Məhkəmə qərarları › İş №2(006)-3935/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3935/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3935/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6 oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə 32953,99 Avro məbləğində pulun tutularaq, ödənilən günün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı valyutasında ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə «xxxxxxxxxxxx» ASC arasında xx xxxxxx 2015-ci il tarixli №210FM**********8 saylı əmanət bank əmanəti müqaviləsinə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 6%, faizlərin ödənilməsi müddətin sonunda şərti ilə nəzərdə tutulduğu halda illik hesablanmaqla 6,3% xx xxxxxx 2016-ci il tarixinədək 50.000 Avro məbləğində pul qoyulmuşdur. Həmin müqaviləyə əsasən Əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödənilmiş və həmin əmanət qorunan əmanət hesab edilən əmanətlər kimi Fond tərəfindən sığortalanmışdır. Qeyd edilən müqavilənin tələblərinə əsasən tərəflər arasında bağlanılmış müqavilənin bitdiyi gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə həmin günə Bankdan qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən «xxxxxxxxxxxx» ASC-nin bank kimi fəaliyyət göstərməsi lisenziyası ləğv edilmiş və kütəlvi informasiya vasitələri ilə elan edilmişdir. Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna mənə məxsus 50.000 Avro məbləğində pulu mənə qaytarılması barədə müraciət etməyimə baxmayaraq, həmin pul məbləğinin 30.000 manat məbləği milli valyuta ilə ödənilmişdir. Əmanətinin böyük bir məbləği yəni 32.953.99 Avro ödənilməmişdir. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən Bankda iddiaçıya məxsus əmanətin illik faizlərin hər ay ödənilməsi şərti ilə 6 %, faizlərin ödənilməsi müddətin sonunda şərti ilə nəzərdə tutulduğu halda illik hesablanmaqla 6,3% müəyyən edilmişdir. Lakin, Bank tərəfindən sığorta hadisəsi baş verdiyi halda əmanətinin tam məbləğdə iddiaçıya ödənilməməsi barədə məlumatlar bildirilməmiş və müqavilədə göstərilməmişdir. Ləğv prosesində olan “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2017-ci il tarixli 142 №-li qəbzindən görünür ki, iddiaçıya məxsus əmanət qeydiyyata alınmışdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən əvvəlcədən əmanətin tam qaytarılmaması barədə müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı məlumat verilməmişdir. «xxxxxxxxxxxx» ASC iddiaçıya məxsus əmanətin qaytarılmasına dair dəfələrlə müraicət etməyinə baxmayaraq, əmanət iddiaçıya qaytarılmır Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əmanət xx.xx.2015-ci il tarixində 50.000 Avro miqdarında pul vəsaitini illik 6 faiz olmaqla “xxxxxxxxxxx” ASC-yə yerləşdirilmişdir. Həmin dövr üzrə qüvvədə olan qanunvercilik Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikasının Qanunu olmuşdur. Belə ki, bu Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun bu müddəasına əsasən hazır ki iş üzrə iddiaçıya yerləşdirdiyi avro əmanətinin 30.000 manat ekvivalentində kompensasiya ödənilmişdir. Həmçinin Əmanət müqaviləsinin özündə belə əmanət kompensasiya olan zaman hazırda qüvvədə olan qanıınvericliyə əsasən kompensasiya edilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq, bu əmanətin qalıq hissəsinə aid tələb isə tərəflərindən Banklar Haqqında Azərbaycan Respublikasının 76,77 və 82-ci maddələrinə uyğun olaraq müvafiq qaydada qeydə alınaraq, kreditorların reyestrinə daxil edilmiş və növbəlilik çərçivəsində ödəniləcəkdir. Həmçinin kreditorların reyestri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi Vidadi Məmmədov tərəfindən təsdiq edilmişdir. Təsdiq edilmiş kreditor tələblərinin qeydiyyatına dair qərardaddan şikayət nəzərdə tutulduğu halda tərəf qərarı mübahisələndirməmişdir. Bütün bunlardan əlavə, əmanət Banka yerləşdirilən zaman Əmanətlərin Tam Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilməmiş və qüvvəsini almamışdır. Belə ki, həmin Qanun 2016-cı il mart ayının əvvəli öz qüvvəsini almış və həmin dövrdən sonra Banklara yerləşdirilmiş əmanətlər X4 müəyyən etdiyi faiz dərəcələrinə uyğun gəldiyi tam sığortalanaraq kompensasiya edilmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il 9 ay müddətində tam sığortalanır. Fond əmanətçilər üçün kompensasiya olunacaq məbləğlə bağlı ərizələri kompensasiya haqqında bildirişin dərc edildiyi gündən 1 il ərzində qəbul edir. Lakin vətəndaşın bu tələblə bağlı ərizəsi Fonda ünvanlanmamışdır. Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Eyni zamanda hazırki iş üzrə iddiaçı qaydasına əməl olunması üçün Fonda müraciət etməmişdir. Əmanətlərin Sığortalanması haqqında Qanunun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. AR MPM-nin 4.3cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.Bu Məcəllənin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsinin geri qaytarılmasına əsasdır. Göstərilənlərə əsasən mülki iş üzrə idda ərizəsinin geri qaytarılması və ya iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə «xxxxxxxxxxxx» ASC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 210FM**********8 nömrəli Standard depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 50.000 Avro məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlərin ödənilməsi “hər ay” şərti ilə nəzərdə tutulduğu halda illik 6 faiz, faizlərin ödənilməsi “müddətin sonunda” şərti ilə nəzərdə tutulduğu halda isə illik 6.3 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli «xxxxxxxxxxxx» ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, İddiaçı 30000 manat məbləğində kompensasiya ödənilmişdir. Əmanətçi haqqında məlumatdan sığorta olunmayan məbləğin 32953,99 Avro təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən ləğv prosesində olan «xxxxxxxxxxxx» ASCyə ünvanlanan xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, İddiaçı hesabında olan 32953,99 Avro məbləğində pulun qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 142 nömrəli qəbzin surətindən görünür ki, kreditor İddiaçı ləğv prosesində olan «xxxxxxxxxxxx» ASC qarşısında 32953,99 Avro məbləğində kreditor tələbi qeydə alınmışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Əmanətlərin Sığortalanması X1 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarı ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərarı ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair x xxxx 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il 9 (doqquz) ay müddətində tam sığortalanır. Həmin qanunun 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə «xxxxxxxxxxxx» ASC arasında xx xxxxxx 2015-ci il tarixli, 210FM**********8 nömrəli “Standard” depozit müqaviləsi bağlanmış, bank əmanətçidən 50.000 Avro məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlərin ödənilməsi “hər ay” şərti ilə nəzərdə tutulduğu halda illik 6 faiz, faizlərin ödənilməsi “müddətin sonunda” şərti ilə nəzərdə tutulduğu halda isə illik 6.3 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra «xxxxxxxxxxxx» ASC-nin lisenziyası ləğv edilmiş, «xxxxxxxxxxxx» ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış (sığorta hadisəsi), ləğv prosesində olan «xxxxxxxxxxxx» ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Sığortalanmış əmanət (depozit) müqaviləsi üzrə iddiaçıya 30000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmiş, lakin qalan 32953,99 Avro əmanət məbləği kompensasiya olunmamış və bu günə kimi iddiaçıya ödənilməmişdir. Beləliklə də, «xxxxxxxxxxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli əmanət (depozit) müqaviləsinə əsasən iddiaçı tərəfindən yerləşdirilmiş əmanət üzrə faiz dərəcəsi həmin əmanətin cəlb edildiyi günə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsindən artıq olmamışdır. Həmçinin məhkəmə cavabdehin etirazını iddiaçı tərəfindən müddətin ötürülməsi hissəsində də əsaslı hesab etmir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Buna görə də, iddiaçı kompensasiya almaq üçün qanunla müəyyən edilmiş müddəti ötürməmiş, beş illik müddətdən yararlanaraq, hazırki iddia tələbini irəli sürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış “Standart” əmanət (depozit) hesabı haqqında xx xxxxxx 2015-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən xarici valyutada olan əmanət üzrə illik faiz dərəcəsi 6.3 % müəyyən edildiyindən, həm qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm də Azərbaycan Əmanətlərin Sığortalanması X1 müvafiq qərarına əsasən iddiaçının əmanəti qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 32953,99 (otuz iki min doqquz yüz əlli üç avro, doxsan doqquz avrosent) Avro məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar