Məhkəmə qərarları › İş №2(006)-3908/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3908/2021

04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3908/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 2018-2019-cu tədris ilində təhsil üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun qaytarılması və Fərhadın nhövbəti 2 il üçün hər ilə görə 3000 avro olmaqla təhsil haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X4 izahatında bildirdi ki, Cavabdeh ilə 2002-ci ildə rəsmi nikahları qeyd etdirməklə ailə qurmuşlar və bui nikahdan 02.11.2003-cü il təvəllüdlü bir uşaqları vardır. Nikahları Nəsimi Rayon Məhkəməsinin 09.06.2006-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş və uşaq onun himayəsində qalmışdır. Uşağa o tək baxırmış, uşağın tərbiyəsində və sair qayğılarını çəkməkdə cavabdeh ona heç bir köməklik göstərməmişdir. Nikahları pozularkən cavabdehin hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq 02.11.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. O, həmin alimenti almaqdan imtina etmişdir. Hazırda uşaq böyümüş, həm maddi xərcləri artmış, həm də xaricdə ödənişli ali təhsil aldığından onun xərclərini qarşılaya bilmir. Ona görə hesab edir ki, valideyn kimi cavabdeh uşağın saxlanılması üçün aliment ödəməklə yanaşı, həm də övladının hazırkı təhsil haqqının və gələcək digər xərclərin ödənilməsində iştirak etməli, 2018-2019-cu il tədris ilində Fərhadın təhsili üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 3000 manatın yarısını və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 6000 avro məbləğin yarısını 3000 avro ona qaytarılmalı və növbəti 2 il üçün hər ilə görə 3000 avro olmaqla təhsil haqqının ödənilməsi öhdəliyi onun üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi aparıtının əməşdaşıdır və yüksək əmək haqqı alır. Sonda iddia tələbinin təmin edilmsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.06.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 02.11.2003-cü il təvəllüdlü X3 valideynləridir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11.07.2007-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19.06.2007-ci il tarixdə 169 №ilə qeyd edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2006-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 15.05.2006-cı il tarixdən başlayaraq hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq 02.11.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Karl Universitetinin təhsil haqqının ödəniş barədə müqavilədən görünür ki, Karl Universiteti rektorunun 18.09.2020-ci il tarixli qərarına əsasən, Tələbəyə universitetdə xarici dildə təhsil almaq üçün 6000 avro təhsil haqqı təyin olunur. Təhsil haqqı 31 oktyabr 2020-ci il tarixinədək ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Karl Universitetinin təhsil haqqının ödəniş barədə müqavilədən göründüyü kimi Karl Universiteti rektorunun 18.09.2020-ci il tarixli qərarına əsasən, Tələbəyə universitetdə xarici dildə təhsil almaq üçün 6000 avro təhsil haqqı təyin olunur. Təhsil haqqı 31 oktyabr 2020-ci il tarixinədək ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh X3 2018-2019-cu tədris ilində təhsil üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun tutularaq, İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 2018-2019-cu tədris ilində təhsil üçün 132-134 nömrəli təhsil kompleksinə ödədiyi 1500 manat və xaricdə təhsilə görə 2020-2021-ci tədris ili üçün ödədiyi 3000 avro pulun tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar