış zamanı qüsur aradan qaldırılaraq fərdi yaşayış evinin elektrik enerji təchizatı bərpa olunmuşdur. Beləliklə, cavabdehin nümayəndəsinin də məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqlənərək işin mübahisəsiz halını təşkil edən faktdır ki, iddiaçılara məxsus ünvana verilən elektrik enerjisi təchizatının dayandırılmasının qadağan olunması barədə dərhal icra edilməli olan, qanuni qüvvəsini almış məhkəmə qərardadının mövcud olmasına baxmayaraq, cavabdeh iddiaçılara məxsus evə verilən elektrik enerjisi təchizatını müəyyən müddətə dayandırmışdır. Buna görə də iddiaçılar 4.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq onlara ödənilməsini xahiş edir, cavabdeh isə iddiaçıların hüquqdan sui-istifadə etdiyini mübahisələndirərək, iddianı qəbul etmir. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, cavabdehin qanuni qüvvəsini almış məhkəmə qərardadını icra etməməsi və iddiaçıların uzun müddət işıqsız qalması mübahisəsiz olaraq müəyyən edildiyindən, məhkəmənin qənaətinə görə bu hal iddiaçıların mənəvi zərərə məruz qalması, onların iddia etdikləri kimi əzab-əziyyət, iztirab çəkmələri, stres keçirmələri ilə nəticələnmişdir. Lakin iddiaçılar vurulmuş mənəvi zərəri 4.000 manat məbləğində qiymətləndirsələr də, məhkəmə mənəvi zərərlə bağlı qiymətləndirmə sərbəstliyinə əsaslanaraq və diqqətəlayiq halları (iddiaçıların hüquqdan sui-istifadə etmələri, yəni dəfələrlə cavabdeh tərəfindən kənar xəttlə bağlı tərtib edilmiş aktlar əsasında yazılmış cərimələrin sırf düzgün aktlaşdırmama səbəbindən silinməsini, hətta bununla əlaqədar cavabdehin əməkdaşları ilə bağlı məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməsini və s.) nəzərə alaraq hesab edir ki, onlara dəymiş mənəvi zərərin 1.000 manat məbləğində müəyyən edilməsi daha ədalətlidir. Məhkəmə hesab edir ki, tələbin qismən təmin edilməsi iddiaçıların ədalət mühakiməsinə olan sarsılmış inamlarının bərpa olunmasına da xidmət edəcəkdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən mənəvi ziyanın əvəzi kimi 1.000 (bir min) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı: Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 15.2-15.3. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASCdən mənəvi ziyanın əvəzi kimi 1.000 (bir min) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən mənəvi ziyanın əvəzi kimi 1.000 (bir min) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar