Məhkəmə qərarları › İş №2(006)-4026/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4026/2022

12.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4026/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-nin Mərkəzi filialına qarşı (X1 üçüncü şəxs qismində cəlb edilməklə) «kredit müqaviləsi üzrə zaminliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nin Mərkəzi filialına qarşı (X1 üçüncü şəxs qismində cəlb edilməklə) «kredit müqaviləsi üzrə zaminliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4, 150.0.7-ci maddələrinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən məlumat iddia ərizəsində göstərilməli və bu barədə sənəd iddia ərizəsinə əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(011)-4105/2022 saylı qərardadı ilə İddiaçı «kredit müqaviləsi üzrə zaminliyə xitam verilməsi» tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər (qəbzlər) əlavə edilsə də, həmin qəbzlər sırasında olan ********* saylı qəbzə əsasən 70 manat məbləğində dövlət rüsumu xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, ********* saylı qəbzə əsasən isə 30 manat məbləğində dövlət rüsumu xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin balansına ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə bağlı hüquqi şəxsin filialına ("xxxx" ASC-nin Mərkəzi filialına) qarşı deyil, bilavasitə hüquqi şəxsə ("xxxx" ASC-yə) qarşı müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər...... Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-nin Mərkəzi filialına qarşı (X1 üçüncü şəxs qismində cəlb edilməklə) «kredit müqaviləsi üzrə zaminliyə xitam verilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar