Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3988/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə xitam verilməklə cavabdehin ona vurduğu 1.678 manat ziyanın, «Moskviç İJ 2126» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki pasportunun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin ona vurduğu 1.510 manat ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan «Moskviç İJ 2126» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilini 6.000 manata Cavabdeh satılması barədə razılığa gəlmişlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh satış məbləğini ona xx.xx.2022-ci il tarixdən etibarən aylıq 300 manat ödəmək şərti ilə xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. O, xx.xx.2022ci il tarixdə üzərinə götürdüyü öhdəliyə əsasən avtomobili saz vəziyyətdə Cavabdeh istifadəsinə və sahibliyinə vermişdir. Lakin Cavabdeh avtomobili təhvil verdiyi gün ona ilkin olaraq heç bir məbləğ ödəməmişdir. 10-15 gün sonra 400 manat ödəniş etmişdir. Bundan sonra dekabr ayında 300 manat, yanvar ayında 300 manat, fevral ayında 300 manat, mart ayında isə 100 manat ödəmişdir. Ümumilikdə ona verdiyi pul 1.400 manat olmuşdur. Bundan sonra ona heç bir ödəniş etməmişdir. O, aprel ayında Cavabdeh ödənişlə bağlı zəng etmişdir. Cavabında Cavabdeh ayın sonunadək ödəyəcəyini bildirsə də, ödəniş etməyib onu may ayının əvvəlinə kimi yubatmışdır. Sonra ona məlum olmuşdur ki, avtomobil 1 ay müddətdir ki, cərimə meydançasındadır. Bu barədə Cavabdeh soruşanda cavab vermişdir ki, narahat olmasın, maşını cərimə meydançasından çıxaracaq və ödənişi də həyata keçirəcək. Lakin 10 gün sonra ona zəng edərək bildirmişdir ki, nə ona ödəniş etməyəcək, nə də avtomobili cərimə meydançasından çıxarmayacaq, maşını özü cərimə meydançasından çıxarsın. O, 800 manat cərimə ödəyib maşını meydançadan çıxarmışdır və görmüşdür ki, maşın yararsız vəziyyətdədir. Belə ki, təkərlər başqa-başqa, qapılar açılıb-bağlanmır, buferləri yox, duman faraları qırıq vəziyyətdə idi. Maşını meydançadan evakuatorla aparmışdır. Maşın Cavabdeh olan müddət ərzində DXP tərəfindən 19 protokol tərtib olunmuş, 971.60 manat cəriməni cavabdehin yerinə o ödəmişdir. Maşının təmirinə 700 manat xərcləmişdir. O, 04 avqust 2023-cü il tarixdə Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmiş və 7 manat rüsum ödəmişdir. Cavabdehlə aralarında bağlanmış müqavilənin 5-ci bəndinə əsasən alıcı tərəfindən müqavilə müddəti ərzində şərtlər pozularsa və ya ödənişdə 7 gün müddətində gecikmə olarsa müqaviləyə xitam verilir və nəqliyyat vasitəsi satıcıya qaytarılır. Həmin müqavilənin 11-ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və ona 1.678 manat məbləğində ziyan dəymişdir. Cavabdeh avtomobilin texniki pasportunu da ona qaytarmamışdır. O, cavabdehə aralarında bağlanmış 25 noyabr 2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə xitam verilməsi, ona dəymiş 1.678 manat zərərin ödənilməsi və avtomobilin texniki pasportunun qaytarılmasını təmin etməsi barədə bildiriş göndərmişdir. Lakin bildirişə cavab verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 3988/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Ofisində 3M-3057 saylı ilkin alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında birinci tərəfə məxsus olan «Moskviç İJ 2126» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin ikinci tərəfə 6.000 manata satılması barədə razılığa gəlmişlər. Müqavilə şərtlərinə görə ikinci tərəf birinci tərəfə hər ay 300 manat ödəmək şərti ilə 6.000 manat pul vəsaitini xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 3-cü bəndi). İddiaçının bildirdiyinə görə, cavabdeh üzərinə götürdüyü pul öhdəliyini qismən icra etmiş, 6.000 manat pul vəsaitindən cəmi 1.400 manat ödəniş etmişdir. - Cavabdeh barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, cavabdeh müxtəlif tarixlərdə yol hərəkəti qaydalarının pozuntusuna yol vermiş və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. - Hökümət ödənişləri üzrə aparılmış əməliyyatlar üzrə qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 02 iyun 2023-cü il tarixdə cəmi 802 manat məbləğində ödənişlər edilmişdir. Ödənişlərin təyinatı cavabdehin törətdiyi inzibati xətalara görə tətbiq edilmiş cərimələrin ödənilməsi olmuşdur. - 25 iyun 2023-cü il tarixli ******* saylı qaimə fakturadan görünür ki, iddiaçı tərəfindən avtomobilin təmir edilməsinə zəruri olunan mal-materiallar (akril rəng, astar, yaşıl şpatlyovka, lak) üçün 354 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli siyahıdan görünür ki, həmin siyahıda sadalanan ehtiyat hissələrinin alınmasına 233 manat pul vəsaiti tələb olunur. - 05 iyun 2023-cü il tarixli ******* saylı qaimə fakturadan görünür ki, 6 ay zəmanətli 1 ədəd akkumulyator üçün 60 manat vəsait ödənilmişdir. - Digər qaimə fakturadan görünür ki, nakaneçnik, pulevoy pılnik, stupitsanın podşipniki və s. üçün 53 manat ödəniş edilmişdir. - xx.xx.2023-cü tarixli 82/72 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 7 manat ödəniş edilmiş, eləcə də Bank Respublika ASC tərəfindən 1 manat komissiya tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı məxsus olan avtomobili dəyərini hissə-hissə ödəmək şərti ilə alacağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, öhdəliyini vaxtında və tam şəkildə icra etməmiş, şərtləşdirilmiş 6.000 manat pul vəsaitindən cəmi 1.400 manat ödəniş etmiş, daha sonra ödənişləri dayandıraraq, iddiaçıya 4.600 manat borcu qalmışdır. Bundan başqa, cavabdeh avtomobili idarə etdiyi dövrdə çoxsaylı inzibati xətalar törətmiş və cərimə cəzası təyin edilmiş, iddiaçıya məxsus avtomobil cərimə meydançasına qoyulmuş, eləcə də, avtomobil cavabdehə təhvil verildiyi vaxt olduğu kimi saz vəziyyətdə olmamışdır. İddiaçı məcburiyyət qarşısında qalıb cavabdehin ödəməli olduğu cərimə məbləğlərini ödəmiş, avtomobili cərimə meydançasından çıxarmış və təmir etdirmişdir. İddiaçıya bunun nəticəsində cəmi 1.510 manat məbləğində ziyan vurulmuşdur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmuşdur. Bu ziyan avtomobilin yararsız hala salınaraq təmirə ehtiyacının olması səbəbindən iddiaçı tərəfindən avtomobilin təmir edilməsinə çəkilən xərcdə, həmçinin cavabdehin ödəməli olduğu inzibati cərimələri ödəməyə məcbur olmasında ifadə olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsi ləğv edilməli, vurulmuş ziyana görə 1.510 manat və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsi ləğv edilsin. Vurulmuş ziyana görə 1.510 manat və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3988/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-3988/2023
31.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver