Məhkəmə qərarları › İş №2(006)-3990/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3990/2021

02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3990/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA qızının və cavabdeh BBB oğlunun iştirakları ilə İddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "alimentin sabit pul məbləğində tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı AAA qızı cavabdeh BBB oğluna qarşı "alimentin sabit pul məbləğində tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1884/2017 saylı, 22.02.2017-ci il tarixli qətnaməsinə əsasən 25.01.2017-ci il tarixdən başlayaraq 24.08.2010-cu il təvəllüdlü BBB qızı və 10.03.2012-ci il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün borclu BBB oğlundan hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan zaman borclu BBB oğlu Binəqədi rayonu 53 saylı poçt şöbəsinin rəisi vəzifəsində çalışırdı və alimentin ödənilməsində heç bir maneə yox idi. Lakin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin 496 saylı, 13.03.2020-ci il tarixli əmrində də qeyd olunduğu kimi 13.03.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir və hal-hazırda heç bir yerdə işləmir. Borclunun heç yerdə işləməməsi səbəbindən alimentin onun əmək qazancına və başqa gəlirlərinə yönəldilməsi mümkün deyil. Bu da öz növbəsində alimentin ödənilməsində manelər yaradır ki, bu manelərin iddiaçı tək başına öhdəsindən gəlməyə çətinlik çəkir. Göstərilənlərə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1884/2017 saylı, 22.02.2017-ci il tarixli qətnaməsinə əsasən borclu BBB oğlundan tərəflərin övladları 24.08.2010-cu il təvəllüdlü BBB qızı və 10.03.2012-ci il təvəllüdlü CCC qızının saxlanılması üçün tutulan alimentin növünün dəyişdirilərək alimentin miqdarı hər uşağa görə 175 manat olmaqla, hər ay cəmi 350 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində soyadının Vəliyeva olaraq düzəliş edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı AAA qızı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh BBB oğlu iddia tələbini qəbul edərək bildirdi ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 14.10.2010-cu il tarixdə verilmiş AZ-İİ № 877265 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, BBB qızı 24.08.2010 il tarixdə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası isə AAA qızıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 05.04.2012-ci il tarixdə verilmiş AZ-İİ № 846354 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, CCC qızı 10.03.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası isə AAA qızıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 14.03.2018-ci il tarixdə verilmiş AZ-İ № 289912 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, BBB oğlu ilə AAA qızı arasında olan nikah ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 14.03.2018-ci il tarixdə, 75 № ilə qeyd edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli, 2(006)- 1884/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 25.01.2017-ci il tarixdən başlayaraq 24.08.2010-cu il təvəllüdlü BBB qızının və 10.03.2012-ci il təvəllüdlü CCC qızının yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün borclu BBB oğlundan hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. 13.03.2020-ci il tarixli, 496 №li əmrin surətindən görünür ki, 6 saylı Poçt Filialının 53 saylı poçt şöbəsinin rəisi BBB oğlu ilə bağlanmış əmək müqaviləsinə 13 mart 2020-ci il tarixdən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuş, 22 fevral 2012-ci il tarixli, 2(006)-1884/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 25.01.2017-ci il tarixdən başlayaraq 24.08.2010-cu il təvəllüdlü BBB qızının və 10.03.2012-ci il təvəllüdlü CCC qızının yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün borclu BBB oğlundan hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında və hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Hazırda iddiaçı övladları barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin dəyişdirilməsini və cavabdehdən hər uşağa görə 175 manat olmaqla, hər ay cəmi 350 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh də alimentin sabit pul məbləğində tutulmasına etiraz etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia təmin edilməsinə razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, həmçinin, iddia tələbinin etiraf edilməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli və alimentin məbləği dəyişdirilərək, hər uşağa görə 175 manat olmaqla, hər ay cəmi 350 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1884/2017 saylı, 22.02.2017-ci il tarixli qətnaməsinə əsasən borclu BBB oğlundan tərəflərin övladları 24.08.2010-cu il təvəllüdlü BBB qızı və 10.03.2012-ci il təvəllüdlü CCC qızının saxlanılmaları üçün tutulan alimentin növünün dəyişdirilərək alimentin miqdarı hər uşağa görə 175 manat olmaqla, hər ay cəmi 350 manat məbləğində müəyyən edilməli, BBB oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1884/2017 saylı, 22.02.2017-ci il tarixli qətnaməsinə əsasən borclu BBB oğlundan tərəflərin övladları 24.08.2010-cu il təvəllüdlü BBB qızı və 10.03.2012-ci il təvəllüdlü CCC qızının saxlanılmaları üçün tutulan alimentin növünün dəyişdirilərək alimentin miqdarı hər uşağa görə 175 manat olmaqla, hər ay cəmi 350 manat məbləğində müəyyən edilsin. BBB oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar