Məhkəmə qərarları › İş №2(006)-4023/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4023/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4023/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası SHXÇX-nin Şəki rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə olarkən xəstələnmiş və qulluq etdiyi hərbi hissədən xx.xx.2005-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına müayinəyə göndərilmişdir. Burada mənbi müayinə edərkən "Düz bağırsağın İİ mərhələ sallanması aşkar edilmiş, bu səbəbdən xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinə qədər Mərkəzi Hərbi Klinik Hospitalda stasionar müalicə edilmişdir. Hərbi xidmət müddətini başa vurduqdan sonra məlum olmuşdur ki, hərbi xidmət dövründə keçirdiyi xəstəlik səbəbindən əmək və sağlamlıq imkanı məhdudlaşıb, iş qüvvəsini itirmişdir. Bu səbəbdən xx.xx.2016-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin 108 saylı göndərişi, 77 saylı arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2005-ci il tarixli çıxarış-epiqriz, 4800 nömrəli xəstəlik tarixindən çıxarış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiqlənmiş "Hərbi həkim ekspertizası haqqında" Əsanamənin 7.2-ci bəndinin "c" yarımbəndi əsasında 205 saylı xx.xx.2015-ci il tarixli protokolu ilə xəstəliyinin hərbi xidmət dövründə alınması təsdiq edilmişdir. Bundan sonra sənədləri əlillik dərəcəsi təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Burada xx.xx.2017-ci il tarixdə (xəstələndiyi tarixindən 11 il sonra) İİ dərəcəli əlillik təyin edilmişdir. O, hərbi xidmətdən tərxis edildikdən sonra dəfələrlə xəstəxanada stasionar müalicə almış, müayinə olunmuş, əlillik dərəcəsi hansısa səbəbdən 11 il sonra təyin edilmişdir. Bundan sonra o, sığorta ödənişi almaq üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, 2005-ci ildə xəsarət alsa da əlillik dərəcəsi 2016-cı ildən təyin edilmiş, qanunla hərbi qulluqçu xəsarət aldığı gündən 3 il ərzində əlillik dərəcəsi almalıdır. Ona görə də sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Amma qeyd edim ki, mənə sığorta ödənişi verilmişdir. Lakin guya istisna hal olaraq, 1100 manat sığorta məbləğinin 60 faizi miqdarında 660 manat ödəniş edilmişdir. Burada da paradoks var. Belə ki, sığorta məbləği 1100 manat yox, 11 000 manatdır. Bununda 60 faizi 660 manat deyil, 6600 manat təşkil edir. Göstərilənlərə əsasən, hərbi qulluqçu kimi ona ödənilməmiş 6000 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, ərizəyə əlavə olunmuş iddiaçıya maxsus ******* nomrəli hərbi biletə əsasən, şəxs xx.xx.2006-ci ildə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ərizəyə əlavə olunmuş AR MN-nin MHHK-nin xx.xx.2016-ci il tarixli, 208 nomrəli Qararına əsasən, şəxsin almış oldugu xəstəlik hərbi xidmət dövründə alınmışdır. Ərizəyə əlavə olunmuş TSEK-də sonuncu muayinəyə dair malumata əsasən, iddiaçıya xx.xx.2017-ci il tarixində ikinci dərəcəli əlillik təyin oİunmuşdur. Bekə ki, iddiaçinin hərbi xidmət dövründa xəstələnməsi sıgorta hadisəsinin baş verdiyi zaman qüvvədə olan qanunvericiliyə va kassasiya instansiyasi məhkəməsinin da formalaşdırdığı praktikaya uygun olaraq sığorta hadisəsi hesab edilmir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azarbaycan Respublikasi Qanununun 5-ci maddəsinin “ç” bəndinin xx.xx.2013-cü il tarixinədək qüvvədə olmuş redaksiyasina əsasən, sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sigorta ödənişləri verilir: ç) xidmati vəzifəsini yerinə yetirməsi ilə əlaqdar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən üç il muddətində əlillik təyin olunduqda: İ qrup — 80 faiz, İİ qrup — 60 faiz, İİİ qrup — 40 faiz. Qanunun istinad olunan maddəsinə əsasən, hazirki iş üzrə iddiaçıya əlilliyin təyin edilməsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmət müddətini başa vurduqdan sonra ehtiyata buraxılmışdır. Həmçinin, iddiaçi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ehtiyata buraxılmış olsaydı belə, yenə də hadisə sığorta hadisəsi hesab edilməyəcəkdi. Belə ki, iddiaçı xx.xx.2006-ci ildə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, hərbi xidmət dövründa alınmış xəstəliyə görə ona qanunla müəyyən olunmuş 3 il müddət ötürüldükdən sonra, yəni xx.xx.2017-ci ildə əlillik təyin edilmişdir, lakin qeyd olunan faktiki hallara əsasən, şəxsin əlilliyinin mövcud olması hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasi haqqında qanunvericiliyə əsasən, sığorta hadisəsi hesab edilmədiyindən, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə asas verir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olamadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə cavabdehin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı Şəki RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2005-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2006-cı ildə MN-nin 271 saylı, xx.xx.2006-cı il tarixli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 208 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Şəki RHK tərəfindən 2005-ci ildə hərbi xidmətə çağırmış, İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı və xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Düz bağırsağın İİ mərhələ sallanması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 108 saylı göndərişi, xx.xx.2016-cı il tarixli, 77 saylı arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2005-ci il tarixli çıxarış epikrizi, 4800 nömrəli xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), xəstəlik hərbi xidmət dövründə alınmışdır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, İddiaçı 2-ci qrup əlildir. Diaqnoz: “Düz bağırsağın prolapsı, düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Anus və düz bağırsaqdan qanaxma, sfinktorun zədələnməsi səbəbli nəcis və qaz saxlaya bilməmək. Qanaxma. Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, posthemorragik anemiya, ağır forma” Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar.

9. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 660 manat məbləğində pul "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 06 iyul 2022-ci il tarixli, 05/1469 saylı məktubda bildirilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı xx.xx.2006-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi xidmətdə olarkən almış olduğu xəstəliyə görə isə Qanunla müəyyən olunmuş müddət ötürüldükdən sonra, xx.xx.2017-ci ildə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən sığorta ödənişinin verilməsindən imtina olunur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Şəki RHK tərəfindən xidmətə yararlı sayılaraq xx.xx.2005-ci il tarixində hərbi xidmətə çağırılmış, xx.xx.2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, xx.xx.2017-ci ildə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, ona təyin olunmuş əlilliyinin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” kimi qeyd edilmişdir. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona ödənilməli olan birdəfəlik sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

13. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

14. Həmin Qanununun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) — 100 faiz; b) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman: - ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə — 5 faiz.

15. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

16. Eyni Qanunun 8.1.3-ci maddəsinə əsasən baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir.

17. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

18. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

19. Bundan əlavə məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə etiraz ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsaslıdır.

20. Belə ki, “İcbarı sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 14.2.3cü maddəsinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün hesab edilən hallardan biridir.

21. Göründüyü kimi, əlilliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta ödənişi vermək öhdəliyini yarada bilməsi üçün əlillik sığorta olunana xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxıldığı gündən 3 il müddətində təyin edilməlidir. Bu müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1-ci maddəsinin 1-ci hissəsinə əsasən sığorta hadisəsi hesab edilmədiyinə görə dolayısı ilə sığorta təminatına da daxil deyildir.

22. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar