Məhkəmə qərarları › İş №2(006)-3932/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3932/2025

29.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3932/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla- İddiaçı ilə Cavabdeh arasında olan qeyri-rəsmi nikah münasibətlərindən dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağa görə hər ay 246 (iki yüz qırx altı) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə xx.xx.2018-ci il təvəllüdlü X2 atasının Cavabdeh olduğunu təsdiq edir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunur. Hal hazırda birgə qeyri-rəsmi nikahdan dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X2 Bakı şəhəri, Sabunçu rayonunda faktiki yaşayır. Bir neçə aydır, ki, cavabdehlə ayrı ünvanlarda yaşayırlar. Bu müddət ərzində cavabdeh xx.xx.2018ci il təvəllüdlü X2 böyüməsində, onun təlim tərbiyəsi ilə məşğul olmur, ailədən kənar qalmışdır. O işləmədiyindən övladını saxlanmasında çətinlik çəkir. Özü hal-hazırda kirayə qalır. Demək olar ki, heç bir gəlir yeri yoxdur. Qardaşı və ailəsi ona maddi köməklik edir. Bildiyinə görə cavabdehin rəsmi gəlir yeri var yüksək əmək haqqı alır. Dolanışığı çox ağır vəziyyətdədir. Aliment tələbi ilə ərizə ilə Bakı 8 saylı Medasiya Təşkilatına müraciət olunmuşdur. Bakı 8 saylı Medasiya Təşkilatının mediatoru X1 tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 18 iyun 2025-ci il tarixdə, həmin tarixli arayış verilmişdir. Arayış iddia ərizəsinə əlavə edilir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - AR İmişli regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 476642 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci ildə Füzuli rayonunda doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. - AR İmişli regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2018ci ildə İddiaçı doğulmuş X2 atasıdır. - Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/8/2025-01135 saylı, xx.xx.2025ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:30-dan 13:00-dək keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat və 10 manat poçt və kargüzarlıq xərci iddiaçı tərəfindən ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) (8.4-1-ci bənd). Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları da nəzərə almaqla məhkəmə hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatan olmaqla təmin edilməli və cavabdehdən hər ay uşağın saxlanılması üçün iddia ərizəsində göstərilən məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarını və Ailə Məcəlləsinin tələblərini nəzərə alaraq, alimentin minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, aliment hər ay hər uşağa görə minimum əmək haqqının 0,62 misli miqdarında təyin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment ərizənin verildiyi yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulma müddəti xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar