Məhkəmə qərarları › İş №2(006)-4016/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4016/2021

06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4016/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qızıl-zinət əşyaları: 1 ədəd nişan üzüyü, 1 ədəd qızıl komplekt (24 qram 750 əyarlı), həmçinin cehiz əşyaları: “Dəniz Mebel”dən alınmış qonaq otağı dəsti (3 əşya), 1 ədəd servant (qab qoymaq üçün bufet), 1 ədəd kamod güzgülü, 1 ədəd televizor altlığı, 1 ədəd “Dəniz Mebel”dən alınmış yataq otağı dəsti, 1 ədəd yataq dəstinin siyirməli paltar kamodu – 1 ədəd, samovar (antik əşya) - 1 ədəd, manqal - 1 ədəd, qaz peçi - 1 ədəd, kondisioner - 1 ədəd və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra sonuncunun anası Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu X2 küçəsi ev 95 mənzil 1 ünvanında yerləşən mənzilə gəlin köçərək cavabdehlərlə birlikdə yaşamışdır. İddiaçı hədiyyə edilmiş qızıl-zinət əşyaları 1 ədəd nişan üzüyü, 1 ədəd qızıl komplekt (24 qram 750 əyarlı), həmçinin cehiz əşyaları: “Dəniz Mebel”dən alınmış qonaq otağı dəsti (3 əşya), 1 ədəd servant (qab qoymaq üçün bufet), 1 ədəd kamod güzgülü, 1 ədəd televizor altlığı, 1 ədəd “Dəniz Mebel”dən alınmış yataq otağı dəsti, 1 ədəd yataq dəstinin siyirməli paltar kamodu – 1 ədəd, 1 ədəd samovar (antik əşya), 1 ədəd manqal, 1 ədəd qaz peçi, 1 ədəd kondisioner həmin mənzildədir. İddiaçı Cavabdeh1 ilə birgə nikahından iki övladları anadan olmuşdur. Sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(004)-360/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaqların analarının yanında qalmaları müəyyən edilmişdir. Hazırda cavabdehlər hədiyyə edilmiş qızıl-zinət əşyasını və cehiz əşyalarını İddiaçı verməkdən imtina edirlər. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edib, bildirdi ki, İddiaçı iddia etdiyi qızıl-zinət əşyaları 1 ədəd nişan üzüyü, cehiz əşyalarından “Dəniz Mebel”dən alınmış yataq otağı dəsti, samovar, qaz peçi və kondisioner onda deyil. 1 ədəd qızıl komplekt (24 qram 750 əyarlı) isə iddiaçıya məxsus olmayıb, onun yaxın qohumuna məxsusdur. Kondisioner Yasamal rayon Məşğulluq Mərkəzi tərəfində cavabdehə özünüməşğulluğun həyata keçirilməsi üçün verilmiç, sonradan isə satmışdır. “Dəniz Mebel”dən alınmış qonaq otağı dəsti (3 əşya), servant, kamod güzgülü, televizor altlığı, yataq dəstinin siyirməli paltar kamodu, manqal anası Cavabdeh2 Yaqub qızına məxsus Bakı şəhəri Yasamal rayonu X2 küçəsi ev 95 ünvanında yerləşən 1 nömrəli mənzildədir. Qeyd edilən əşyaların İddiaçı qaytarılmasına razıdır. İddianın qismən təmin edilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 Yaqub qızı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaqub qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan AZ-İ seriyalı 363142 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 nikahı Yasamal Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 20.04.2020-ci il tarixdə xitam verilmiş, bu barədə 14.10.2020-ci il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 456 № ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan 16.12.2017-ci il tarixli Aktdan görünür ki, Yasamal rayon Məşğulluq Mərkəzi tərəfindən 16.12.2017-ci il tarixdə özünüməşğulluq fəaliyyətinə cəlb edilmiş Cavabdeh1 özünüməşğulluğun həyata keçirilməsi üçün 1 ədəd “Hisense” markalı kondisioner verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Zamin Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayət ərizəsi ilə müraciət edərək əri Cavabdeh1 onu döyərək bədən xəsarəti yetirməsi səbəbindən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, araşdırma zamanı Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından, həmçinin zərəçəkmiş şəxs İddiaçı Cavabdeh1 ilə barışdığından, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 (otuz) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin saiblik hüququ olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə aradırmaları zamanı Cavabdeh1 verdiyi izahatında 1 ədəd “Dəniz Mebel”dən alınmış qonaq otağı dəsti (3 əşya), 1 ədəd servant (qab qoymaq üçün bufet), 1 ədəd kamod güzgülü, 1 ədəd televizor altlığı, 1 ədəd yataq dəstinin siyirməli paltar kamodu, 1 ədəd manqalın onda olmasını bildirimiş, həmin əmlakların cavabdehlərdə olması mübahisələndirilmir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı 2019-cu il tarixində Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu X2 küçəsi ev 95 mənzil 1 ünvanında yerləşən mənzilə gəlin köçərək cehizlərini həmin ünvana gətirmişdir. Sonradan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış nikah Yasamal Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı yuxarıda qeyd edilən ünvanda olan qızıl-zinət və cehiz əşyalarını geri tələb edir. Lakin məhkəmə baxışı zamanı tələb etdiyi qızıl-zinət əşyası olan 1 ədəd nişan üzüyü, 1 ədəd qızıl komplekt (24 qram 750 əyarlı), həmçinin cehiz əşyası olan “Dəniz Mebel”dən alınmış yataq otağı dəstinin, samovarın, qaz peçinin və kondisionerin hazırda cavabdehlərdə olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf həmin əmlakların mövcud olmadığını bildirmiş, digər cehiz əşyalarının isə anası Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu X2 küçəsi ev 95 mənzil 1 ünvanında yerləşən mənzildə olduğunu bildirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sübut kimi istinad etdiyi, işin materiallarında olan fotoşəkil onun tələb etdiyi qızıl-zinət əşyalarının məhz cavabdehlərdə olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində göstərilən əmlakların dəyərini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək iddianın qismən təmin olunmasını, iddiaçı tərəfindən cavabdehlərdə mövcud olması sübut edilməyən yuxarıda göstərilən əmlaklar istisna olmaqla, Cavabdeh1 etiraf etdiyi hissədə 1 ədəd “Dəniz Mebel”dən alınmış qonaq otağı dəstinin (3 əşya), servantın (qab qoymaq üçün bufet), 1 ədəd kamod güzgülü –, televizor altlığı – 1 ədəd, yataq dəstinin siyirməli paltar kamodu – 1 ədəd, manqal – 1 ədəd cavabdehlərdən alınaraq iddiaçıya verilməsini ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi İddiaçı aid edilməli, 15 (on beş) manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaqub qızından alınaraq İddiaçı ödənilməlidir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququnda sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaqub qızından “Dəniz Mebel”dən alınmış qonaq otağı dəsti (3 əşya), servant (qab qoymaq üçün bufet) – 1 ədəd, kamod güzgülü – 1 ədəd, televizor altlığı – 1 ədəd, yataq dəstinin siyirməli paltar kamodu – 1 ədəd, manqal – 1 ədəd alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi İddiaçı aid edilsin, 15 (on beş) manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yaqub qızından alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar