Məhkəmə qərarları › İş №2(006)-4054/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4054/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4054/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta vəsaitinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta vəsaitinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsi olaraq mülkiyyətində olan “Hyundai-Santafe” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsilə bağlı cavabdehə müraciət etmiş, xx.xx.2022-ci il tarixli məktubla cavabdeh heç bir mötəbər əsas olmadan sığorta ödənişindən imtina etmişdir. Həmçinin, hadisə zamanı iddiaçı xəsarət almış, bacısı X3 aldığı xəsarətdən vəfat etmişdir, lakin cavabdeh bu hissədə də sığorta vəsaitini ödəməmişdir. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinin nəticəsi olaraq iddiaçının mülkiyyətində olan “Hyundai-Santafe” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 9600 manat ziyanın ödənilməsi, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş iddiaçının bacısı X1 hüquqi varisi olaraq 5.000 manat sığorta ödənişinin, xx.xx.2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının aldığı ağır xəsarətlərin nəticəsi olaraq İddiaçı dəymiş 5.000 manat sığorta ödənişin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş, AD № 325791 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai-Santafe” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Kürdəmir-Zərdab yolunda baş vermiş hadisə nəticəsində şirkətdə icbari qaydada sığortalı olan “Hyundai-Santafe” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi həm də sığortalı İddiaçı ilə zərərçəkmiş şəxs eyni şəxs olduğuna görə “İcbari sığorta fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən Dövlət Sığorta Kommersiya Şirkətinin bu hadisə üzrə heç bir öhdəliyi yaranmamışdır. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmaqla, mülkiyyətçi tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, bir il müddətinə PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə Şirkət tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, xx.xx.2020-ci il tarixində Kürdəmir- Zərdab yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmış, “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə özü də daxil olmaqla, avtomobildə olan sərnişinlər - X3, X2 hadisə yerində ölmüş, avtomobildə olan digər sərnişin İddiaçı isə az ağır dərəcəli bədən xəsarəti almışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Göstərilən Qanunun 6.9-cu maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Eyni Qanunun 7-ci maddəsinə əsasən, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 53.3-cü maddəsinə görə, avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Göstərilən Qanunun 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Eyni Qanunun 54-cü maddəsinə əsasən, bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Məhkəmə qeyd edir ki, sığortalı İddiaçı bilavasitə öz mülkiyyətində olan, icbari qaydada sığortalanmış “HYUNDAİ SANTA FE MİNİK” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə üçüncü şəxslərin əmlakına və (və ya) sağlamlığına zərər vurulması faktı mövcud olmadığından, qeyd olunan hal sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Buna görə də, həm işin qeyd olunan halı, həm də hadisə üzrə sığortalının, yəni İddiaçı sağlamlığına zərər dəyməsi halı Qanunun 52.1-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi kimi nəzərdən keçirilmir. Həmçinin, iddiaçının bacısı - mərhumə X3 iddiaçıya münasibətdə, Qanunun 6.9-cu maddəsinə əsasən, ailə üzvü hesab edilmədiyindən, iddiaçı mərhumun sağlamlığına dəymiş zərərə görə faydalanan şəxs qismində sığorta ödənişi ala bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta vəsaitinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta vəsaitinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar