Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-394/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı“müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsində yerləşən 1604B saylı mənzilin satışı barədə 03.11.2014-cü il tarixli PBR № 952 saylı müqaviləyə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri Neftçilər prospekti 151 ünvanda yerləşən Tower B binanın 16-cı mərtəbəsində yerləşən 1604B saylı mənzilin və mənzilin giriş qapısının açarlarının Cavabdeh alınaraq İddiaçı MTK-ya geri qaytarılması, Bakı şəhəri Neftçilər prospekti 151 ünvanda yerləşən Tower B binanın 16-cı mərtəbəsində yerləşən 1604B saylı mənzilin üçüncü şəxsə satılması, satışdan əldə olunan vəsaitdən xərclərin, cərimənin, vurulmuş ziyanın tutulması və bundan sonra qalan vəsaitin Cavabdeh qaytarılmasının 03.11.2014cü il tarixli PBR № 952 saylı Müqavilənin 7-ci bəndində nəzərdə tutulmuş qaydada aparılması, Cavabdeh mənzil üzrə xidmət haqqı olaraq 18.355,32 manat, dövlət rüsumu olaraq 30 manat, ümumilikdə 18.385,32 manat məbləğində pulun İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri Neftçilər prospekti 151 ünvanda yerləşən Tower B binanın 16- cı mərtəbəsində yerləşən 1604B saylı mənzilin (Mənzil) satışı ilə bağlı 03.11.2014- cü il tarixdə PBR № 952 saylı Müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı 1604B saylı mənzili tikməyə və yaşayış məqsədləri üçün cavabdehə təqdim etməyə razılaşır və cavabdeh həmin mənzili yaşayış məqsədləri üçün qəbul etməyə razılıq verir. Müqavilələrin 1.4-cü bəndinə əsasən cavabdeh bununla binanin idarə olunmasının idarəetmə şirkəti vasitəsilə həyata keçirilməsini seçir və iddiaçıya binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti verir. Müqavilənin 1.5-ci bəndinə əsasən cavabdeh üçün binanın zirzəmisinin 2-ci mərtəbəsində yerləşən (128 nömrəli) 1 avtomobil dayanacağı sahəsi ayrılmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən mənzil və avtomobil dayanacağı üçün ödəniləcək ümumi qiymət bu Müqaviləyə əsasən 830.900 AZN təşkil edir, (mənzil üçün alış qiyməti 773.180 AZN, avtomobil dayanacağı üçün 57.720 AZN) Müqavilənin 4.3 və 4.4-cü bəndlərinə əsasən tərəflər bununla razılaşırlar ki, mənzilin qiyməti Əlavə 5-də göstərilən ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödənilməlidir. Bu Müqavilə çərçivəsində ödənilməli qiymətin hər hansı hissəsinin ödənişi gecikdirildiyi halda iddiaçı ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər (hər iki tarix daxil olmaqla) ödənilməmiş məbləğin hər gecikdirilmiş günü üçün gündəlik əsasda hesablanan illik 24 % cərimə ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdehin iddiaçının bu Müqavilədən və ya qüvvədə olan qanunvericilikdən irəli gələn hər hansı digər öhdəliklərinə ziyan vurmadan aşağıdakı öhdəlikləri vardır. Qiyməti bu Müqavilənin Əlavə 5-də müəyyənləşdirilmiş qaydada vaxtında hissə-hissə ödəmək; əmlak mənzil ilə əlaqədar su, elektrik enerjisi, kanalizasiya sistemi, telefon və digər kommunal xidmət birləşmələrinin istifadə olunması xərclərinin hansının gec başlanmasından asılı olaraq əsaslı tamamlama tarixindən və ya iddiaçı tərəfindən məlumat verilmiş hər hansı digər tarixdən etibarən müvafiq kommunal xidmət və/və ya servis şirkətlərinə və/və ya qurumlarına birbaşa ödənilməsinə görə məsuliyyət daşımaq. Kommunal xidmətlər və servislər cavabdehə iddiaçı vasitəsilə təmin edildiyi halda əmlaka tətbiq olunan müvafiq xərclər iddiaçı tərəfindən burada müəyyənləşdirilmiş xidmət haqları kimi tətbiq olunmalı və cavabdeh bütün bu cür xərcləri tələb olunduğu təqdirdə dərhal ödəməlidir. Əsaslı tamamlama tarixindən başlayaraq iddiaçı tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərə (“Xidmətlər”) bağlı xidmət haqlarının bu sənədə qoşulmuş Əlavə 4-də nəzərdə tutulduğu kimi aylıq əsasda iddiaçıya ödəmək və məsuliyyət daşımaq. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddəalara baxmayaraq, cavabdeh Əlavə 5-də nəzərdə tutulan ödəniş müəyyənləşdirilmiş müvafiq son tarixdən sonra 6 (altı) aydan çox gecikdirdiyi halda və ya cavabdeh mənzili almaqdan imtina etdikdə iddiaçının hüququ var ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu müqaviləyə xitam versin və qiymətin 20 %-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda cavabdeh xüsusi olaraq razılaşır ki, bu məbləğ cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçının məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. Qiymətin 20 %-i çıxmaq şərtilə cavabdehə qaytarılması, iddiaçı tərəfindən əmlakı göstərilən qiymətə bərabər və daha artıq qiymətə digər investora satdıqdan sonra baş verəcək və qiymətin qaytarılması yalnız digər investor tərəfindən bu mülkiyyətlə bağlı ödənişi tam şəkildə iddiaçıya ödənildikdən sonra həyata keçiriləcək. Əmlak qiymətdən aşağı qiymətlə digər investora satıldığı təqdirdə, iddiaçıya qaytarılmalı olan məbləğ digər investora təqdim olunduğu faktiki qiymətlə qiymət arasında müvafiq nisbətə və 7.1-ci bənddə nəzərdə tutulmuş 20 % tutulması şərtilə azaldılacaq. Əgər xitam tarixinədək cavabdeh tərəfindən ödənilmiş qiymət məbləği iddiaçının ziyanları almaq hüququ ilə bağlı tələblərə cavab vermək üçün yetərli olmazsa, onda cavabdeh çatışmayan məbləğin ödənilməsinə görə məsuliyyət daşımaqda davam edir və o, bu məbləği tələb əsasında iddiaçıya ödəməlidir. Hər hansı anlaşılmazlığın aradan qaldırılması üçün müqavilənin 4.4-cü bəndinə uyğun olaraq hesablanmış hər hansı cərimə cavabdeh tərəfindən ödənilməlidir. Müqavilənin 11.2ci bəndinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan və tərəflər arasında dostcasına həll oluna bilməyən bütün mübahisələr həll edilmək üçün Azərbaycan Respublikasının məhkəmələrinə göndərilməlidir. Müqavilənin tərkib hissəsi olan 4 saylı Əlavənin (Xidmətlər) 1-ci bəndində iddiaçının cavabdehə göstərilən xidmətlər sadalanmışdır. Həmin xidmətlərə gətirilən malların toplanması, təhlükəsizlik sistemlərinin idarə olunması, qonaqların qarşılanması və salamlanması üçün əsas yaşayış qəbul sahəsində sutkada 24 saat ərzində mehmanxana üslublu qəbul VD qapıçı otağı və ümumi qapıçı avadanlıqları aiddir. Bundan əlavə binanın nəzarətdə saxlanması və qorunması üçün təhlükəsizlik xidmətinin və/və ya təhlükəsizlik avadanlıqlarının təmin olunması, podiumun üstündə 15 000 kv m landşaft bağlarına texniki xidmətin göstərilməsi, binanın ümumi istifadədə olan və ya bir neçə icarədarının və ya sakininin mənafeyi naminə istifadə edilən sahələrin (ümumi sahələrin) təmizlənməsi, tullantıların kənarlaşdırılması xidmətinin təmin olunması və s. bu cür xidmətlər öz əksini tapmışdır. Bu Əlavənin 2-ci bəndində qeyd edilir ki, burada nəzərdə tutulmuş heç bir müddəaya baxmayaraq iddiaçı müqavilədə istinad olunan və cavabdeh tərəfindən iddiaçıya ödənilməli və ya kompensasiya edilməli hər hansı xidmət haqqlarının, kommunal xidmətlərinin və ya digər haqların ödənilməməsi halında xidmətlərin göstərilməsini təmin etməyə məcbur olmayacaq. Əlavənin 5-ci bəndində qeyd edilir ki, cavabdeh yuxarıda göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın hər kvadrat metrəsi üçün hər ay 2 AZN məbləğində xidmət haqqı ödəyəcək. Əlavənin 7-ci bəndinə əsasən cavabdeh müqavilədə istinad olunan xidmət haqqlarını və digər haqqları aylıq olaraq müvafiq hesab-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində iddiaçıya ödəməlidir. Müqaviləyə 5 saylı Əlavəyə (Ödəniş cədvəli) əsasən cavabdeh 05.11.2014- cü il tarixdən başlayaraq aylıq 6204 AZN olmaqla ödənişləri 103 ay müddətində 05.05.2023-cü il tarixədək iddiaçıya ödəməyi üzərinə götürmüşdür. İddiaçı 03.11.2014-cü il tarixli PBR№ 952 saylı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və hazırda da icra etməkdə davam edir. Buna baxmayaraq cavabdeh halhazıradək qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, mənzilə və 1 ədəd avtomobil qarajına görə onların dəyərini ödəməmiş, həmçinin iddiaçı tərəfindən həyata keçirilən Əlavə 4-də nəzərdə tutulan xidmətlərə görə xidmət haqlarını hal-hazıradək ödəməmişdir. Cavabdehin PBR № 952 saylı Müqavilə üzrə 05.07.2021-ci il tarixə Mənzilə və 1 ədəd avtomobil qarajına görə 247.338 manat, ödənişin gecikdirilməsi ilə bağlı cərimə borcuna görə 93.880 manat, mənzillə bağlı xidmət haqqı olaraq 18.355,32 manat, ümumilikdə 359.573,32 manat məbləğində iddiaçıya borcu vardır. Qeyd edirik ki, cavabdeh 05.04.2018-ci il tarixdən etibarən mənzillə və 1 ədəd avtomobil qarajı ilə bağlı iddiaçıya hər hansı məbləğdə pul ödəməmişdir. Artıq 3 ildən artıq müddətdir kı, cavabdeh iddiaçıya PBR № 952 saylı Müqavilə üzrə mənzilin və 1 ədəd avtomobil qarajının satış məbləğindən və xidmət haqqından hər hansı məbləğdə pul ödəmir. Qeyd edilən ümumi 359.573,32 manat borcun ödənilməsi və müqaviləyə xitam verilməsi barədə Cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmiş, həmçinin müqaviləyə xitam verilməsi məsələsinə hər hansı münasibətini bildirməmişdir, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildiririk ki, cavabdehlə müqaviləni imzalamış İddiaçı MMC 05.03.2015-ci il tarixdə hüquqi təşkilatı formasını dəyişərək İddiaçı MTK-yə çevrildiyindən, MTK hazırkı ərizə üzrə iddiaçı qismində məhkəmə qarşısında tələb irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış PBR 952 saylı, 03 noyabr 2014-cü il tarixli müqavilədən görünür ki, şirkət müqavilənin Əlavə 2-də təsvir olunan Binada yerləşən 1604B saylı mənzili, həmçinin bir avtomobil dayanacağı investora təqdim etməyi, investor isə binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə məsuliyyət daşımaq səlahiyyəti verməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK tərəfindən verilmiş 04.08.2021-ci il tarixli arayışdan görünür ki, 05.11.2014-cü il tarixindən 21.01.2019-cu il tarixinədək 1604B saylı mənzil və bir avtomobil dayanacağı üçün 440.870 manat (dörd yüz qırx mın səkkiz yüz yetmiş manat) məbləğində mənzil və bir dayanacaq yeri üçün olan kredit məbləği ödənilmişdir. Halhazırda 1604B saylı mənzil üzrə kredit məbləğinin vaxtında ödəniş olmadığına dair yaranan borc 247.338 manat (iki yüz qırx yeddi min üç yüz otuz səkkiz manat) və cərimə borcu 93.880 manat (doxsan üç min səkkiz yüz səksən manat) təşkil edir. 1604B saylı mənzil üzrə xidmət haqqıya dair borcu 18.355,32 manat ( on səkkiz min üç yüz əlli beş manat otuz iki qəpik) təşkil edir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi tərəflər arasında podrat və alqı-satqı müqavilələrinin ünsürlərini əhatə edən qarışıq müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, tərəflər arasında bağlanmış PBR 952 saylı, 03 noyabr 2014cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzili, həmçinin bir avtomobil üçün nəzərdə tutulmuş dayanacağı cavabdehə təqdim etməyi və müvafiq xidmətləri göstərməyi, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavədə göstərilən qrafikə uyğun olaraq ödənişləri etməyi, həmçinin binanın idarə olunması, nəzarətdə saxlanması və ona texniki xidmət göstərilməsinə görə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh mənzildən təyinatı üzrə istifadə etdiyi, lakin bu dövr üçün ödəməli olduğu məbləği "xxxx" MTK-yə ödəməkdən yayındığı da işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəf olduğu müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə "xxxx" MTK tərəfindən xəbərdar edilmiş, lakin, o, edilən xəbərdarlıqlara münasibət bildirməmiş, mənzildən istifadə və sahiblik etməyə davam etmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 04.08.2021-ci il tarixli arayışa əsasən cavabdehin 1604B saylı mənzil üzrə "xxxx" MTK qarşısında yaranmış borc 247.338 manat, cərimə borcu 93.880 manat və xidmət haqqı olaraq ödənilməyən borc 18.355,32 manat təşkil edir. Beləliklə qeyd edilənlərə əsasən göründüyü kimi, müqavilə üzrə binanın inşa edilməsi və əmlakın (mənzil və avtomobil dayanacağı) cavabdehə təhvil verilməsi halının məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən ödənişlərin edilməsinə dair üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, ödənişlərin vaxtında və lazımi qaydada icra edilmədiyi halı cavabdeh tərəfindən inkar edilməmişdir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Müqavilənin 5.2.1-ci bəndinə əsasən qiyməti bu müqavilənin Əlavə 5-də müəyyənləşdirilmiş qaydada vaxtında hissə-hissə ödəmək investorun öhdəliyidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, hal-hazıradək qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, mənzilə və 1 ədəd avtomobil dayanacağına görə müvafiq ödənişləri həyata keçirməmiş, iddiaçının zərərə məruz qalmasıma zəmin yaratmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halı üçün əsas borc və cərimə borcu üzrə pulun ödənilməsini tələb etmək hüququna malikdir. Lakin məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və 50.000 manat məbləğinədək azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin əlavə 4-də nəzərdə tutulan və iddiaçı tərəfindən həyata keçirilən xidmətlərə görə xidmət haqlarının hal-hazıradək ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, İddiaçı MTK tərəfindən verilmiş 04.08.2021-ci il tarixli arayışa əsasən müəyyən edildiyi kimi cavabdehin 1604B saylı mənzil üzrə xidmət haqqına dair borcu 18.355,32 manat təşkil edir. Halbuki müqavilənin 5.2.8-ci bəndinə görə əsaslı tamamlama tarixindən başlayaraq iddiaçı tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərə (“xidmətlər”) bağlı xidmət haqqlarının bu sənədə qoşulmuş Əlavə 4-də nəzərdə tutulduğu kimi aylıq əsasda şirkətə ödəmək və məsuliyyət daşımaq investorun öhdəliyidir. Müqavilənin tərkib hissəsi olan 4 saylı əlavənin (xidmətlər) 1-ci bəndində şirkətin investora göstərilən xidmətlər sadalanmışdır. Həmin Xidmətlərə gətirilən malların toplanması, təhlükəsizlik sistemlərinin idarə olunması, qonaqların qarşılanması və salınması, 24 saat ərzində mehmanxana üslublu qəbul və qapıçı otağı və ümumi qapıçı avadanlıqları aiddir. Bundan əlavə, binanın nəzarətdə saxlanması və qorunması üçün təhlükəsizlik xidmətinin və/və ya təhlükəsizlik avadanlıqlarının təmin olunması, podiumun üstündə 15 000 kv.m landşaft bağlarına texniki xidmətin göstərilməsi və s. bu cür xidmətlər öz əksini tapmışdır. Bu Əlavənin 5-ci bəndində qeyd edilir ki, investor göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın hər kvadrat metri üçün hər ay 2 manat məbləğində xidmət haqqı ödəyəcək. Əlavənin 7-ci bəndinə əsasən investor bu müqavilədə istinad olunan xidmət haqlarını və digər haqları aylıq olaraq müvafiq hesab-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində şirkətə ödəməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia “borcun qaytarılması” hissəsində qismən təmin edilməli, mənzilin satışından əldə olunan vəsait hesabına 247.338 manat, cərimə olaraq 50.000 manat, mənzil üzrə xidmət haqqı 18.355,32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manatı, cəmi 315.720,32 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Belə ki, ödənişlər həyata keçirildikdən sonra müqavilə predmeti olan mənzilin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə əmlakın satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddəratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə cavabdehə qaytarılmalıdır. Məsələnin həlli qaydası bu formada olması müqavilənin 7.2-ci bəndində də öz əksini tapmışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən 7.1-ci bənddə nəzərdə tutulmuş qiymətin 20%-i çıxmaq şərtilə investora qaytarılması, şirkət tərəfindən əmlakı göstərilən qiymətə bərabər və ya daha artıq qiymətə digər invstora satdıqdan sonra baş verəcək və qiymətin qaytarılması yalnız digər investor tərəfindən bu mülkiyyətlə bağlı ödənişi tam şəkildə şirkətə ödənildikdən sonra həyata keçiriləcək. Əmlak qiymətdən aşağı qiymətlə digər investora satıldığı təqdirdə, investora qaytarılmalı olan məbləğ digər investora təqdim olunduğu faktiki qiymətlə qiymət arasında nisbətə və 7.1-ci bənddə nəzərdə tutulmuş 20% tutulması azaldılacaq. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları müqaviləyə xitam verilməsini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddəalara baxmayaraq, investor Əlavə 5-də nəzərdə tutulan ödəniş müəyyənləşdirilmiş müvafiq son tarixdən sonra 6 (altı) aydan çox gecikdirdiyi halda və ya investor mənzili almaqdan imtina etdikdə iddiaçının hüququ var ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu müqaviləyə xitam versin və qiymətin 20 %-nə bərabər məbləği vurulmuş ziyan kimi tutulsun və bu halda cavabdeh xüsusi olaraq razılaşır ki, bu məbləğ cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçının məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, mənzilin satılması müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, müqaviləyə xitam verilməsi barədə tələb təmin olunmalıdır. Baxılan mülki işdə "xxxx" MTK-nın mübahisəli mənzilin mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Həmçinin işin mübahisələndirilməyən hallarına iddiaçının mənzil üzərində faktiki sahiblikdən məhrum olması halı da aiddir. Beləliklə məhkəmə hesab edir ki, əmlakın iddiaçının sahibliyində olmasına əsas olan müqaviləyə xitam veriliyindən iddiaçı "xxxx" MTK Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzilin və mənzilin giriş qapısının açarlarının Cavabdeh alınaraq geri qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzilin satışı barədə 03.11.2014-cü il tarixli, PBR 952 saylı müqaviləyə xitam verilməli, Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzil satılmalı, mənzilin satışından əldə olunan vəsaitdən 247.338 manat, cərimə olaraq 50.000 manat, mənzil üzrə xidmət haqqı 18.355,32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manatı, cəmi 315.720,32 manat məbləğində pul Cavabdeh İddiaçı MTK-nın xeyrinə tutulmalı, mənzilin satışından qalan vəsaitin Cavabdeh qaytarılması 03.11.2014-cü il tarixli PBR 952 saylı müqavilənin 7-ci bəndində nəzərdə tutulan qaydada aparılmalı, Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzilin və mənzilin giriş qapısının açarlarının Cavabdeh alınaraq Abşeron MTK-ya geri qaytarılmalı, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzilin satışı barədə 03.11.2014-cü il tarixli, PBR 952 saylı müqaviləyə xitam verilsin. Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzilin və mənzilin giriş qapısının açarlarının Cavabdeh alınaraq İddiaçı MTK-ya geri qaytarılsın. Bakı şəhəri Neftçilər prospekti 151 ünvanında yerləşən Tower B binanın 16-cı mərtəbəsindəki 1604B saylı mənzil satılsın. Mənzilin satışından əldə olunan vəsaitdən zərər olaraq 247.338 manat, cərimə borcu olaraq 50.000 manat, mənzil üzrə xidmət haqqı kimi 18.355,32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 27 manatı, cəmi 315.720,32 manat məbləğində pul tutulsun. Mənzilin satışından qalan vəsaitin Cavabdeh qaytarılması 03.11.2014-cü il tarixli PBR 952 saylı müqavilənin 7-ci bəndində nəzərdə tutulan qaydada aparılsın. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-394/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-394/2022
10.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver