Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-403/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmək haqqının ödənilməmiş hissəsinin hesablanması və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nazirlər Kabinetinin 74 saylı qərarını əsas tutaraq ödənilməmiş gecə vaxtına görə əmək haqqının ödənilməmiş hesablanaraq ona ödənilməsi, X11 Nazirlər Kabinetinin 74 saylı qərarının əlavə olunması və maddi ziyana görə 5000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, 2023-cü ilin sentyabr ayından 2024-cü il oktyabr ayına qədər ondan gecə işində ödənilməmiş saatların pulunun ödənilməyən hissəsinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiçı iddia ərizəsinin dəqiqləşdiirlməsi barədə ərizə verərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi” barədə İzahatın 4-cü bəndinin 2-ci abzası nəzərə alınmaqla, Nazirlər Kabinetinin 74 saylı xx.xx.2001ci il tarixli qərarının “Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməsi” hissəsində iddiaçıya şamil olunması və əmək haqqının həmin qərara uyğun olaraq hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 1-ci Qarabağ müharibəsi veteranıdır. "xxxx" QSC-də maşinist vəzifəsində işləyir. İşlədiyi iş ağır iş sayılır və 60 yaşında imtiyazlı pensiyaya çıxmaq istəyir. Əmək müqaviləsinə görə 2 (iki) növbəli iş rejimində işləyir. "xxxx" QSC-nin rəhbərliyi ilə X7 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər bağlanmış və artıq qüvvədən düşmüş X10 üzrə gecə vaxtına görə əmək haqqı 12 saat ödənilirdi. X13 Saziş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 aprel 2001-ci il tarxili Qərarı əsas götürülmüşdü. Həmin qərar: Ağır işdə işləyən fəhlə və qulluqçular üçün Azərbaycan Respublikasının yaradıcısı Ulu X3 1999-cu il 15 aprel tarixli 122№-li Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif maaşının 20 faizi çox növbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən olunsun. Bu işlə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Əmək müfəttişliyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2001-ci il tarixli 74 saylı qərarını əsas gətirdi. Lakin "xxxx" QSC tərəfindən müvafiq sənədlər təqdim etmədiklərinə görə ödənilməsi pul məbləğini araşdırmaq mümkün olmamasını bildirmişlər. Cavabdehin etirazı: İddiaçı ilə ADY arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı ADY-nin Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinə elektrovoz maşinisti vəzifəsinə qəbul edilmişdir, həftəlik iş normasının müddəti 36 saat, gündəlik işin müddəti isə 12 saat təşkil edir. Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli 74 saylı qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 %-i əlavə haqq ödənilməlidir. Həmçinin, ADY ilə X2 İttifaqı Respublika Komitəsi arasında 2023-2025-ci illər üçün bağlanmış yeni X9 gecə saatı ilə bağlı bəndlər qüvvədən düşdüyü üçün qanunvericiliyə uyğun olaraq iş növbəsinin saat 22:00-dan səhər 06:00-dək olan müddəti (8 saat) üçün əlavə haqq hesablanıb ödənilir. "xxxx" QSC-də əmək haqqının hesablanması proseduruna əsasən gecə növbəsinin müddəti 12 saatdır, qanunvericilik gecə vaxtı üçün hər saata görə əlavə 20% ödənilməsini tələb etsə belə ADY tərəfindən daha da artıq, yəni gecə vaxtına düşən işin hər saatına görə 40% əlavə haqq hesablanmış və iddiaçıya ödənilmişdir. Digər 4 saat isə gecə vaxtı anlayışına aid olmadığı üçün həmin saatlara görə əlavə ödəniş nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı ona 5000 manat maddi ziyan dəydiyini iddia etsə də, ziyanın nədə ifadə olunduğunu izah etməmiş, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə də iddia tamamilə əsassızdır. Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Odur ki, məhkəmədən iddianın rədd edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini, iddiaçının iddiasını təsdiq edəcək sübutların olmamasını, iddiaçıya əmək haqqının əmək qanunvericiliyinə uyğun şəkildə ödənildiyini, iddiaçının bununla bağlı heç vaxt heç bir etirazının olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətinə əsasən- İddiaçı elektrovoz maşinist vəzifəsinə təyin olunmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İki növbəli iş rejimi müəyyən edilmiş, birinci növbə iş saatları 08:00-dan 20:00-dək, ikinci növbə iş saatları 20:00-dan 08:00-dək müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən müraciətin araşdırılması məqsədi ilə “Azərbaycan Dəmir Yolları'' QSC nin ünvanına (Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230) 3-17-5/2-33669/2023 saylı xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və iddiaçıya aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim sdümosi tələb olunmuş, məktub işəgötürənə xx.xx.2023-cü il tarixində çatdırılmışdır. Məlumat üçün bildirilir ki, “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər - kabinetinin 05 aprel 2003-cü il tarixli 74 saylı Qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə -novbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməsi müəyyən edilmişdir. "xxxx" QSC-nın rəhbərliyi tərəfindən X8 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-17- 5/1-29209/2023 saylı cavab məktubunda "xxxx" QSC ilə Dəmiryolçuların Müstəqil -həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün bağlanmış və artıq qüvvədən düşmüş X12 üzrə gecə vaxtına görə əmək haqqına əlavə ödənişin 12 saatlıq növbədə bütün saatlar üçün nəzərdə tutulduğu qeyd edilmişdir. Həmin məktubda 2023-2025-cı illər üçün bağlanmış yeni X9 gecə saatı ilə bağlı bəndlər qüvvədən düşdüyü üçün qanunvericiliyə uyğun olaraq iş növbəsinin saat 22-dən 06-dək olan müddəti (8 saat) üçün əlavə haqq hesablanıb ödənildiyi qeyd olunmuş və bununla da əvvəlki aylarla müqayisədə işçilərin əmək haqqında müəyyən fərqlərin yaranmasına səbəb olduğu bildirilmişdir. "xxxx" QSC-nin rəhbərliyi tərəfindən müvafiq sənədlər təqdim olunmadığı üçün əmək haqqının hesablanması və ödənilməsi vəziyyətini araşdırmaq mümkün olmamışdır. Eyni zamanda, məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sistemindəki məlumatlara əsasən onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair bildirişinin qüvvədə olduğu müəyyən edilmişdir Bağlanılmış əmək müqaviləsinə əsasən iş qrafikinin 2 növbəli olduğu (birinci növbə saat 08:00 başlanır və saat 20:00 qurtarır, ikinci növbə saat 20:00 başlanır və saat 08:00 qurtarır) qeyd edilmişdir. Bildirilir ki, "xxxx" QSC tərəfindən onlara aid sənədlər təqdim olunacağı təqdirdə müraciətinə yenidən baxılaraq tərəfindən cavab veriləcəkdir. Müraciətində qeyd etdiyini məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01003 saylı arayışından görünür ki, xx.xx.2024cü il tarixə, saat 15:30-a təyin edilmiş mediasiya prosesində yalnız İddiaçı iştirak etmişdir. Həmçinin İddiaçı tərəfindən 60 manat İMS xərci ödənilmişdir. (mediator: F.Əliyev) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4061/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, mülki iş rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-9/2240/2025 nömrəli xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı məhkəməyə təqdim olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-403/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, mülki iş rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspertizanın aparılmasından imtina barədə məlumatı məhkəməyə daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. 97-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2-ci maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrıseçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi” barədə İzahatı: l. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.
2. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə haqq yuxarıda qeyd edilən həddə (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daha yüksək həddin müəyyən edildiyi hallar istisna olmaqla), digər müəssisə, idarə və təşkilatlarda isə kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulmaqla həmin həddən aşağı olmayaraq ödənilir. Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır.
4. Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: İddiaçı iddia tələbi Nazirlər Kabinetinin 74 saylı xx.xx.2001-ci il tarixli qərarında nəzərdə tutulmuş gecə növbəsindəki iş saatlarına görə əlavə 40 faiz əmək haqqı ödənişinin verilməsi ilə bağlı müddəanın ona şamil olunaraq 2023-cü ilin sentyabr ayından 2024-cü il oktyabr ayına qədər ondan gecə növbəsində ödənilməmiş saatların pulunun həmin qaydada hesablanmaqla ödənilməsi və 5000 manat maddi ziyanın ödənilməsi barədədir. İddiaçının istinad etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi” barədə İzahatda göstərilmişdir ki, iş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" QSC-də ikinövbəli iş rejimində işləməklə əmək müqaviləsində 36 saatlıq iş həftəsi üçün birinci növbə iş saatları 08:00-dan 20:00-dək, ikinci növbə iş saatları 20:00-dan 08:00-dək müəyyən olunmuşdur. İkinci növbənin 8 saatı (22:00–06:00) gecə vaxtına düşdüyünə görə, yəni növbənin yarıdan çoxu gecə vaxtı olduğuna görə bu növbə gecə növbəsi hesab edilməklə, iddiaçıya "xxxx" QSC tərəfindən 22:00-dan 06:00-dək olan müddət (8 saat) üçün 20% əlavə haqq ödənilir. İddiaçı isə bildirir ki, "xxxx" QSC-nin rəhbərliyi ilə X7 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər bağlanmış və artıq qüvvədən düşmüş X12 üzrə gecə vaxtına görə əmək haqqı 40 faiz əlavə ilə 12 saata görə (08:00-dan 20:00-dək) ödənilirdi. Ona görə də həmin qaydada hesablanmaqla hazırda ikinci növbədə işlədiyi saatlara görə 40% əlavə haqq tələb edir. İddiaçı müvafiq əlavəni iş rejiminin çoxnövbəli olmasına istinad etməklə tələb edir. Lakin qeyd edilməlidir ki, Nazirliyin izahatında çoxnövbəli iş rejimi anlayışına aydınlıq gətirilərək, göstərilmişdir ki, çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. Göründüyü kimi iş rejiminin çoxnövbəli hesab olunması üçün tələb olunan şərtlər aşağıdakılardır: fasiləsiz iş axını olan müəssisə olmalıdır, gün ərzində 2 və daha çox növbə təşkil olunmalıdır, növbə müddəti 8 saatdan çox olmamalıdır (həftəlik 40 saatlıq iş rejimində). İddiaçının iş rejiminin çoxnövbəli hesab olunması üçün göstərilən hər üç şərt birlikdə mövcud olmalıdır. Lakin üçüncü şərtin mövcudluğu hazırkı işdə müəyyən edilmir. Belə ki, iddiaçının həftəlik iş normasının müddəti 36 saat, gündəlik işin müddəti isə 12 saat təşkil edir. Beləliklə, iddiaçının növbəsi 36 saatlıq iş həftəsi üçün gündəlik 8 saatdan çox (12 saat) olduğuna və çoxnövbəli iş rejimi anlayışının təsir dairəsinə düşmədiyinə görə, 40% əlavə haqq tələbi əsaslı hesab oluna bilməz. Ona görə də həmin hissədə iddia rədd edilməlidir. İddianın maddi ziyanın ödənilməsi ilə bağlı hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, müvafiq ziyanın nədən ibarət olması iddiaçı tərəfindən əsaslandırılmamış və bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Ona görə həmin hissədə iddianın rədd edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmək haqqının ödənilməmiş hissəsinin hesablanması və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva