Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3970/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh «xxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxxxxxxxxx” ASC-dən bir dəfə 2700 manat və bir dəfə 3300 manat kredit götürmüşdür. İddiaçı xx.xx.2018-cı ildə “xxxxxxxxxxxxxxxxxx» ASC ilə 1 il müddətinə kredit götürən şəxslər üçün həyat sığortası müqaviləsi bağlamışdır. Sığorta məbləği 515,08 manat, sığorta haqqı 165 manat olmuşdur. xx.xx.2018-ci ildə aralarında yeni müqavilə bağlanıb. İddiaçı 2019-cu ilin fevral ayından ağır onkoloji xəstəliyə düçar olmuşdur. 2019-cu ilin mart ayından 2020-ci ilin may ayına kimi Şirvan SMX-da, Respublika Klinik Xəstəxanasında, Milli Onkologiya Mərkəzində müayinə və müalicə olunmuşdur. İddiaçıya mədə girəcəyinin bədxassəli yenitörəməsi diaqnozu qoyulmuşdur. Həkimlər bildirirlər ki, həmin xəstəlik iddiaçıya 2-ci dərəcəli əlillik verilməsi üçün əsas verir. Lakin iddiaçı əvvəldən 2-ci qrup, Çernobil əlili olduğu üçün ona 2-ci dəfə təkrar əlillik dərəcəsi verilmir. İddiaçı ağır xəstəliyi sığorta müddətində almışdır. Lakin sığortaçı bildirir ki, iddiaçıya yeni 2-ci qrup əlillik dərəcəsi verilmədiyindən sığorta haqqı verilməyəcəkdir. İddiaçı sığorta hadisəsi nəticəsində vurulmuş maddi zərərin sığorta şirkəti tərəfindən ödənilməsini tələb edir. Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamədə göstərilir ki, əmək qabiliyyətini itirmiş onkoloji xəstələrə digər xəstələr üçün nəzərdə tutulmuş qaydada, onların səhhətinin vəziyyəti nəzərə alınmaqla, əlillik müəyyən edilir və sosial təminat təyin edilir. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə müşaiyət olunursa, 2-ci dərəcəli əllilik verilməsi üçün əsasdır. Göstərilənlərə əsasən “xxxxxxxxxxxxxxxxxx” ASC-dən sığorta hadisəsinə görə 2-ci qrup əlillik təyin edilməsinə əsas verən ağır xəstəliyə görə sığorta ödənişi ödənilməsi və məhkəmə xərclərinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh «xxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 021802 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir. İşin materiallarında olan «xxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən verilmiş M-Lİ P202509/18 nömrəli, xx.xx.2016-cı il tarixli «Kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi»nin surətindən görünür ki, İddiaçı sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının istənilən səbəbdən ölümü, bədbəxt hadisə və ya xəstəlik nəticəsində İİİ dərəcəli əlilliyin təyin edilməsi, bədbəxt hadisə və ya xəstəlik nəticəsində İİ dərəcəli əlilliyin təyin edilməsi, bədbəxt hadisə və ya xəstəlik nəticəsində İ dərəcəli əlilliyin təyin edilməsi - sığorta risklərinə təminat verilmişdir. Sığorta müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ambulator kartdan arayışdan görünür ki, İddiaçı C16.0mədə girəcəyinin bədxassəli yeni törənməsi cT4aN1M0 mərhələ İİİA G1 diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında həyat sığortası haqqında müqavilə bağlanmış, İddiaçı 2-ci qrup əlillik dərəcəsinin almasına səbəb olan xəstəlik (Çernobil əlili) tərəflər arasında imzalanmış sığorta müqaviləsindən əvvəl baş vermiş, hazırki xəstəliyi (mədə girəcəyinin bədxassəli yeni törənməsi ) tərəflər arasında bağlanmış sığorta müqaviləsinin təminat verdiyi sığorta riskinə aid olmadığından sığorta müqaviləsinin şərtlərinə görə sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. «Həyat sığortası Qaydaları»nın 14.1.6-cı bəndinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün əsaslardan biridir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia tələbinin əsası kimi göstərilən hadisə tərəflər arasında imzalanmış sığorta müqaviləsinin şərtlərinə görə sığorta hadisəsi hesab edilmir. Belə ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış P202509/18 nömrəli, xx.xx.2016-cə il tarixli “Kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi”nin şərtlərinə əsasən iddiaçıya aşağıdakı risklərdən sığorta təminatı verilmişdir: 1) sığortalının istənilən səbəbdən ölümü; 2) Bədbəxt hadisə və ya xəstəlik nəticəsində İİİ dərəcəli əlilliyin təyin edilməsi; 3) bədbəxt hadisə və ya xəstəlik nəticəsində İİ dərəcəli əlilliyin təyin edilməsi; 4) bədbəxt hadisə və ya xəstəlik nəticəsində İİ dərəcəli əlilliyin təyin edilməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində hərbi xidmət dövrü ilə əlaqədar ömürlük ikinci dərəcəli əlillik təyin edilmişdir. Bu və digər sənədlərə baxış keçirildikdən sonra baş vermiş hadisə sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta hadisəsi hesab edilməmiş və ona görə də sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçıya hazırki xəstəliyi ilə əlaqədar əlillik təyin edilməmişdir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 15.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: -15.1.1. sığorta şəhadətnaməsi; -15.1.2. sığorta ödənişinin alınması barədə faydalanan şəxsin (şəxslərin) sığorta tələbləri; -15.1.3. öldüyü hal istisna olmaqla, sığorta olunanın şəxsiyyət vəsiqəsinin surəti; -15.1.4. kredit müqaviləsinin borc verən tərəfindən təsdiqlənmiş surəti; -15.1.5. kredit müqaviləsi üzrə borc verənin təsdiqlədiyi ödəniş qrafikinin surəti; -15.1.6. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənəd; -15.1.7. sığorta olunan sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə öldüyü halda: -15.1.7.1. ölümü haqqında şəhadətnamənin surəti; -15.1.7.2. ölümünün səbəbi haqqında tibbi arayış, xəstəlikdən öldüyü halda həmçinin epikriz və xəstəlik tarixindən çıxarış; -15.1.7.3. vərəsəlik haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti; -15.1.8. sığorta olunanın əmək qabiliyyətinin itirilməsi halında ona əlillik dərəcəsinin təyin edilməsi haqqında Tibbi-Sosial Ekspert Komissiyasının rəyinin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti. Göründüyü kimi iddiaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə əmək qabiliyyətinin itirilməsi halında ona əlillik dərəcəsinin təyin edilməsi haqqında Tibbi-Sosial Ekspert Komissiyasının rəyinin əslini və ya notariat qaydasında təsdiq edilmiş surətini təqdim edə bilməmişdir. Bundan əlavə, sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, iddiaçı sığorta şəhadətnaməsinin (müqavilənin) şərtləri ilə tanış olduğunu və bütün şərtlərlə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı sığorta müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3970/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3970/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver