Məhkəmə qərarları › İş №2(006)-3958/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3958/2020

27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3958/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxx 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay əmək haqqının və digər gəlirlərinin 50%-i; xx xxx 2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək tək qulluq etdiyinə görə ona 1000 (bir min) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə birgə münasibətlərindən onların xx xxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxx 2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduqdan sonra cavabdeh nə onun, nə də uşaqların saxlanılmasına heç bir maddi köməklik göstərmir. Uşaqlar onun himayəsindədi və bütün maddi təlabatı onun tərəfindən həyata keçirilir. Uşaqların normal qidalanmasına, əyninə geyim alınmasına ehtiyacı vardır. Ona görə də, onların saxlanılması üçün alimentin tutulması vacibdir. Cavabdehin qazancı və digər gəlirləri dəyişkəndir. Maddi imkanı yaxşıdır. Cavabdeh ASAN Komunal Mərkəzində çalışır, aylıq vəzifə maaşı 3000 (üç min) manatdır. Ondan əlavə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. Onun həm ölkə daxili, həm də ölkə xaricində ticarət obyektləri vardır. Yuxarıda göstərilənlərə əsasən xx xxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxx 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay əmək haqqının və digər gəlirlərinin 50%-i; xx xxx 2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək tək qulluq etdiyinə görə ona 1000 (bir min) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxx 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment və xx xxx 2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək tək qulluq etdiyinə görə ona 1000 (min) manat məbləğində alimentin Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlə münasibətləri 6 ildir ki, davam edir. Onlar əvvəllər Bakıxanov qəsəbəsində Niyazinin evində yaşamışdır. Bir müddətdən sonra o evi satmış, Niyazinin atasının köməyi ilə Yasamalda yeni ev almışlar. Yasamaldakı ev onun adına rəsmiləşdirilmişdir. Cavabdehin ASAN xidmət mərkəzində işləməsinə baxmayaraq ayrı qazanc yerləri vardır. İddianı müdafiə etdiyini bildirirərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək izahatnda bildirmişdir ki, iddiaçının hazırkı nikahından başqa oğlan uşağı vardır və onun təminatlarını da ödəyir. İddiaçının aliment tələbinin qismən təmin edilərək cavabdehin məvacibinin 50 faizi miqdarında aliment tutulmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 766315 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 3684 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 920452 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1527 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 458714 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 2772 nömrə ilə qeyd edilmişdir. “xxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “xxxxxxxx” ASC-də Asan Xidmətlə İş və X2 xx.xx.2018-ci il tarixdən Asan Xidmət üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 715 (yeddi yüz on beş) manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşağını saxlamağa borcludurlar. Uşağını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddələrin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. İş materiallarından göründüyü kimi, aliment ödəməli şəxsin rəsmi iş yerinin, həmçinin müntəzəm gəlirlərinin olması barədə məhkəməyə sübut təqdim edilmişdir. Lakin buna baxmayaraq məhkəmə iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyini, alimentin sabit pul məbləğində tutulmasının müəyyən edilməsinin uşaqların ən yaxşı mənafelərini qorumaq üçün daha məqsədəmüvafiq olmasını nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləğində tutulmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə, əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minimumu uşaq üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə göründüyü kimi uşaq üçün 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə xeyrinə aliment tutulan uşaqların sayının çox olması, aliment ödəyənin əmək haqqının isə 715 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, tutulan aliment məbləği ilə aliment ödəyən valideynin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün aşağıda qeyd edilən Qərarlarda müəyyən edilən prinsiplər ağlabatan həddə nəzərdən keçirilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarında əks olunan hüquqi mövqeyin nəzərə alınmasının zəruri olduğunu qeyd edir. Belə ki, həmin qərarın 8.3-cü və 8.13-cü bəndlərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, alimentin miqdarının müəyyən edilməsi zamanı tərəflərin ailə və ya maddi vəziyyəti, həmçinin diqqətəlayiq başqa maraqları nəzərə alınmalıdır. Belə ki, məhkəmənin qənaətinə görə Cavabdeh xx xxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxx 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. İddiaçı Cavabdeh aldığı əmək haqqından əlavə daha yüksək gəlirlərə malik olduğu, onun və qayınatasının adında müxtəlif daşınmaz obyektlərin olmasına istinad etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh atası isə uşaqların babası kimi xx xxxxx 2015-ci il təvəllüdlü X5, xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxx 2020-ci il təvəllüdlü X4 o halda saxlamağa borcludur ki, onlar öz sağlam olan valideynlərindən maddi yardım ala bilməsinlər. İş materiallarından göründüyü kimi, belə halın mövcudluğu aşkar edilməmişdir. Belə ki, Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə həmçinin cavabdehin digər övladının olmasını nəzərə almaq xahişi ilə əlaqədar qeyd edir ki, məhkəmə tərəfindən aliment məbləği müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. İş materiallarından və cavabdehin məhkəmədə verdiyi izahatdan göründüyü kimi, Cavabdeh saxlanması üçün aliment ödədiyi digər uşaqlarının olması müəyyən edilməmişdir. Məhkəmə iddianın “xx xxx 2020-ci il təvəllüdlü X3 3 yaşı tamam olanadək tək qulluq etdiyinə görə ona 1000 (bir min) manat məbləğində aliment tutulması”na dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə, iddiaçının uşaqlara qulluq etdiyinə görə işləmədiyini nəzərə almaqla, hesab edir ki, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X7 3 yaşına çatanadək 50 manat məbləğində aliment hər ay sabit pul məbləği şəklində ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutları və tərəflərin verdiyi izahatları müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxx 2015ci il təvəllüdlü X5, xx xxxx 2017-ci il təvəllüdlü X6 və xx xxx 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 üç yaşı tamam olana kimi xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməli, qətnamə dərhal icra edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar