Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3954/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı torpaqlarımızın müdafiəsi zamanı Ağdam rayonu uğrunda gedən döyüşlərdə 1991-ci ilin oktyabr ayından 1992-ci ilin dekabr ayına kimi N saylı hərbi hissədə, 1993-cü ilin yanvar ayından 16.08.1993-cü il tarixədək N saylı hərbi hissədə müharibə dövründə müharibədə hərbi xidmət keçmişdir və 14.07.1993cü ildə ağır yaralanmışdır. 1993-cü ilin iyul ayında aldığı və 10.08.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı iddiaçıya təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Qəlpə yaralanmalarından sonra burun belinin, alın, təpə nahiyyələrinin, sağ əlin birinci barmağının arxa səthinin, sağa əlin üst səthində ikinci barmağın falanqa proyeksiyasnının (sağ əlin ikinci barmağında dırnaq falanqası yoxdur, güdül yerində zərif çapıq), döş qəfəsinin arxa səthində çapıq toxumaları” olmuşdur. İddiaçı hal-hazırda işləmir və ikinci qrup əlildir. Lakin o bu günədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüşən hərbiçi kimi ağır yaralanmasına baxmayaraq, icbari sığorta pulunu ala bilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçən zaman , xidməti vəzifələrinin icrası zamanı yaralanaraq 2-ci qrup olduğunu nəzərə alaraq, ona 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun ödənilməsinin Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli, 684 nömrəli arayışa əsasən, 1967-ci il təvəllüdlü İddiaçı həqiqətən Ağdam rayon məhkəməsinin 15.10.2015-ci il tarixli qətnaməsinə əsasən 1991-ci ilin oktyabr ayından 1992-ci ilin dekabr ayına qədər N nömrəli hərbi hissədə, 1993-cü ilin yanvar ayından 16.08.1993-cü il tarixədək N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 19.08.2015-ci il tarixli, 5001 nömrəli arayışa əsasən İddiaçı qoyulmuş diaqnoz: “Odlu silah yaralanmasından sonra burun belinin, alın, təpə nahiyyələrinin, sağ əlin birinci barmağının sağ əlin ikinci barmağının orta falanqasının yuxarı 1/3-nin amputasion küdülü, ağrılı nevroma, birinci barmağının dırnaq falanqasının çapıq toxuması, dırnaq falanqa oynağının osteotiti, artrozu, barmaqların kontrakturası, əlin funksiya pozğunluğu, sol tərəfli döş qəfəsinin, başın çoxsaylı nahiyyəsinin çapıq toxumaları.” İş materiallarında olan hərbi biletin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikası MN MHHK-nın 816 saylı, 12.08.2015-ci il tarixli qərarına əsasən aldığı yaralanma “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” İş materiallarında olan Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışa əsasən, İddiaçı qoyulmuş diaqnoz: “keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində şəxsiyyət dəyişikliyi İfadəli davranış pozuntuları ilə.” İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfində verilmiş ilkin müayinəyə dair arayışa əsasən, İddiaçı ikinci qrup əlildir, diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. keçirilmiş kəllə-beyin travması nəticəsində şəxsiyyət dəyişikliyi İfadəli davranış pozuntuları ilə. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Odlu silah yaralanmasından sonra sağ əlin İİ barmaqlarının arxa falanqasının 1/3 amputasion güdülü, ağrılı nevroma. İ barmağın dırnaq falanqasının çapıq toxuması. Oynaqların kontrakturası. dırnaq falanqa oynağının osteotiti, artrozu, barmaqların kontrakturası, əlin funksiya öpozğunluğu. sol tərəfli döş qəfəsinin, başın çoxsaylı nahiyyəsinin çapıq toxumaları.” İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 816 №-li, 12.08.2015-ci il tarixli qərarına əsasən, Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun 11.03.2014-cü il tarixli məktubunda barəsində cinayət işinin istintaq olunmadığı və heç bir təqsirləndirici materialın olmadığı qeyd olunmuş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin iyul ayında aldığı və 10.08.2015-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Qəlpə yaralanmalarından sonra burun belinin, alın, təpə nahiyyələrinin, sağ əlin birinci barmağının arxa səthinin, sağa əlin üst səthində ikinci barmağın falanqa proyeksiyasnının (sağ əlin ikinci barmağında dırnaq falanqası yoxdur, güdül yerində zərif çapıq), döş qəfəsinin arxa səthində çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağdam rayon şöbəsinin 04.08.2015-ci il tarixli 916 nömrəli göndərişi, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 10.08.2015-ci il tarixli 213 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim-mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR.” İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(13)-3271/2015 saylı, qətnaməsinə əsasən, ərizəçi İddiaçı 1991-ci ilin oktyabr ayından 1992-ci ilin dekabr ayına kimi N saylı hərbi hissədə, 1993-cü ilin yanvar ayından 16.08.1993-cü il tarixədək N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu, atıcı kimi xidmət keçmə faktı təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Baki DOST Mərkəzi tərəfindən 30.06.2021-ci il tarixli, **********9 nömrəli arayışa əsasən, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsinə görə 2-ci qrup əlillərə verilən 350 (üç yüz əlli) AZN məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş arayışa əsasən İddiaçı 2-ci qrup əlilliyə görə (Azərbaycan Respublikasının müdafiəsi zamanı) 499,20 (dörd yüz doxsan doqquz manat, iyirmi qəpik) AZN məbləğində pensiya ödənilir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat şəxsi icbari sığorta pulu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3954/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3954/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver